R-S

Uzman ginekoloq Rəşad Sultan: “Bu seçimi etməzdən qabaq qarşıma çıxan hər qadından soruşurdum” – MÜSAHİBƏ

Baxış sayı: 10. 071

Gencaile.az saytının “Həkimim” rubrikasının budəfəki qonağı Ginekoloq  (Qadın xəstəlikləri və doğuş uzmanı) dr. Rəşad Sultandır.

Qısa arayış:

1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almışdır. 2004-2009-cu illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb  fakültəsinin mama ginekologiya kafedrasında uzmanlıq keçmişdir.

– Son dövrlər daha geniş yayılmış ginekoloji xəstəliklər hansılardır?

– Son zaman artan ginekoloji xəstəliklər cinsi yolla keçən xəstəliklər və bunların ağırlaşmalarıdır.

– Digər tərəfdən, diaqnostik metodların inkişafı sayəsində şiş xəstəliklərinin diaqnostikası artmışdır ki, bu da onların son zamanlar artdığı kimi subyektiv fikir yaradır.

– Qadınların klimakterik dövrə erkən keçməsinin səbəbi nədir?

– Klimaks yaşı daha çox orqanizmin fərdi və genetik xüsusiyyətlərindın asılıdır. Amma ətraf mühit faktorları, qidalanma, ekologiya və radiasiya da buna təsir göstərə bilir. Belə ki, inkişaf etmiş ölkələrdə orta klimaks yaşının daha çox olduğunu görürük.

Resad– Polikistoz nə dərəcədə qorxulu xəstəlikdir?

– Klassik Polikistoz 5%, buna bənzər əlamətlər 15 % qadınlarda rast gəlindiyinə görə buna heç xəstəlik kimi baxılmır. Xəstəliyin mahiyyəti ondan ibarətdir ki, bilmədiyimiz səbəblərdən orqanizmdə hormonal balans pozulmuş olduğuna görə yumurtahüceyrənin yetişməsi yarı yolda dayanır. Bu da nəticədə bir tərəfdən menstrual düzənsizliyə, digər tərəfdən də hamilə qala bilməməyə səbəb olur

– Bəs  hamiləlikdə tez-tez rast gəlinən problemlər hansılardır?

– Hamiləlikdə ən çox qarşımıza çıxan problemi bir sözlə ifadə etsək, bu, vaxtından qabaq doğuşdur. Çünki hamiləlik patologiyalarının çoxu və hətta hamiləliklə yanaşı gedən ekstragenital xəstəliklər bizi bu təhlükə ilə qarşı-qarşıya qoyur.

– İkincili sonsuzluqla bağlı nə deyə bilərsiniz? Bunun yaranma səbəbləri nələrdir?

– Qadın sonsuzluğunun səbəbləri: infeksiya, hormonal səbəblər, endometrioz, keçirilmiş əməliyyatlar.

– Bir az da keçək şəxsi fəaliyyətinizə. Neçə ildir ki, ginekoloq kimi fəaliyyət göstərirsiniz?

– 2004-2009cu illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin mama-ginekologiya kafedrasında assistent vəzifəsində ixtisas keçmişəm. 6 ildir ki, Bakıda işləyirəm. Yəni cəmi 11 il.

– Tibbin digər istiqamətləri də olduğu halda niyə məhz ginekologiyanı seçdiniz?

– Bir az təsadüfi və məcburi oldu. Tibb universitetini bitirib hərbi xidməti də başa vurduqdan sonra Türkiyədə ixtisas almağa qərar verdim. Bunun üçün imtahan vermək və təqdim olunan siyahıdan ixtisas seçmək lazım idi. Bu siyahı çox məhdud idi. Məndən əvvəl ixtisas almağa başlamış dostlarımın məsləhəti ilə İstanbuldakı klinikaları nəzərdən keçirdim ki, burda da üstünlük verdiyim cərrahi ixtisasların içində mənə maraqlı gələn ginekolgiya idi.

– Yəni açılan yerlərin məhdudiyyətindən birinci seçim olaraq ginekologiyanı yazdım və ilk seçimimi qazandım. Bu seçimi etməzdən qabaq qarşıma çıxan hər qadından soruşurdum : “sən kişi ginekoloqa müraciət edərsən?”

– Qərarı verərkən gələcəkdə ancaq ginekoloji əməliyyatlarla maraqlanacağımı zənn edirdim, amma işlədikcə, bu ixtisasın ən maraqlı və ən əsas hissəsinin doğuş olduğunu anladım.

– Bu peşəniz şəxsi həyatınızda problem yaratmayıb ki qisqanclıq zəmnində?

– Peşəmin şəxsi həyatıma heç bir dəxli ola bilməz. Bu mənim gündəlik işimdir. mənimçün ginekologiya tibb elminin ən maraqlı sahəsi, həkimlik sənətinin ən maraqlı qoludur.

Sultan– Hələ də cəmiyyətimizdə kişi ginekoloq fobiyası varmı? Fəaliyyətiniz dövründə bu problemlə nə qədər rastlaşmısınız?

– Əlbəttə, var. Bu gün qadınların 70-80%_i “ölərəm, amma kişi ginekoloqa getmərəm” düşüncəsindədirlər. Bu səbəbdən imkanlarımın sadəcə 20-30%_ini istifadə edə bilirəm.

– Sizcə burda kişi faktoru yoxsa utanma,həya hissi esas rol oynayır? Hə, bir də qısqanc həyat yoldaşları var…

– Utanma əsas faktordu. Həm də qeyria-iradi faktordur. Bir də məntiqsiz, hay-küyə düşüb qərar verən insanlar var, məsələn appendisit əməliyyatı üçün kişi cərrah, yumurtalıq əməliyyatı üçün qadın ginekoloq axtaranlar. Halbuki bu orqanlar eyni bölgədə yerləşir qarında.

 İllərdir mübahisələrə və müzakirələrə səbəb olmuş bir sual- Keysəriyyə yoxsa təbii doğuş?

– Belə bir sual yoxdur əslində. Durduğu yerdə appendisit əməliyyatı ola var? Yox. Ancaq göstəriş, səbəb olanda əməliyyat olunur. Qeysəriyyə də əməliyyatdır və bir səbəbi olmalıdır. Qalan hallarda normal doğuş. Qeysəriyyənin riskləri daha çoxdur.

– Qəbul etdiyiniz pasiyentlərin arasından ən çətin keçən  doğuş nə qədər cəkib?

– Doğuş əgər yolverilən müddətdən uzun çəkirsə, zatəm müdaxilə etmək zorundayıq. Bu doğuşun 1-ci dövründə olursa, çox vaxt qeysəriyyə əməliyyatı edirik. 2-ci dövrdə belə hallarda vakuum alətindən və ya maşalardan istifadə olunur. Çox olub belə hallar.

– Bəs son vaxtlar qadınların doğuşdan qorxmasının səbəbi nədir?

– Doğuş sistem işidir. Maariflənmədən psixoloji hazırlığa, pasientdən xəstə yaxınlarınadək bir çox insanın səbr etmə qabiliyyətindən asılıdır.

– Qeysəriyyə əməliyyatından sonra təbii doğuş mümkündürmü?

– Mümkündür, amma risklidir. Uşaqlığın yırtılma riski.

– Övlad sahibi ola bilməyən cütlüklər ilk olaraq nələrdən başlamalıdırlar? Sonsuzluq diaqnozunun qoyulması üçün nə qədər zaman keçməsi lazımdır?

– Bir il. Başqa heç bir şikayət yoxdursa, bir il qorunmasız müntəzəm cinsi əlaqəyə baxmayaraq hamilə qalınmırsa həkimə müraciət etmək lazımdır.  İlk analiz: spermioqram, qadının hormon profili, uşaqlıq borularının keçiriciliyinin rentgen müayinə ilə yoxlanması.

– Pasiyentləriniz arasında hələ də  mənim oğlumun heç nəyi yoxdur deyib bütün problemi gəlində görən qaynanalarla rastlaşırsınız?

– İndi belə  hallara demək olar ki, rast gəlinmir, problem gəlində olanda belə mehribancasına əlindən tutub həkimə gətirən qaynanalar daha çoxdur.

– Son olaraq  musahibəmizi oxuyan xanım oxucularımıza hansı mesajı çatdırmaq istəyərsiniz?

– Bizim cəmiyyətin əsas problemi məntiqsizlik və yaxşını pisdən ayıra bilməməkdir. Tövsiyəm: uşaqlara Molla Nəsrəddin və Bəhlul Danəndənin lətifələrini öyrətsinlər, özləri də Cəlil Məmmədquluzadənin hekayələrini və Sabirin şeirlərini oxusunlar.  Bir az tibbdən uzaq oldu.

Tibbi məsləhətlər: istənməyən hamiləliklərdən qorunmaq lazımdır. lazımsız dərman və analizlərə aludə olmasınlar. Həkimlərini diqqətlə seçsinlər. İllərlə bizdə yaxşı həkim yaxşı əməliyyat edən həkimə deyiblər. Amma heç soruşan olmayıb, bu əməliyyatı etmək ümumiyyətlə lazım idi?

Yaxşı həkimin kriteriyaları: 1. Vicdan. 2. Güclü nəzəri bilik. 3. Sanballı bir yerdə ixtisas keçmiş olmaq. Mümkünsə xaricdə. Çünki bizdə tibbdə ixtisas təhsili sıfırdır, rezidentura sistemi yeni yaradılıb və bazası yoxdur.

Söhbətləşdi: Səbinə Məmmədova

Resad Sultan

R S