Varikoz xəstəliyi çox yayılmış pozulmadır. Əksər hallarda bu xəstəlik qadınlarda inkişaf edir.
Varikozun inkişafının qarşısını almaq və ya qadında artıq varikoz varsa – inkişafını ləngitmək üçün fleboloqlar (damar xəstəliklərinin müalicəsində ixtisaslaşmış həkimlər) bu kimi məsləhətlər verir:
1. Artıq çəki yığmayın. Artıq çəki aşağı ətrafların damarlarını yükləyir ki, nəticədə damarlarda pozulmalar inkişaf edir.
2. Hərəkətli olun – tez-tez piyada gəzin, idmanla, bədən tərbiyəsi ilə məşğul olun. Hərəkət zamanı qan dövranı yaxşılaşır. Hərəkət orqanizmdə və o cümlədən damarlarda durğunluq proseslərinin qarşısını alır. Üzgüçülük damarların sevimli idman növüdür.
Oturaq həyat tərzi varikozun əsas risk faktorlarından biri sayılır.
3. Ayaqlarınızı travmalardan qoruyun.
4. İsti hamam, sauna, “zaqar”la süi-istifadə etməyin.
5. Ağır əşyaları qaldırmayın və daşımayın.
6. Dar geyimləri (dar cins, uzunboğaz dar çəkmələr, dar rezinləri olan qolfilər, corablar və s.) geyinməyin. Bu aşağı ətraflarda qan dövranının pozulmasına səbəb olur.
7. Hündürdaban ayaqqabı (5 sm-dən hündür) geyinməyin və ya yalnız nadir hallarda (qonaqlıq, toy və s.) geyinin. Lakin tam yerdən olan ayaqqabıları da geyinməyin – dabanın hündürlüyü 3-4 sm olmalıdır.
8. Qəbizlikdən əziyyət çəkirsinizsə, bu pozulma ilə mütləq mübarizə aparın – kifayət qədər çiy meyvə-tərəvəz, sıyıqlar yeyin və s.
9. Kifayət qədər maye qəbul edin. Mayenin az miqdarda qəbulu orqanizmin susuzlaşmasına səbəb olur. Bu qanın qatılılığını artırır. Nəticədə damarlar artıq yüklənir və bu da onlarda pozulmalara gətirib çıxarda bilər.
10. Varikozun əsas risk faktoru hamiləlik sayılır. Hamiləlikdən əvvəl və hamiləlik zamanı mütləq fleboloqun müayinəsindən keçin. Lazım olduqda həkim sizə xüsusi kolqotları və ya corabları təyin edəcək.