Vaksinasiya hesabına insanların yalnız müəyyən qismində COVID-19-a qarşı immunitetin yaradılması planlaşdırılır.
Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu isə o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb: “Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər”.
Vaksinasiyanın istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol olduğunu nəzərə çatdıran A.Qurbanov bildirib ki, COVID-19-a qarşı olan vaksinlərin tərkibində öldürülmüş və ya zəiflədilmiş COVID-19 virusu var. Vaksin vurulduqdan sonra orqanizmdə virusa qarşı qoruyucu müdafiə immuniteti – antitel və ya anticisimlər yaranır. Bu antitellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirir və insanları virusdan qoruyur.
A.Qurbanov qeyd edib ki, hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq.
O deyib ki, COVID-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsalar da, onu yüngül keçirəcəklər.
TƏBİB rəsmisi istifadə edilən vaksinlərin minimal yan təsirlərə malik olduğunu da söyləyib.