Çağalıq dövrünün refleksləri alınmırsa – Valideynlərin nəzərinə

Baxış sayı: 1. 327

Körpələrdə doğulan andan əmmə, ağzı ilə axtarma, tutma kimi şərti reflekslər qeyd olunur. Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Mütəxəssislər bildirirlər ki, belə halda mütləq həkimə müraciət olunmalıdır.

Pediatr Aygül Həmidovanın sözlərinə görə, inkişaf prosesində bütün uşaqlar eyni yolu, lakin fərqli keçir. Belə ki, sağlam uşaqların əksəriyyəti qaçmazdan əvvəl gəzməyə, gəzməzdən əvvəl iməkləməyə, iməkləməzdən əvvəl isə bədənini müəyyən qədər dəstək ilə qaldırmağa müvəffəq olurlar. Lakin bu proses bir uşaqda tez, digərində gec, birində sürətli, o birində isə bir az ləng gedir. “Uşaqlar gec iməkləməyə, gəzməyə başlayanda, ləng hərəkətlər edəndə də valideynlər narahat olmağa başlayırlar. Bu səbəbdən də valideynlər çağanın inkişafının gedişatını bilməlidirlər. Valideynin bu haqda məlumatlı olması uşaqlarını daha yaxşı izləməyə imkan verir”.

A.Həmidova bildirir ki, yeni doğulmuş uşaqların müəyyən refleksləri olur: “Uşağın sağlamlığı üçün bu refleksləri dəqiq izləmək, bir-birini əvəzləmə qaydasını və keçidlərini dəqiq bilmək lazımdır” deyə müsahibimizə görə, çağalarda əmmə, Moro, Tonik, sense və s. kimi reflekslər var. Əmmə refleksi çağalarda anadan olandan 1 yaşın sonuna qədər davam edir. Psixoloji olaraq uşaqlar həmin vaxt oral mərhələdə olduqlarına görə əmmə refleksini açıq-aydın görmək mümkündür. Xüsusilə də 6-cı ayına qədər əmmə refleksi çox aktiv olur. Hətta körpənin yanağına, dodaqlarının kənarlarına toxunduqca o gülümsəyir və yaxud da dodaqlarını tərpədir. Moro refleksi isə körpə anadan olandan 3 ayına kimi davam edir. Çağa qəfil eşitdiyi səsə qarşı ilk reaksiya olaraq yerini qəfil dəyişib həmin səsə tərəf yönəlir. Kiminsə sərt toxunuşuna cavab reaksiyası olaraq bədənini və başını arxaya dartır. Hətta körpə bu zaman qorxduğu üçün ağlamağa başlayır.

Körpədə 3 ayından 6 ayınadək isə Tonik refleksi davam edir. Pediatr bildirir ki, bu refleksə boyun refleksi də deyirlər. Uşaq beli üstdə yatanda üzünü başqa tərəfə çevirmək istədikdə, bu zaman əvvəl üzünün arxa tərəfində qalan əlini tam açıq şəkildə, digər əlini isə dirsəkdən bükülmüş formada olmaqla dartınır. “Fikir versəniz, bu hərəkət gərnəşməyi xatırladır. Bu qeyd edilən müddət ərzində çox rast gəlinir”.

Onun dediyinə görə, sense refleksi isə uşağın özünü qoruma hissi ilə bağlıdır: “Müşahidə etmisinizsə, uşağın ovcunun içinə toxunanda o, avtomatik olaraq barmağınızı möhkəm tutur. Bu zaman onun əlinin, yaxud ayağının üstünə toxunsanız, o, barmağınızı buraxar, qol və ayaqlarını özünə tərəf dartaraq yenidən barmağınızı tutar. Uşaqlarda dayaq refleksi də olur. Bu refleksi yoxlamaq üçün uşağın qoltuğunun altından tutmaq və şəhadət barmağı ilə uşağın başını saxlamaq lazımdır. Bu zaman uşağın əsas ağırlığı sizin əllərinizə düşməlidir. Uşaq bu vəziyyətdə ayaqlarını bükür. Onun ayaqlarını möhkəm yerə toxunduranda isə o, pəncəsini bütünlüklə yerə basır. Uşaq bu zaman yarı bükülmüş ayaqları ilə belini düzləşdirib dayanır. Gəzmə refleksini yoxlamaq üçün uşağı bir qədər qabağa əyib yerə qoyursan. Uşaq addımlamağa başlayır. Lakin bu vaxt əlləri ilə ayaqlarının hərəkətlərini təkrarlamır. Bu zaman diqqətli olmaq, uşağın başını tutmaq lazımdır. Həm də fikir verin ki, uşağın əsas çəkisi əllərinizə düşsün”.

Müsahibimiz qeyd edir ki, iməkləmə refleksini yoxlamaq üçün uşağı qarnı üstə uzatmaq lazımdır. Bu vəziyyətdə uzanan uşaq bir neçə saniyəlik başını qaldırır və iməkləmə, sürünmə hərəkətləri etməyə başlayır. Əgər uşağın ayağının altına əlinizin iç tərəfini söykəsəniz, onda uşaq ayaqları ilə itələnərək daha sürətlə iməkləməyə başlayacaq. Onun əlləri də hərəkətə keçəcək. Bu refleks uşağın 4 ayına qədər davam edir.

Sadalanan reflekslər zaman keçdikcə yox olur. Mütəxəssis valideynləri diqqətli olmağa çağırır. Onun sözlərinə görə, əgər bu reflekslər digər reflekslə paralel davam edirsə, bu, gələcəkdə uşaqda həm fizioloji, həm də psixoloji ləngiməyə səbəb ola bilər: “Valideyn özü də körpədə bu reflekslərin vaxtında bir-biri ilə əvəzlənməsini tezləşdirə bilər. Bunun üçün bəzi idman hərəkətləri yerinə yetirməyiniz kifayətdir. Ən əsası unutmayaq ki, uşağı yedirtmək və yatırmaq onun inkişaf etməsi demək deyil. Uşağın inkişafında problemlər varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir