XESTELİK

Xroniki xəstəliklərdən qorunmaq üçün nələrə diqqət etməli?

Baxış sayı: 1. 976

Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır. Lakin ekologiyanın pozulması və genetik səbəblərdən xəstələrin sayı ilbəil arta bilər. Xəstəliyin yayılmasında irsi faktorlar çox böyük rol oynayır. Bronxial astmanın yayılmasının digər ən mühüm yayılma yolu məişət gənələridir. Çox kiçik, mikroskopik ölçüdə olan həmin gənələr üçün yataq dəstində, yorğan-döşəkdə olan 37 dərəcə temperatur, yüz faiz nisbi rütubət münbit şərait yaradır. Ona görə də yaşayış şəraiti pis olanda, o cümlədən yataqxana və zirzəmidə məişət gənələrinin inkişaf etməsi və yayılması daha rahat olur.

 

Xəstəliklə bağlı məlumatı Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov verib. O, keçirdiyi mətbuat konfransında xəstəliyin yayılma şəraiti ilə yanaşı, onun profilaktikası barədə də geniş məlumat açıqlayıb: “Məişət gənələrinin ən çox qorxduğu günəş şüalarıdır. Ona görə biz xəstələrə həmişə günəş işığının daha çox düşdüyü otaqda yaşamağı məsləhət görürük. Otaqdakı səliqəsizlik, bir çox əşyaları üst-üstə yığmaq da həmin gənələrin inkişafına səbəb olur. Yastıq, yorğan və döşəyin tez-tez dəyişilməsi də vacib profilaktik şərtdir. Gənələr tükdən və yundan olan yataq dəstini çox sevirlər, onları sinteponla əvəz etmək də onun çoxalmasının qarşısını ala bilər”.

 

Astma xəstəliyinin diaqnostikası, onunla mübarizə tədbirləri barədə ətraflı məlumat verən professor, ölkəmizdə onun yayılma arealından da danışıb. Baş allerqoloqun dediyinə görə, Abşeron regionunda dənizə yaxınlaşdıqca onun yayılması və çoxalması üçün daha əlverişli mühit yaranır. Sonrakı yerdə Lənkəran-Astara zonası gəlir. Naxçıvanda da astma xəstələrinin sayı çoxluq təşkil edir. Lakin dağlıq və dağətəyi rayonlarda onun əmələ gəlməsi üçün o qədər də münbit şərait yoxdur. Artıq geniş yayılmış bu xəstəlikdən özümüzü necə qoruya bilərik?

 

Həkim-terapevt Elnur Rəhimov deyir ki, astma xəstəliyi endogen və ekzogen faktorlar səbəbindən yaranır: ” Məsələn, xroniki ağ ciyər xəstəliyi keçirdikdə, yaxud ağır qripə yoluxduqda buna lazımi diqqət verilməzsə, get-gedə bronx yollarında daralma yaranır. Astmalı insanlara fikir versəniz görərsiniz ki, sanki içəridən sıxılaraq və boğularaq öskürürlər. Onlarda pnevmaniya xəstələri kimi bəlğəm olmur.  Digər tərəfdən, allergik insanlarda astma xəstəliyi qaçılmazdır. Yəni, allergik insanlarda astmaya yoluxma 100-də 90 faizdir. Həmçinin, daxili səbəblərdən biri də ailədən irsi yolla ötürülən astma xəstəliyidir. Bununla yanaşı, astmanın yaranmasında ekzogen, yəni xarici səbəblərin təsiri  də  böyükdür. Buna misal olaraq, ağacların tozlanması, fəsil  dəyişkənliyi zamanı temperaturun dəyişməsi, rütubətli şərait, emal zavodlarında, xüsusən ipəkçiliklə məşğul olunan yerlərdə insanlar nəfəs alarkən yad cisimlərə qarşı allergik reaksiya verə bilirlər ki, bu da  astma ilə nəticələnir. Həmçinin, siqaret tüstüsü, sitrus meyvələr də bu xəstəliyin yaranmasına səbəb ola bilir. Ekzogen səbəblərdən biri də havanın təmiz olmamağı, yəni ekoloji faktorlardır”.

 

E.Rəhimov deyir ki, son illərdə astma xəstəliyinə yoluxanların  sayının artmasının səbəblərindən biri də ekoloji faktorlardır: “Bəzən insanlar adi öskürəyə etinasız yanaşır  və ev şəraitində başqalarından  eşitdikləri dərmanları alıb içirlər. Lakin bu öskürək keçmir və bir müddət sonra astma-bronxitə çevrilə bilir. Xəstəlikdən özümüzü qorumaq üçün ilk növbədə burun məşqlər deyilən aktı  etmək lazımdır. “Bir-iki” deyərək havanı udub, “bir-iki-üç-dörd” deyərək vermək lazımdır. Bu zaman diqqət etmək lazımdır ki, havanı burunla alıb ağızla verəsən. İnsanlar bəzən həkimlərin  piyada gəzməyin vacibliyi haqqında  məsləhətinə  etinasız yanaşırlar. Lakin astmadan qorunmaq üçün sərt və cod şəkildə, yəni özünü yükləyərək gəzməlisən ki, burunla aldığın nəfəslə öz bədənini məşq etdirəsən. Astma xəstələrinə biyan kökü, andız, keçibuynuzu meyvələri məsləhət görülür. Bu  xəstələr yuxarıda qeyd etdiyim faktorlardan – xüsusən tüstü, duman, rəngləyici bitkilərdən uzaq olmalıdırlar. Qida borusunda və udlaqda faringitin olması da astmaya təkan verən amillərdəndir. Ona görə də faringitin düzgün müalicəsi çox vacibdir. Yaxşı olardı ki, xəstələr hər əllərinə gələn dərmanı qəbul etməsinlər. Çünki adi dərmanlar belə bəzən allergik reaksiyalar verə bilir. Qidalara gəldikdə isə belə xəstələrin şirniyyatlardan uzaq durmaları məsləhətdir. Bir də mövsümi  olmayan məhsullardan uzaq durmaları  məsləhət görülür. Belə xəstələr aldıqları məhsulun son istifadə tarixinə də xüsusi diqqət yetirməlidirlər”.

 

Həkim-pediatr Kənan Qarayev bizimlə söhbətində bildirdi ki, bronxial astma böyüklərlə yanaşı, uşaqlarda da rast gəlinən bir xəstəlikdir: “Astma sonradan qazanılma və anadangəlmə formada müşahidə oluna bilir. Əgər ana allergendirsə, uşağın da allergen olma ehtimalı yüzdə 50 faizdir. Valideynlərin hər ikisi allergendirsə, uşaq yetmiş, yaxud doxsan faiz allergik hesab olunur. Bu allergik xəstəliklərin arasında astma xüsusi yer tutur. Uşaqlarda bir yaşdan sonra astma  öz əlamətlərini  dəqiq göstərə bilir. Bir yaşa qədər isə müxtəlif formalarda özünü büruzə verə bilər. Lakin astmanın başlanğıcı həmişə nəfəs darlığı və ya tutma ilə başlamaya bilər. Bir yaşa qədər uşaqlarda el arasında diatez deyilən bir halın müşahidə olunması  həmin uşaqların  allergik olduğuna işarədir. Vaxtında lazımi tədbirlər görülməzsə, sonradan bu əlamətlər bronxial astmaya şərait yarada bilər”.

 

Pediatr deyir ki, bronxial astma elə bir xəstəlikdir ki, onun dərman müalicəsi ilə yanaşı, törədici faktorlarının aşkarlanması da çox önəmlidir: “Törədici faktor aradan qaldırıldıqda, xəstəlik müalicə edilir və immunaterapiya tətbiq edilir. Təkanverici amillərə gəldikdə isə bunalra misal olaraq otaq temperaturundan tutmuş, rütubətlilik, evdə olan tozlar, yun yorğan, xüsusi ətirlər və aerozolları misal göstərmək olur. Bəzən valideynlər uşağını  ana südündən ayırıb  qarışıq qidaya keçirdikdə, ona  allergiyaya səbəb olan şokoladlar və digər konservant  məhsulların,  sitrus meyvələrin qəbuluna icazə verirlər. Lakin bu, düzgün deyil. Çünki bu qidalar astmaya təkan verir. Uşağın 6 ayından başlayaraq, ən böyük allergen isə inək südü və yumurta sarısı hesab olunur. Həmçinin, dəniz məhsulları, fıstıq ən böyük allergik fon yaradan qidalar sırasındadır. Bu qidalarla yanaşı, bəzən uşaqlarda hər hansı bir meyvə-tərəvəzə qarşı da allergiya ola bilir. Uşaqların bu qidalardan uzaq durması məsləhətdir. Astma xəstəliyinin yaz və payız aylarında kəskinləşməsi müşahidə olunur. Həmçinin özündən toz buraxan bitkilərinin çiçəklənməsi də xəstəliyin aktivləşməsinə səbəb olur. Qidaların da təsiri bu mövsümdə bir qədər də aktivləşir və həmin prosesləri artıra bilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir