Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Xaricdə təhsil üçün üstünlük veriləcək ixtisaslar informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı sahələridir.
Bir çox ekspertlər verilən sərəncamı yüksək qiymətləndirməklə yanaşı, əsas diqqəti xaricdə oxuyub qayıdanların ölkədə iş tapması probleminə yönəldirlər. Qeyd olunur ki, təhsil alan gənclərin Azərbaycanda dövlət müəssisələrində işlə təmin olunmasına xüsusi diqqət ayrılmalıdır. Hətta təhsil alanlarla imzalanan müqaviləyə mütləq əlavə edilməlidir ki, həmin şəxslər Azərbaycana gələndən sonra dövlət tərəfindən müəyyənləşdirilmiş yerlərdə çalışacaqlar.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, bir müddət bundan əvvəl doktorantura ilə bağlı sərəncam imzalanmışdı: “Bu sərəncamın imzalanmasını da Azərbaycan cəmiyyəti, gəncləri gözləyirdi. Bu, dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin göstəricisidir. Burada bir neçə məqam nəzərə alınmalıdır. Tələbələr ilk olaraq seçim əsasında göndərilməlidir. Konkret universitetlərin fikri öyrənilməlidir. Tutaq ki, onlarda hansı istiqamətdə kadra daha çox ehtiyac var. Hansı sahələrə üstünlük verək. Dövlət bu vəsaiti ödəyir və bunun qarşılığı olmalıdır. Qaldı ki, vətəndaşların qayıtmaması məsələsinə, burada da bir neçə mühüm məqam var. Biz tələbələri göndəririk, bəziləri qayıtmır, bu reallıqdır. Onların qayıtması üçün mühitin yaradılması çox önəmlidir. Elmi mühitin olması, iş şəraitinin olması məsələsi çox vacibdir. Bir gənc gedib xaricdə oxuyub, görəndə ki, orada maaş yüksəkdir, o ölkə onun üçün daha cazibədar olur. Bütün bunları nəzərə almalıyıq, söhbət mühitdən, yaradılan şəraitdən gedir. Təəssüflə qeyd etmək lazımdır ki, bizim AMEA sistemində, bir sıra universitetlərdə maaşlar aşağıdır. Bir sıra dövlət qurumlarında da maaşlar azdır. Ona görə xeyli gənc baxır ki, ona xaricdə karyer qurmaq imkanları daha genişdir, orada qalsa daha çox qazanc əldə edə bilər. Burada gənclərə elə şərait, mühit yaratmalıyıq ki, başqa ölkələr onlara daha cazibədar və çəkici olmasın. Bəzən gənclər gəlirlər, burada iş tapmırlar. Bir sıra qurumlarda işə götürmədə şəffaf, ədalətli sistemin olmaması da öz rolunu oynayır. Bu yaxınlarda cənab prezident də bu məsələyə toxundu ki, məmurlar vəzifəyə təyin edilərkən qohumbazlıq, yerlibazlığa son qoyulmalıdır. Yəni bu gənclər vətənə qayıdanda onlara diqqət, xüsusi qayğı olmalıdır. Onlar bilavasitə nəzarətdə olmalıdırlar. Misal üçün, elm sahəsini götürsək, xaricdə oxuyub, elm sahəsində işləmək istəyən gənclər AMEA-da 300-400 manata, yaxud universitetlərdə 500-600 manat maaşa işləməyəcəklər. Ona görə də xüsusi sistem düşünülməlidir. Bəzi dövlət qurumlarında artıq bu var. Maaşların yüksək olması ilə bağlı bizim strukturlarda artıq nümunə var. Bu cür şərait, mühit yaradılmalıdır ki, gənclərin burada qalmasına marağı olsun. Əksər ölkələrin bu kimi problemləri var. Savadlı, bilikli insanların ”beyin axını” baş verir. Gənclər İQ, tibb və başqa sahə üzrə köçüb xarici ölkələrdə yaşayırlar. Çünki onların istədikləri mühit, şərait maaşı burada görmürlər. Bu da çox ciddi beyin axınına səbəb olur. Bununla da ölkə özünün yetişdirdiyi, ərsəyə gətirdiyi kadrları itirir”.
Təhsil eksperti Kamran Əsədov dedi ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır: “Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir, bunların da sayı hədsiz dərəcədə çoxdur.
Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Azərbaycan “Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” artıq 99 ildir ki, həyata keçirilməkdədir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan Respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı isə 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki illərlə müqayisədə azalmadı. Minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək”.
Ekspert qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam da Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır: “Bu, dövlət başçısı tərəfindən imzalanmış ikinci sərəncamdır. Birinci dövlət proqramı 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili ilə bağlı idi. Həmin təhsil proqramında 5000 gəncin xarici ölkələrdə təhsil almağı nəzərdə tutulsa da, 3500 nəfər gənc nüfuzlu universitetlərdə təhsil almağa göndərilmişdi. Hazırda onlar Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Bir sıra özəl sektorlarda rəhbər vəzifələrdədirlər. 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alan gənclərə 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər dünyanın aparıcı ali təhsil ocaqlarında Azərbaycanın əmək bazarında ehtiyac olan ixtisaslar üzrə təhsil almışdılar. İndi tamamilə fərqli istiqamət seçilib. 2015-ci ildə təhsilə başlamış tələbə 2022-ci ildə məzun olur. Zəncirin qırılmaması və dayanıqlı iqtisadiyyatın formalaşması üçün xarici ölkələrdə təhsil almış gənclərə böyük ehtiyac var. Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib. Hansı sahədə mütəxəssislərə ehtiyac duyulursa, onların hazırlığına, yetişdirilməsinə üstünlük verilir. Hazırda neft-qaz mühəndislərinə, hüquqşünaslara o qədər də ehtiyacımız yoxdur.
İnanırıq ki, indiki seçim daha şəffaf olacaq. 2007-2015-ci illərdə əfsuslar olsun ki, şəffaflığı görmədik. Ölkəmizin 51 universitetimizdə 187 min tələbə təhsil alır. Bu, kifayət qədər ciddi rəqəmdir. Xarici ölkələrə ona görə gəncləri göndəririk ki, onlar Azərbaycanda iqtisadiyyatın, xidmət sektorunun, informasiya texnologiyalarının inkişafına öz töhfələrini verə bilsinlər. Xaricə təhsil üçün gedənlərlə müqavilə bağlanmalıdır ki, geri qayıdarkən dövlətin müəyyənləşdirdiyi sahələrdə ən azı 5 il çalışsınlar. Özləri könüllü surətdə istədikləri işlə məşğul olmasınlar”.
Afaq MİRAYİQ