intihar

“Xarici görkəminə fikir verməyə başlayan uşağa diqqət yetirmək lazımdır”

Baxış sayı: 596

Adətən intihar hadisələrini sosial-iqtisadi sıxıntılar, ailə daxili problemlər, bulinq və s. ilə əlaqələndirirlər. İntihar hadisələri, Qərb ölkələrində ilk 10 ölüm sırasındadır. Mütəxəssislərə görə, intiharların 50-90 faizində depresif vəziyyət səbəb kimi göstərilir. İntihar hadisələri çox zaman depresiyanın dərin dönəmində deyil, intihardan çıxış dönəmində baş verir. İntihar edənlərin 90 faizində psixoloji problemlər mövcuddur.

Psixoloq Leyla Zamanın fikrincə, bu gün daha çox gənclər intihara meyl edir. İntihar edənlər daha çox 18-24 yaş arasında bu addımı atır. Qadınlar kişilərdən daha çox intihara cəhd etsə də, kişilərin bu addımı qadınlardan 4 dəfə çox ölümlə nəticələnir.

“İntihara tək yaşayan, ayrılmış və ya boşanmış şəxslər, xroniki xəstəliyi olan şəxslər və 65 yaşından böyük şəxslər də meylli olur. Bundan başqa intihar edənlər arasında şizofreniyadan əziyyət çəkənlər və alkoqol-narkotik istifadəçiləri də çoxluq təşkil edir”.

Mütəxəssis bildirir ki, nə qədər acınacaqlı olsa da, uşaqlar arasında da intihar hallarına rast gəlinir. Valideynlərini itirmək, valideynlərindən pis rəftar görmə, depressiya və antisosial davranışlar intihar səbəbləri arasındadır. İntihara yeniyetməlik-ərgənlik dövründə olan uşaqlar meyilli olur. Bu dövrdə uşaqlar daha çox mediadakı intihar hallarını təqlid etməyə çalışırlar.

“Xarici görkəminə fikir verməyə başlayan uşağın ölüm və ya intiharla bağlı yazdığı yazılara, şeir və mahnı sözlərinə hər zaman diqqət yetirmək lazımdır. Gənclərin və yeniyetmələrin intiharına valideynlərin yetərli qədər sevgi verməməsi, romantik bir münasibətin bitməsi, yeniyetmənin özünə olan dəyərinin itməsi və s. səbəb ola bilər. İntihara meyilli olan uşağın dərslərində geri qaldığı müşahidə edilir.

Yuxusuzluq, daim özünə qapanma və s. bu kimi əlamətlər intihara meyilli şəxslərdə özünü biruzə edir.

Psixoloq qeyd edir ki, intihar edənlərin 40 faizi bu niyyətini intihar etməmişdən öncə açıqlayır. İntihar edənlərin 30 faizi intihardan bir neçə ay öncə ölüm və ölməkdən dostlarına, yaxınlarına danışır.

Araşdırmalara görə intihar edənlərin cəmi 10 faizi intihardan öncə psixiatra müraciət edir.

“İntihar edən şəxs, intihardan öncə psixatra müraciət edibsə, bu o deməkdir ki, həmin şəxs yaşadığı problemdən tez bir zamanda çıxmağa çalışıb. Bunu bacara bilmədiyi üçün isə, son çarə olaraq intihara əl atıb.”

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər 40 saniyədə bir nəfər, ildə isə 1 milyon nəfər intihar edir.

Psixodinamik yanaşmaya görə, 1938-ci ildə Meninger, intihar edən şəxslərin hisslərini araşdırıb və bu zaman öldürmə istəyi, ölmə istəyi və öldürülmə istəyi hisslərinə rast gəlib. Yəni intihar edən şəxslər intihardan öncə bu hissləri yaşayır. Bu səbəbdən də intihara meyilli insanlar cəmiyyətə qarşı aqressiv olur. Ya öldürülmək, ya da öldürməyə can atır.

“Belə faktlarla tez-tez qarşılaşırıq. Adam əvvəlcə yaxınlarını və ya öldürmək istədiklərini öldürüb, sonra intihar edir. Onun sonda intihar etməsi cəzadan yayınmaq və ya qorxudan deyil. Əslində, o, özünü öldürəcəkdi. Sadəcə olaraq, içində qıcıq yaradan və ya özündən sonra cəmiyyətdə tək başına qoyub getməyə qıymadığı və ya nifrət etdiyi insanları da öldürüb, sonra intihar edir” – deyə psixoloq qeyd edib.

Psixoloq həmçinin bildirir ki, son zamanlar intiharların artmasına səbəb pandemiya və ondan qaynaqlanan maddi sıxıntılar, müharibə və onun nəticələri və s.-dir.

“İntiharların qarşısını necə alarıq? Əslində, maraqlı sualdır. Ancaq nəzərə almaq lazımdır ki, intihar edən şəxs psixoloji olaraq o həddə çatır ki, bu yola əl atır. İntiharın qarşısını intihar edən şəxsləri intihar həddinə çatdırmamaqla ala bilərik. Bunun üçün isə cəmiyyət olaraq çalışmalıyıq. Bəzən efirdən, sosial şəbəkədən görürük ki, biri bar-bar bağırıb intihar edəcəyini deyir. Biz nə edirik? Sadəcə xəbər çevirib veririk ki, bəs filankəs intihar edəcəyini deyir. İntihar həddinə çatan insanlar ünsiyyətdə olub onu dinləyən, əlindən gələni edən varmı? Yox! Yoxdur!!! Qadınlarımız-qızlarımız intihar edir. Arxasınca yığışıb cəmiyyət olaraq nə deyirik? Qısacası, bu gün hər bir insanın intiharında hər birimizin günahı var”…

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir