Aysel Ibrahimli

Yalan danışmağın psixoloji səbəbləri və nitqdə yalanın izləri

Baxış sayı: 868

“Mən dərslərimi bitirmişəm artıq.”

“Sinif yoldaşım məndən köçürdü o yazını.”

“Gündəliyimi evdə unutmuşam…”

 

Uşaqlığımızda dediyimiz bu cümlələr bizə sadə bəhanə kimi gəlirdi. Amma əslində bu kiçik yalanların hər biri bir qorxunun, bir ehtiyacın izlərini daşıyırdı. Kimimiz cəza almamaq üçün, kimimiz müəllimin qarşısında yaxşı görünmək üçün, kimimiz isə sadəcə başqaları kimi görünmək üçün yalan danışdıq. Zaman keçdi, məktəb illəri arxada qaldı. Amma yalan danışmaq vərdişi və ya ehtiyacı bizimlə birgə böyüdü. Bu dəfə “xoşbəxtəm”, “yaxşıyam”, “heç vecimə deyil” kimi cümlələrə çevrildi. Yalan bir çox hallarda nə pis niyyətin, nə də manipulyasiyanın nəticəsidir. Əksinə, bəzən bu, bir qorxunun, qəbul olunma istəyinin ya da özümüzü qoruma cəhdimizin səsi olur.

 

Bəs biz niyə yalan danışırıq? Və bu yalanlar nitqimizdə necə iz buraxır?

 

Uşaqlıqdan gələn qorxular: Yalan bir müdafiə mexanizmidir

Yalan danışmağın ən əsas psixoloji səbəblərindən biri qorxudur. İnsanlar cəza almaqdan, münasibətlərin pozulmasından və ya imiclərinin zədələnməsindən qorxduqları üçün doğrunu deməkdə tərəddüd edirlər. Bu qorxu bəzən uşaqlıqdan gəlir. Uşaqlıqda tez-tez cəzalandırılan, sərt tənqidə məruz qalan bir uşaq zamanla özünü qorumaq üçün yalanı bir qalxan kimi istifadə etməyi öyrənir.

Məsələn, bir uşaq nəyisə qırdığı zaman valideynin sərt və aqressiv reaksiyası ilə qarşılaşarsa, gələcəkdə oxşar vəziyyətlərdə gerçəyi gizlətməyə meyilli olacaq. Beləcə, yalan danışmaq bir “özünü qoruma mexanizmi” kimi formalaşır.

Bu davranış forması yetkin yaşda da özünü göstərir. Əgər bir şəxsə uşaqlıqda duyğularının təhlükəsiz şəkildə ifadəsinə icazə verilməyibsə, böyüyəndə də həqiqəti açıq deməkdə çətinlik çəkəcək. Bu insanlar münasibətlərdə səmimi olmaqda çətinlik çəkir, tənqid və rədd olunmaq qorxusu ilə reallığı təhrif etməyə başlayırlar. Yəni, yalan bəzən manipulyasiya məqsədi ilə deyil, sadəcə psixoloji müdafiə vasitəsi kimi ortaya çıxır.

 

Sosial qəbul olunmaq və mükəmməl görünmək ehtiyacı

İnsan sosial bir varlıqdır. Qəbul edilmək, bəyənilmək və hörmət görmək istəyi hər kəsin içində mövcuddur. Bu ehtiyac bəzən gerçəkliyi təhrif etməyə qədər gedə bilər. İnsan, bəzən özünü olduğundan daha uğurlu, xoşbəxt və ya bacarıqlı göstərmək üçün reallığı bir az “bəzəyir”.

Bu, xüsusilə sosial mediada daha da geniş yayılıb. Orada insanlar öz gerçəkliklərini deyil, görünmək istədikləri versiyalarını təqdim edirlər. Bu da bir növ “funksional yalan”dır və şəxsiyyətin qəbul olunmaq uğrunda göstərdiyi psixoloji reaksiyalardan biridir.

 

Nəzarət ehtiyacı və manipulyativ yalanlar

Bəzi insanlar üçün isə yalan danışmaq nə qorunmaq, nə də başqalarının gözündə daha yaxşı görünmək vasitəsi deyil, birbaşa başqalarını idarə etmək məqsədi daşıyır. Bu daha çox antisosial, narsisistik və ya sərhədsiz şəxsiyyət xüsusiyyətləri olan insanlarda müşahidə olunur.

Belə şəxslər üçün yalan bir alətdir – məqsəd qarşı tərəfi çaşdırmaq, onun qərarlarını yönləndirmək və üstünlük əldə etməkdir. Bu tip yalanlar daha planlı və hesablanmış olur. Danışan şəxs ətrafdakıların emosional və koqnitiv zəifliklərini analiz edib ona uyğun strategiya qurur. Maraqlıdır ki, bu hallarda danışanın nitqi çox vaxt aydın, inandırıcı və sakit olur – çünki empatiya qabiliyyəti zəifdir, vicdani narahatlıq isə minimumdur.

 

Nitqdə yalanın izləri: Beyin reallığı dəyişəndə səs də dəyişir

Yalan danışan insanların nitqində müəyyən fərqli nüanslar müşahidə olunur. Bunun əsas səbəbi beynin yalan danışarkən daha çox koqnitiv enerji sərf etməsidir. Reallığı dəyişmək, yəni yeni bir “süni hekayə” qurmaq beynin resurslarını daha çox işə salır. Bu isə nitqə və davranışa təsir edir.

Ən çox müşahidə olunan siqnallardan biri mövzudan yayınmaqdır. Məsələn, bir şəxsə “Bu sən idin?” sualı veriləndə, əgər cavab “Mən niyə elə bir şey edim ki?” və ya “Bunu soruşmağın belə mənə təhqirdir!” şəklindədirsə, bu dolaylı cavab yalanın göstəricisi ola bilər. Yəni, şəxs birbaşa “bəli” və ya “xeyr” cavabından qaçır.

İkinci siqnal detallı, amma lazımsız izahlardır. Yalan danışan şəxs tez-tez mövzunun ətrafında dolanır, uzun-uzadı danışır, amma konkret sualın cavabını vermir. Bu, həm özünü inandırmaq, həm də qarşı tərəfi çaşdırmaq məqsədi daşıyır. Həqiqəti danışan insanlar çox vaxt sadə və birbaşa cümlələr qururlar.

Üçüncü verbal siqnal sualın təkrarlanmasıdır. Məsələn: “Bu sənədi sən dəyişmisən?” sualına “Mən bu sənədi dəyişmişəm? Yox, əlbəttə yox!” kimi cavab verə bilər. Burada məqsəd vaxt qazanmaq və cavab düşünməkdir. Həmçinin, çox vaxt bu cür suallar əsəbi tərzdə və emosional cavablarla müşayiət olunur.

Digər siqnal hədsiz müdafiə reaksiyasıdır. “And içirəm ki, mən eləməmişəm!”, “Allah haqqı!”, “Mən elə adam deyiləm!” – kimi ifadələr günahsız görünmək istəyinin göstəricisidir, bəzən. Halbuki, həqiqəti danışan insan özünü bu qədər izah etmək ehtiyacı hiss etməz.

Nitqdəki başqa bir siqnal isə səs tonunun və danışıq sürətinin dəyişməsi ola bilər. Bəzi hallarda səs yüksəlir, bəzilərində isə alçalır. Bəzən isə danışıq sürəti sürətlənir və ya yavaşlayır. Bu dəyişikliklər danışanın daxili stresini və beyin fəaliyyətinin qeyri-stabil vəziyyətini göstərir.

 

Həqiqət sadəcə doğru söz deyil

Psixoloji yanaşmaya görə yalan danışmaq heç də həmişə “pis” bir şey deyil. Bu, çox zaman şəxsiyyətin yaşadığı daxili ziddiyyətlərin, qorxuların və emosional ehtiyacların nəticəsidir. Bəzən yalan bir kömək çağırışıdır – şəxs gerçəyi danışdıqda özünü təhlükədə hiss etdiyi üçün onu təhrif edir.

 

Psixoterapiya prosesində biz “yalan danışan insanı” deyil, “niyə yalan danışmaq məcburiyyətində qalan insanı” anlamaya çalışırıq. Çünki bu davranışın kökündə çox vaxt aşağı öz güvən, yetərsizlik hissi, keçmiş travmalar və ya hədsiz tənqidə məruz qalma kimi səbəblər dayanır. İnsanı bu mexanizmdən azad etmək üçün onu günahlandırmaq deyil, anlamaq və təhlükəsiz bir psixoloji mühit yaratmaq lazımdır.

 

Klinik psixoloq Aysel İbrahimli




9 şərh “Yalan danışmağın psixoloji səbəbləri və nitqdə yalanın izləri

  1. Leyla Muradova

    Bu yazını oxuyanda uşaqlığım yadıma düşdü. “Gundeliyimi evde unutmusam” deyə-deyə neçe defe xilas olmuşdum 😅 Amma indi baxıram ki, o vaxtdan öyrəşdiyimiz bu xırda şeylər həqiqətən böyüyəndə də bizimlə qalırmış…

    Cavabla
  2. Mürsəl

    Men uje mektebde oxuyanda bir defe imtahanda qonshumdan kocurdum, sonra melim dedi “cox gozel cavab yazmisan”, utanmagimdan gozlerim doldu. O andan sonra anladim ki, mentiqsiz de olsa, bəzən yalana ehtiyac duyuruq, sadəcə qebul olunmaq ucun.

    Cavabla
  3. Mürvət Babayev

    Yalan danışan adama nifrət edirdim açığı… amma indi düşünürəm ki, bəlkə də səbəbi anlamadan, hökm vermək düz deyilmiş. Sağ olun yazıya görə.

    Cavabla
  4. Aqil Qasimov

    Çox vaxt insanlar niyə yalan danışır deyə düşünəndə, sadəcə pis niyyət axtarırıq. Amma yazıda da deyildiyi kimi, bəzən bu qorxu və özünü qoruma instinktindən doğur.

    Cavabla
  5. Məhəbbət

    Bu yazını müəllim dostuma göndərəcəm. Dərsdə uşaqların yalan danışmasından şikayətlənirdi, bəlkə başqa cür baxmağa başlar.

    Cavabla
  6. Şəlalə Mürsəlzadə

    Aysel xanim, bir sualim var: usaqliqda daim tenqid olunan bir insan yetiskin yasda yalan danismamaq ucun nece oz uzerinde isleye biler? Yani bu mexanizmdan xilas olmaq mumkundurmu?

    Cavabla
  7. Səriyyə

    bir defe bacim sinif yoldasinin ev tapsirigini kocurmusdu, sonra melim butun sinifin icinde onu alcaltdi. Bacim hemin gunden sonra hec vaxt etiraf etmedi ki, hansisa isi bacarmir… Yazida dediyiniz kimi, bazi “kicik yalanlar” bir travmanin qapisini acir…

    Cavabla
  8. Fidan Camalova

    Menim de bir oglum var, bawa dusurem ki, eger indi ona hemise sert reaksiya versem, geleceyde mennen qorxub yalan danisacaq. Deyesen bir az uzerimde islemeliyem 😞

    Cavabla
  9. Vüsal

    Həmişə dürüstlük öyrədilən bir mühitdə böyüyən uşaq da eyni səbəblərlə yalan danışa bilərmi? Yoxsa bu sadəcə neqativ travmalardan qaynaqlanır?

    Cavabla

Fidan Camalova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir