“Gencaile.az” saytı “Oxu.Az”-a istinadən psixoloq Fərqanə Mehmanqızı ilə müsahibəni təqdim edir:
– Bu gün ölkədə qadın kişi münasibətləri ilə bağlı balansın, gender bərabərliyinin pozulması müşahidə edilir. Bəzən bu barədə sosial şəbəkələrdə sarkazm dolu paylaşımlar da edilir.
– Bu gün gender bərabərliyi ilə bağlı gərgin mübarizə gedir. Amma gender bərabərliyinin əslində nə olduğunu düzgün anlamaq lazımdır. Vəzifədə, işdə bu bərabərlik qorunmalıdır. Məsələn, deputatlara baxsaq, onların təxminən 30 faizi qadın, qalanları kişilərdir. Ya da elə nazirlərimizə baxaq. Niyə bizdə nazir postlarında qadınlar yoxdur? Yaxın keçmişə nəzər salsaq, sovet dövründə bizim nə qədər qadın deputat, vəzifəli xanımımız olub. Amma bu gün bu sektorlarda qadınların sayı azdır. Cəmiyyət olaraq qadınları müəllimliyə, həkimliyə, maksimum QHT sədrliyinə layiq bilirik. Niyə bizdə icra başçıları arasında qadınlar yoxdur? Bir nəfər var idi, o da işdən azad edilib. Gender bərabərliyi dedikdə bu məqamlar nəzərə alınmalıdır.
Müəllimlər arasında qadınların çoxluğu da gender bərabərliyini pozan amillərdəndir. Bu yaxınlarda İspaniyada baş nazir istefa verdi ki, qadınlarla bəylərin sayında balans pozulmasın. Niyə bizdə polis şöbə rəisi qadınlar yoxdur? Bunlar çox önəmli faktorlardır. Gender bərabərliyi deyəndə “qadın kişi kimi söyüş söyə bilərmi?” sualı deyil, ailədə qadın və kişi hüquqları qanunla, hüquqi müstəvidə olduğu kimi bərabər olması nəzərdə tutulmalıdır.
Qadın azadlığı qadının gecə saat 12-də, 3-də evə gəlmək, açıq-saçıq geyimlər geyinmək deyil, saçını istədiyin rəngə boyamaq, hər istədiyin adamla birlikdə olmaq demək deyil. Qadın azadlığı istədiyin təhsili almaq, fikrini sərbəst ifadə edə bilmək, istədiyin vəzifəyə qədər yüksəlməkdir. Təəssüf ki, bu gün qadınlar ilk növbədə cəmiyyət tərəfindən əzilir. Ya deyirlər “sənin atan, qardaşın yoxdurmu?”, sonra “sənin yiyən yoxdurmu?” ifadəsinin işlənməsi sanki onu mal, heyvana bənzədən baxış olur. Qadına azadlıq istəniləndə buradan başlamaq lazımdır. Hətta deyərdim ki, bəzən qadınlar özü də həmcinslərinə qarşı psixoloji təsir edirlər. Məsələn, filankəs boşanıbsa, yiyəsi yoxdur. Cəmiyyətdə bir yanaşma var ki, qadın ərə gedib boşanıbsa, ya da ərə getməyibsə, el dili ilə desək “evdə qalıbsa”, deməli o qadınlar nə istədi edir. Sanki onun öz prinsipləri, öz bədəninə, düşüncəsinə qoyduğu qaydalar yoxmuş kimi psixoloji təzyiqlər olur.
– Bəs ikili münasibətdə mentalitet qaydalarına əsaslanmaq doğrudurmu?
– Mən deyərdim ki, milli mənəvi dəyərləri olmayan millət millət ola bilməz, inkişaf edə bilməz. Mentalitet çox gözəldir. Sadəcə insanlar mentaliteti çox cılızlaşdırıblar. Deyərdim ki, mentaliteti bu gün mini ətək geyinməklə, gecə istədikləri saatda evə gəlmək səviyyəsinə qədər cılızlaşdırıblar. Bir dəfə efirə gedən verilişlərdən birində 14 yaşlı qız ana və atasının mentalitetə qarşı çıxdığını dedi. Mən o qızdan mentalitet deyərkən nəyi nəzərdə tutduğunu soruşdum. Cavab olaraq dedi ki, “anam icazə vermir ki, mən mini yubka geyinim”. Siz uşağın düşüncəsinin bu cür formalaşmasına səbəb olan amilləri düşünün. Bizim mentalitetdə, sözün əsl mənasında milli mənəvi dəyərlərimizdə qadına yüksək qiymət verilir. Bizim mentalitetdə qadınlarımız kişilərlə çiyin-çiyinə döyüşlərə gediblər. Hər zaman qadınlarımız özünü güclü bilib, geyiminin altında xəncər saxlayıb, özü-özünü müdafiə edə biliblər.
Biz öz mənəvi dəyərlərimizi Amerika ilə müqayisə edə bilmərik. Bəli, iqtisadi cəhətdən müqayisə edin. Amma biz türkük, milli dəyərlərimiz yüksəkdir.
– Tarix boyu ailədə, cəmiyyətdə qadınların üzərinə düşən vəzifələr hər zaman çətin və məsuliyyətli olub. Necə deyərlər “yuvanı dişi quş qurar”. Bizim cəmiyyətdə xanımlar sağlam ailənin təməlini qoya bilirmi?
– Çox doğru yanaşmadır, ailəni qadın qurur. Amma bu gün cəmiyyətdə elə kişilər var ki, onları ailə dəyərlərini bilməyən qadınlar tərbiyə ediblər. Bir qadına hörmət etməyi bacarmayan həmin kişilərin şəxsiyyət pozuntuları var. Qadınlar şəxsiyyət olaraq formalaşmayan kişi ilə normal yuva qura bilməzlər. Bu da önəmli məsələdir.
– Belə bir misal da var ki, “qadın yıxan evi fələk də tikə bilməz”. Bir xanım olaraq bu fikrə münasibətinizi bilmək maraqlı olardı.
– Doğrudur, qadın böyük qüvvədir. Qadın istər ailədə, istərsə də münasibətlərdə güclü tərəfdir. Qadının idarə edə bilməyəcəyi heç nə yoxdur. Sadəcə olaraq gərək sağlam düşüncəli, təfəkkürlü olsun. Psixoloji cəhətdən sağlam olan qadın kişini daim yüksəldir. Kişiləri böyüdən qadınların psixologiyası qaydasında olduğu müddətdə cəmiyyətdə sağlam insanların sayı artacaq. Hər bir uğurlu kişinin arxasında bir qadın – anası, bacısı, həyat yoldaşı, xanımı mütləq olur.
– Hərdən deyirlər ki, xanımlar ailənin bütün yükünü bəylərin üzərinə atmaqla onlara haqsızlıq edirlər. İndi bu xanımlar haqsızlıq edir, ya haqqına danışır?
– Kişilər dünya yaranandan ovçu olublar. Kişilər ova gedib, qənimət gətiriblər. Qadınlar isə o qənimətin düzgün istifadəsini tənzimləyiblər. Əgər kişi qəniməti evə doğru-düzgün gətirsə, qadın da səmərəli şəkildə istifadə etməyi bacarsa, bu kimi izdivaclarda heç bir problem yaranmaz. Tam tərsinə bu izdivac güclü olar. Ümumiyyətlə dində də qadınların işləməsi tövsiyə edilmir. Amma xahiş edirəm ki, oxucular fikrimi düzgün başa düşsün. “Qadınlar işləməz” deyəndə maddi durumun yaxşılaşdırılması üçün gün ərzində saat 9-dan 6-ya zülm, əziyyət çəkməz mənasında deyilir.
Ailə kiçik dövlətdir və qadın bu dövləti idarə edir. Bir başqa tərəfdən qadın maddi cəhətdən ehtiyac olduğu üçün işləməz. Qadın işləyər, sərbəstdir seçimində. Cəmiyyətə faydalı olmaq naminə, sənətinə, oxuduğu peşəsinə görə işləyər. Amma ailə yükünü çiyinlərinə almaq üçün işləmək məcburiyyətində qalmamalıdır. Oxuculardan fikrimi düzgün başa düşmələri üçün izah verirəm ki, yanlış anlaşılmasın.
Bu gün kapitalizm onu göstərir ki, ailədə qadın və kişi birgə işləyərək ailə büdcəsini formalaşdırır. Çox maraqlıdır ki, qadın da kişi kimi saat 9-dan 6-ya qədər işləyir və evə gəldikdən sonra da ev işləri ilə məşğul olur. Kişi isə evdə divanda uzanaraq istirahətə çəkilir. Belə baxanda qadın həm çölün, həm də evin işini görmüş olduğu üçün daha çox işləyən tərəf kimi qiymətləndirilə bilər.
– El məsəli də var ki, “arvadı əri saxlayar, pendiri dəri”…
– Həqiqətən də hər bir qadın öz həyat yoldaşının vizit kartıdır. Kişi cəmiyyətdə hər zaman xanımı ilə seçilir. Toyda, bayramda, ailə içində hər zaman xanımların gözəlliyinə, geyim-keciminə baxıb deyirlər ki, “həyat yoldaşı necə gözəl baxır”. O baxımdan düşünürəm ki, yerində işlədilən misallardan biridir.
– Ümumbəşəri bəla olan xəyanət barədə bütün psixoloqların fikirləri var. Lakin sizin bu mövzunu əsaslandıran fikirləriniz cəmiyyətdə kifayət qədər maraq yaradıb. Bir qadın ərinə, bir ər isə öz qadınına nə üçün xəyanət edir?
– Universitetdə müəllimlərimiz deyirdi ki, xəyanət, din və siyasət haqqında müzakirələrə girişməyin. Bu üç mövzuda söhbət bitmək bilmir. Xəyanət nəticədir, ona gətirən səbəb isə müxtəlifdir. İnsanlar var ki, xəyanətkar ruhludur, insanlardan tez bezir. Adam var ki, istər qadın, istər kişi sevgi, qayğı, diqqət görmür və xəyanət etməyə haqq qazandırır. İnsan da var ki, öz ruh əkizini tapdığı üçün birlikdə olur. Amma bu sadalananların və sadalamadığım heç bir səbəb xəyanətə bəraət qazandıra bilməz. İnsan tək sevgi münasibətində deyil, dostluqda, ailə münasibətlərində də xəyanət edir. İnsan var ki, hətta özü-özünə də xəyanət edir. Xəyanət edən insan ilk özünü aldadır, bu, birmənalı olaraq belədir.
İnsan gərək özünə, öz prinsiplərinə sadiq qalsın. Özünə sadiq olmayan insan ətrafa da sadiq ola bilməz.
– Sizə müraciət edənlər arasında xəyanətkarların çoxu qadınlardır, yoxsa kişilər?
– Pasiyentlərimin çoxu ərlərinin onlara xəyanət etdiyini deyir. Əksər hallarda da bunu telefon yazışmalarında aşkar edirlər.
– Necə düşünürsünüz, bu gün ailəni qadınlar saxlayır, yoxsa kişilər?
– Burada maddi və mənəvi amillər var. Bu gün boşanmaların sayının artması da bu problemlə bağlıdır. Alın tərləri ilə pul qazanan kişilər mənimlə razılaşmaya bilər. Bu cür qayğı çəkən kişilərin həyat yoldaşları da onları başa düşməlidir.
Çünki, bir çox ailələrdə maddi yük qadınların çiyinlərinə düşür. Odur ki, ailənin maddi yükünü çəkən kişilərin qədrini bilmək lazımdır. Maddi cəhətdən bu gün ailələrin çoxunu qadın saxlayır desək, yerinə düşər. Ailəsini maddi cəhətdən dolandıran kişilər bu fikrə etiraz edə bilər, çünki onlar belə fikri qəbul edə bilmir. Amma acı reallıq budur.
– Bu günə sizə edilən müraciətlər arasında ən maraqlı və ya dəhşətli fakt hansı olub?
– Psixoloqlar o qədər həyat hekayəsi dinləyir ki, bizim üçün artıq dəhşətli, təəccüblü gələn heç nə yoxdur. Əvvəllər ailə daxili münaqişələrdə dəhşətli problemlər olurdu. Adətən cinsi təcavüzlər, cinsi təcavüzə meyilliliklə bağlı məsələlər təhlükəli olur.
– Heç özünüz psixoloqa müraciət etmisinizmi?
– Bilirsiniz ki, ətrafımızda həmkarlarımız çox olduğu üçün, heç bu barədə düşünməmişəm. Daim rəfiqələrimlə, həmkarlarımla həmsöhbət olduğum üçün məncə, bu, konsultasiya effekti verir (gülür). Rəfiqələrimin çoxu psixoloqdur. Onlarla söhbət psixoloqa getmək sayılırsa, hə, sayılmırsa yox getməmişəm (gülür).
– Sizə müraciət edən pasiyentlərin şəxsi işləri, həyat hekayələri sizdə hansı şəkildə saxlanılır? Pasiyentlərin gizliliyi, hüquqlarının müdafiəsi çox önəmlidir.
– Müxtəlif cür saxlanıla bilər. Məndə kağız üzərində, yaddaş kartlarında və kompüterdə saxlanılır. Bunlar seyfdə xüsusi qovluqlarda saxlanılır. Odur ki, təhlükəsizlik və pasiyentlərin hüquqları tam şəkildə qorunur. Ümumiyyətlə bu məlumatlar xüsusi kodlaşma ilə yazıldığı üçün onu heç kim başa düşə bilməz. Maksimum pasiyentin adı və yaşını başa düşə bilərlər. Seansın kodlaşmasını isə yalnız yazan psixoloq başa düşə bilər.
– Heç olub ki, hansısa pasiyentinizə görə sizə təhdid etsinlər?
– Bəli, olub. Vəzifədə olan tanınmış şəxslərdən biri pasiyentim olub. Pasiyentimin həyat yoldaşı məni təhdid edib ki, yoldaşıma de ki, mən necə istəyirəmsə, elə etsin. Bu dəfələrlə olub.
– Heç olub ki, xanımlar həyat yoldaşlarını sizə müraciət etdikləri üçün qısqansınlar?
– Bu məqam da olub. Təəssüf ki, həyat yoldaşı mənə müraciət etdiyi üçün qısqanclıq edən qadınlar olub.
– Qadınlar kişilərdən və əksinə kişilər qadınlardan nə istəyir?
– Təbii ki, mənəvi və maddi dəstək. İlk növbədə mənəvi dəstək olmalıdır. İnanın ki, qadın özünə ətir, bahalı geyimlər ala bilir. Amma bunun kişilər tərəfindən onlar üçün edilməsi çox xoş təəssürat yaradır. Bu, bir ruh halıdır. El dili ilə desək, cəmiyyətdə tutduğu mövqe, pul kişinin güc mənbəyidir. Mənəvi dəstək, incə rəftar qadın üçün motivasiyadır. Əbəs yerə demirlər ki, qadın qulağı ilə sevir. Kişidən eşitdiyi hər bir xoş söz qadının cavan qalmağına, özünə baxmağına dəstək olur. Qadın həyat yoldaşı ilə bu münasibət çərçivəsində ona qarşı da eyni cür qayğıkeş davranır. Ümumiyyətlə kişilərin ilk tanıdığı qadın obrazı analar olduğu üçün analarına bənzər xanımları daha başqa cür, dərin hisslərlə sevirlər.
Anası kimi diqqət, qayğı göstərən qadınları da daha çox bəyənirlər. Kişilər uşaq kimidir, daim sığal, qayğı istəyirlər. Biz qadınlar da ata qayğısı kimi yanaşan kişi istəyirik. Bax bu cəhətlərə diqqət edilməsi önəmlidir.
– Vəzifəli şəxslərdən, tanınmışlardan, müğənnilərdən, aktyorlardan, elə psixoloqların özlərindən belə sizə müraciət edənlər varmı?
– Bəli, olub. Siyasi sferada tanınan şəxslər, vəzifəli insanlar, eləcə də sizin həmkarlarınız arasından da mənə müraciət edənlər olub. Hətta bəziləri ilə seanslarımız davam edir.