Ezize novruzlu

Nitq inkişafı uşağın doğulduğu gündən başlayır: Valideynlər nəyi bilməlidir?

Baxış sayı: 654

Nitq uşağın hərtərəfli inkişafını təmin edən əsas komponentlərdən biridir. O, yalnız sözləri düzgün tələffüz etmək və cümlə qurmaq bacarığı deyil, eyni zamanda düşünmə, anlama, öyrənmə, özünüifadə və sosial ünsiyyətin mühüm vasitəsidir. Nitq anadangəlmə və hazır şəkildə formalaşan qabiliyyət deyil. O, uşağın böyüməsi, ətraf mühitlə qarşılıqlı əlaqəsi və yaxınları ilə ünsiyyəti nəticəsində tədricən inkişaf edir.

 

Nitq nə zaman və necə başlayır?

Nitqin inkişafı uşağın dünyaya gəldiyi ilk gündən başlayır. Bu prosesdə ana ilə körpə arasında qurulan emosional bağ və ünsiyyət xüsusi əhəmiyyət daşıyır. Göz təması yaratmaq, körpə ilə danışmaq, onu əzizləmək, saçına sığal çəkmək, gülümsəmək, suallar vermək, duyğuları bölüşmək və birlikdə gülmək nitqin formalaşması üçün vacib təməl yaradır.

Uşaq ətrafında baş verənləri müşahidə edir, səsləri dinləyir, insanların mimika və jestlərini mənimsəyir. Ailə üzvlərinin hər biri onun inkişafına təsir göstərsə də, ilk ünsiyyət modeli, adətən, ana olur. Buna görə də körpə ilə doğulduğu gündən danışmaq, onun çıxardığı səslərə reaksiya vermək, gündəlik fəaliyyətləri sözlərlə müşayiət etmək olduqca vacibdir.

LOQOPED

Nitq aparatı necə fəaliyyət göstərir?

Nitq aparatı bir-biri ilə sıx əlaqədə olan mərkəzi-idarəedici və periferik-icraedici hissələrdən ibarətdir.

Mərkəzi nitq aparatı baş beyində yerləşir. Burada nitqin qavranılması, anlaşılması, planlaşdırılması və idarə olunması ilə əlaqəli proseslər həyata keçirilir.

Periferik nitq aparatına isə nəfəsalma, səs və artikulyasiya sistemləri daxildir. Nəfəsalma şöbəsinə ağciyərlər, bronxlar, traxeya və döş qəfəsi aiddir. Nitq əsasən nəfəsvermə zamanı yaranır. Səsin formalaşmasında qırtlaq və səs telləri, onun düzgün tələffüzündə isə dil, dodaqlar, ağız və burun boşluğu, damaq və dişlər mühüm rol oynayır.

Səsin özünəməxsus gücü, ucalığı və tembri olur. Bu xüsusiyyətlər nitqin eşidilməsinə, fərqləndirilməsinə və ifadəliliyinə təsir göstərir. Nitq aparatının bütün hissələrinin koordinasiyalı fəaliyyəti aydın və düzgün danışıq üçün vacibdir.

 

Telefon və televizor uşağın nitq inkişafına necə təsir edir?

Valideynlərin diqqətinə çatdırmaq istədiyim əsas məqamlardan biri uşaqların telefon, planşet və televizor qarşısında keçirdiyi vaxtdır. Xüsusilə erkən yaşlarda ekran qarşısında uzun müddət qalmaq uşağın canlı ünsiyyət, oyun və ətraf mühiti kəşf etmək imkanlarını azaldır.

Unutmayaq ki, nitq yalnız eşitməklə deyil, qarşılıqlı ünsiyyətlə inkişaf edir. Uşaq danışan şəxsin üz ifadəsini görməli, ona reaksiya verməli, sual verməli, cavab eşitməli və ünsiyyətdə fəal iştirak etməlidir. Ekran qarşısında passiv şəkildə vaxt keçirmək bu imkanları əvəz etmir.

Valideynlərə tövsiyəm odur ki, öz uşaqlıqlarını xatırlasınlar və övladları ilə daha çox oyun oynasınlar. Top oynamaq, konstruktor və lego yığmaq, parka getmək, şəkil çəkmək, nağıl oxumaq, müxtəlif oyunlar qurmaq uşağın həm nitq, həm də idrak inkişafına müsbət təsir göstərir. Hər yaş dövrünün özünəməxsus inkişaf xüsusiyyətləri və ehtiyacları var. Buna görə də uşağın yaşına uyğun inkişaf fəaliyyətlərinə cəlb olunması vacibdir.

Uşağın doğulduğu gündən onunla ünsiyyət qurmaq, ona şəxsiyyət kimi yanaşmaq, fikirlərinə və emosiyalarına diqqət yetirmək lazımdır. Unutmayaq ki, uşaq ailənin güzgüsüdür.

Bir anlıq düşünün: Sizi geyindirsələr, yedirtsələr, ətrafdakı əşyalara toxunmağa, sərbəst hərəkət etməyə, nəyisə araşdırmağa imkan verməsələr, saatlarla televizor qarşısında oturmağınızı istəsələr, inkişafınız necə olar? Uşağın da hər şeyi onun əvəzinə etmək, onu daim məhdudlaşdırmaq və passiv vəziyyətdə saxlamaq inkişaf imkanlarını məhdudlaşdırır. Uşaq öyrənmək üçün toxunmalı, araşdırmalı, sınamalı, oynamalı və ünsiyyət qurmalıdır.

 

Nitq yalnız sözlərdən ibarət deyil

Nitqi sadəcə söz ehtiyatı və danışmaq bacarığı kimi qiymətləndirmək düzgün deyil. Nitq uşağın bir çox inkişaf sahəsi ilə sıx bağlıdır. Buraya aşağıdakılar daxildir:

– Düşünmə və mühakimə yürütmə;

– Eşitdiyini anlama və qavrama;

– Özünüifadə və özünüidarəetmə;

– Öyrənmə və yeni biliklər mənimsəmə;

– Sosial münasibətlər qurma və ünsiyyət bacarıqları.

Nitq inkişafında gecikmə olduqda bu sahələrin bəzilərində də çətinliklər müşahidə oluna bilər. Uşaq istək və ehtiyaclarını sözlə ifadə edə bilmədikdə özünü başqa yollarla göstərməyə çalışır. Məsələn, qışqıra, ağlaya, aqressiv davranışlar sərgiləyə və ya ətrafındakılara vura bilər. Bu davranışlar bəzən uşağın ünsiyyət qurmaq və özünü ifadə etməkdə yaşadığı çətinliyin göstəricisi olur.

ezize N

Nitq pozuntularının korreksiyası isə hər zaman səbir və ardıcıl yanaşma tələb edən bir prosesdir. Problemin vaxtında müəyyənləşdirilməsi, uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınması və müvafiq mütəxəssis dəstəyinin göstərilməsi vacibdir. Nitq inkişafında gecikmə müşahidə edildikdə bunu sadəcə uşağın gec danışmağa başlaması ilə əlaqələndirib gözləmək əvəzinə, loqoped və digər müvafiq mütəxəssislərə müraciət etmək lazımdır.

Valideynlərə əsas tövsiyəm uşaqları ilə daha çox vaxt keçirmələri, onlarla danışmaları, oyunlar oynamaları və inkişaflarına fəal şəkildə dəstək olmalarıdır. Uşağın nitq inkişafı üçün ən vacib amillərdən biri sevgi dolu, ünsiyyətə açıq və stimullaşdırıcı ailə mühitidir.

 

Əzizə Novruzlu

Logo Plus PNİM-in psixopedaqoqu, loqopedi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir