ev

Xəyalınızdakı evi yaratmaq üçün 5 tövsiyə

Baxış sayı: 1. 492

Bir neçə il sonra xəyalınızdakı evdə yaşamaq istəyirsinizsə, “Gencaile.az”-ın sizin üçün 5 məsləhəti var. İndidən edə biləcəyiniz dekorasiya seçimləri ilə xəyalınızdakı evə bir addım daha yaxınsınız.

Hamımızın xəyallarında mütləq bir ev obrazı var. Bəzilərimiz böyük, çox otaqlı və çox mərtəbəli evlərdə yaşamağı xəyal edirik. Digərlərimiz isə kiçik, amma diqqət çəkici bir evdə yaşamaq arzusundayıq. Xəyallarımızdakı evə qovuşmaq bəzən uzun müddət tələb edə bilər. 5-6 il, bəlkə də daha çox. Vacib olan məqam isə o evə qovuşanadək həyatınızı davam etdirdiyiniz evlərin də sevdiyiniz kimi olmasıdır. Üstəlik indi vaxtımızı keçirdiyimiz evlərimiz üçün alacağımız mebellər, ya da etdiyimiz düzəlişlər xəyalımızdakı evimiz üçün bir növ investisiyadır. Verəcəyimiz məsləhətlər ilə xəyalınızdakı evə qovuşmaq artıq daha asan olacaq. Gəlin birlikdə bu 5 məqama nəzər salaq.

1. Evinizə xarakter qatacaq detallardan istifadə edin. Xəyalınızdakı evə qovuşmaq üçün dekorasiya alış-verişi edərkən evinizə xarakter qatacaq nüanslar əldə etməlisiniz. Mümkün olduğu qədər sənət əsərlərini əldə etməyə çalışın. Bu gələcəkdəki eviniz üçün gözəl bir seçim olacaq. Bu əvvəl sizə bahalı gələ bilər, ancaq əsla köhnəlməyəcək və evinizə xüsusilik qatacaq bir məqamdır. İllər keçsə də, haraya getməyinizdən asılı olmayaraq sənət əsərlərinizin çərçivələrini dəyişdirərək mövcud həyatınıza uyğun hala gətirə bilərsiniz.

2. Dövrün trendlərinin nəbzini kiçik detallarla tutun. Dekorasiya trendləri modada olduğu kimi sürətlə dəyişməkdədir. Bu trendlərin arasından çox da yüksək məbləğ tələb etməyənləri seçməyinizi məsləhət görürük. Misal üçün həmin il dekorasiyada naxışlar dəbdə ola bilər. Ancaq siz naxışlı yox, bir rəngli divan alaraq üzərində naxışlı yastıqlardan istifadə edə bilərsiniz. Beləliklə keçici dəbdə olan şeylərə həddindən artıq xərc sərf etməməklə həmin trendləri evinizdə tətbiq edə biləcəksiniz.

3. Mətbəxinizdəki əsas hissələrə diqqət yetirin. Mətbəxiniz üçün nəsə alarkən çəngəl, bıçaq, stəkan kimi uzun illər istifadə edə biləcəyiniz şeylər almağa çalışın. Belə bir dəsti almaq üçün xəyalınızdakı evi almağı gözləməyin.

4. Böyük bir kitabxana üçün indidən hazırlaşın. Xəyalınızdakı evdə böyük bir kitabxana olmasını istəyirsinizsə, kitabxananızı bir-iki gündə yarada bilməyəcəyinizi bilməlisiniz. Kitabxana yığmaq əmək tələb edən bir şeydir. Ən dəyərli kitabxanalar isə yaşayaraq yaradılır. Özünüzə bir tarix müəyyən edin. Bu müddət ərzində kitabxanaları gəzin. Həqiqətən bəyəndiyiniz kitabları toplamaq vaxtınızı alacaq.

5. Dəbdən düşməyəcək mebellər almağa diqqət edin. Xəyalınızdakı evdə istifadə etmək istədiyiniz mebelləri indidən almağa başlaya bilərsiniz. Mebel seçimində hər dövrə uyğun gələn mebellərə üstünlük verməyinizi məsləhət görürük. Misal üçün divan dəsti alarkən dizaynının gözəl olmasına diqqət edin. Nəzərə alın ki, o həm də davamlı olmalıdır. Davamlı bir dəstin üzlüyünü dəyişdirərək yenidən istifadə edə bilərsiniz. Sadəcə parçasını dəyişdirib qonaq otağınıza fərqli nəfəs gətirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir