elgun seferov

“Qızlar ana bətnində olarkən ayrı-seçkiliyə məruz qalırlar” – MÜSAHİBƏ

Baxış sayı: 524

11 oktyabr Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Təəssüflər olsun ki, qız uşaqları ilə bağlı ölkəmizdə də problemlər mövcuddur. Bu gün ən böyük problem isə dünyaya gələn uşaqlar arasında cins nisbətinin pozulmasıdır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 çox olacaq. Qız uşaqlarının problemi və görülən işlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzvə Komitəsinin üzvü Elgün Səfərovla söhbətləşdik.

“Qızlar hər gün diskriminasiyaya məruz qalırlar”

– Elgün bəy, bəziləri qızlar gününün keçirilməsini kişilərə haqsızlıq hesab edir. Bu gün nə üçün var?
– Bu il qızlar gününün 10 illiyi qeyd edilir. Bu günün məqsədi diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər yaş mərhələsində malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilərlər. Təəssüf ki, dünyanın bir çox yerlərində qızlar hər gün diskriminasiyaya məruz qalırlar. Hazırda biz qızlarla bağlı bu problemi gördüyümüz üçün onunla mübarizə aparırıq. Burada kişilərə qarşı ayrı-seçkilik yoxdur.

– Cins nisbətinin pozulması ilə bağlı açıqlanan statistika çox acınacaqlıdır. Bizi bu siyahıda lider edən səbəb nədir?
– Azərbaycanda müstəqillik illərindən sonra patriarxal stereotiplər inkişaf etdi. Bu stereotiplərin inkişafı qız-oğlan nisbətinin pozulmasının əsasını qoydu. Məsələn, 1990-cı ildə Azərbaycan əhalisinin 51,7 faizi qadınlar idisə, 2022-ci ilin yanvar ayında bu rəqəm 50.1-dir. 1,6 faizin dəyişməsi 100 minlərlə əhalinin dəyişməsinə gətirib çıxardı. Bu, selektiv abortların nəticəsi idi. Bu gün Azərbaycan qızları hələ dünyaya gəlməmiş, ana bətnində ayrı-seçkiliyə məruz qalırlar. Ölkədə daha çox qadın cinsinə məxsus ikinci və növbəti uşaqların abort etdirilməsi müşahidə olunur. Bu da demoqrafik vəziyyətin dəyişməsinə, əhali artımının azalmasına gətirib çıxaracaq. Selektiv abortların qarşısının alınması ilə bağlı işlər görülür, ilbəil tədbirlər keçirilir. Sevindiricidir ki, son 3 ildə yanaşma dəyişib. Təhsil və qeyri-ənənəvi sahələrdə qadınların çoxalmasını müşahidə edirik. Arxitektura, şəhərsalma sahəsində, texniki peşələrdə qızların təhsili üçün müraciətlərin sayı çoxalıb.

“Bununla bağlı 1 dənə də olsun cinayət işi yoxdur”

– Maarifləndirmə var. Lakin bu rəqəmlər azalmaq əvəzinə artır. Mübarizə üçün hansı yol izlənməlidir?
– Selektiv abortlarla bağlı mütləq şəkildə xüsusi məsuliyyət növü müəyyənləşdirilməlidir. Məsələn, Cinayət Məcəlləsində olan müddəalar çərçivəsində maddəyə “selektiv abortların aradan qaldırılması ilə bağlı” cümləsi yerləşdirilməlidir. Selektiv aborta təhrik edən və bunu həyata keçirən cəzalandırılmalıdır. Beynəlxalq təcrübədə məsuliyyət müəyyənləşdirilib, hətta bunu edən şəxs azadlıqdan məhrum edilə bilir. Maarifləndirmə ilə yanaşı, burada xüsusi məsuliyyət növü olmalıdır. Səhiyyə müəssisəsində qadınla psixoloq söhbət aparmalı, selektiv aborta kimin təhrik etdiyi öyrənilməlidir. Beynəlxalq praktikada da, bizdə də uşaq birinci qız olanda, bəxti gətirir, 99 faizi həyatda qalır. İkinci uşaq qız olanda 30, üçüncüdə isə 74 faizi abort edilir. Biz maarifləndirmə ilə yanaşı, şəxsi cinayət məsuliyyətinə cəlb etməsək, problemi aradan qaldıra bilməyəcəyik. Bu təcrübəni uşaq nikahları ilə bağlı gördük. 2012-2020-ci illərdə uşaq nikahlarının sayı 10 dəfə azaldı. Çünki məsuliyyət növü müəyyənləşdi. Cinayət Məcəlləsinin 176–ci maddəsində 4000 manata qədər cərimə, 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Hansısa rayonda bir nəfər məsuliyyətə cəlb edildikdə, digərlərinə görk olur. Cəza metodu maarifləndirmə ilə bir yerdə olmalıdır ki, cins nisbətinin də pozulmasının qarşısını ala bilək.

– Axı Cinayət Məcəlləsində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməklə bağlı 154-cü maddə var. Nə üçün işləmir? 
– Bəli, var. Təəssüflər olsun ki, bu maddənin norması ilə bağlı 1 dənə də olsun cinayət işi yoxdur. Selektiv abortlarla bağlı statistika aparılmır. 154-cü maddə ilə bağlı tətbiqetmə yoxdur. Abortlarla bağlı da bir müddəa var, lakin gender komponenti o maddədə qeyd edilməyib. Ona görə də onunla bağlı sanksiyalar müəyyən edilmir. Bu gün selektiv abortların aradan qaldırılması ilə bağlı beynəlxalq ekspertlərlə, BMT-nin Əhali Fondu ilə birlikdə daha güclü maarifləndirmə işləri aparırıq. Lakin məsuliyyət növü tətbiq edilməlidir. Tətbiq edilməsə, biz istədiyimiz nəticəyə gələ bilməyəcəyik. Qız, oğlan uşağı fərqi olmamalıdır. Bu gün qızlarımız var ki, inkişaf etmiş ölkələrdə təhsil alır, işləyir. Onlar bizim səsimizdir. Bu ayrı-seçkiliklə cəmiyyət olaraq, mübarizə aparmalıyıq.

– Bəzən selektiv abortla abort qarışdırılır. Abort qadının hüququ deyilmi?
– Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Qadının seçimi qorunmalıdır. Əgər bu öz seçimidirsə və qanunvericiliklə müəyyən olunmuş dövrdə edilirsə, problem deyil. Cinsiyyət aborta göstəriş ola bilməz. Tibbi göstərişlər sırasında da cinsiyyətə görə aparılan abort qeyri-qanuni hesab olunur.

“Qızıma da, oğluma da boks əlcəkləri almışam”

– Elgün bəy, sizin də qızınız var. Atanın qız uşağının həyatındakı rolu nədən ibarətdir?
– Atanın ailədəki rolu uşağın psixoloji və fiziki sağlamlığı üçün çox önəmlidir. Bu gün ailələrdə səhv davranışlardan biri atanın övladı ilə ünsiyyəti ana vasitəsilə qurmasıdır. Ata körpəlikdən qızına oğlanla yanaşı bərabər imkanlar yaratmalıdır. Ata övladına dəstək olmalı, onunla vaxt keçirməlidir. Məsələn, ata ilə qızının ev tapşırığı etməsi uşağa mənəvi güc verir. İstər qız, istərsə də oğlan ata obrazını tanımalı, sevməlidir. Ata övladın nəzərində yalnız qaydaları müəyyənləşdirən, avtoritet rolunda olmamalıdır.

– Adətən insanlar düşünür ki, oğlanla ata, qızla ana məşğul olmalıdır?
– Bəli, bu stereotiplər var. Deyirlər ki, ata oğluna nümunədir, ana qızına. Bu düşüncə kökündən yanlışdır. Ata qızı üçün də nümunə olmalıdır. Ana ilə yanaşı, ata da uşağın həyatı, günü, dərsləri haqqında maraqlanmalıdır. Məsələn, bəzi atalar idman hərəkətlərini ancaq oğlu ilə edir, qızına yaraşdırmır, çünki zərif hesab edir. Xeyr, bu, belə olmalı deyil. Ata qızını da idmana təşviq etməlidir.

– Siz qızınızla bunu edirsiniz?
– Bəli, mən qızıma da, oğluma da boks əlcəkləri almışam. Hər ikisi mənimlə bərabər çalışırlar. Məsələ o deyil ki, uşaqlarımız peşəkar idmançı olsun. Məqsəd onun da qardaşı kimi bərabər imkanlara malik olmasını dərk etməsidir. İstər təhsildə, istər idmanda, istərsə də incəsənətdə oğlana göstərilən diqqət eynilə, qıza da verilməlidir. Uşaqların gələcəyini necə qurmasında təkcə məktəb, ətraf deyil, ailəsi də böyük rol oynayır. Valideynin ona inamı, psixoloji dəstəyi vacibdir.

 

Aygün ƏZİZ

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir