GUNES

Yayda günəşdən faydalanmağın sağlam yolları - HƏKİM RƏYİ

Baxış sayı: 488

Yay fəslinin gəlişi ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayır. Günəşli günlər insan psixologiyasına müsbət təsir göstərməklə yanaşı, orqanizmin bir çox funksiyalarına da dəstək olur. Amma günəş şüalarının faydaları qədər zərərləri də ola bilər. Bu səbəbdən, mütəxəssislər günəşdən düzgün istifadə qaydalarına əməl etməyi tövsiyə edirlər.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, günəş şüaları vasitəsilə bədəndə D vitamini sintez olunur:

Nermine Abbasova
“D vitamini sümük və immun sisteminin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. İnsan bədəni bu vitamini əsasən günəş şüaları ilə sintez edir. Günün səhər və axşam saatlarında, xüsusilə saat 10:00-dan əvvəl və 17:00-dan sonra günəşdə 15-20 dəqiqə olmaq kifayət edir ki, bədən gündəlik D vitamini ehtiyacını qarşılasın.”

Həkim-terapevt vurğulayır ki, günəş şüaları depressiyaya qarşı da təsirlidir:
“Günəş işığı serotonin səviyyəsini artırır. Bu isə insanın əhval-ruhiyyəsini yüksəldir, stress və gərginliyi azaldır. Uşaqların və yaşlıların açıq havada daha çox vaxt keçirməsi həm psixoloji, həm də fiziki cəhətdən müsbət nəticələr verir.”

Lakin Nərminə Abbasova xəbərdarlıq edir ki, günəş şüalarından düzgün istifadə edilmədikdə dəriyə və ümumi sağlamlığa zərər vura bilər:
“Günorta saatlarında, yəni günəş şüalarının ən intensiv olduğu vaxtlarda çöldə uzun müddət qalmaq təhlükəlidir. Bu, dəridə yanıq, qocalma, hətta uzunmüddətli risk olaraq dəri xərçəngi riskini artırır. Ona görə SPF 30 və ya daha yüksək qoruyucu kremlərdən istifadə etmək, gün eynəyi və papaq taxmaq vacibdir.”

Onun sözlərinə görə, yay aylarında günəşdən düzgün şəkildə faydalanmaq sağlam həyat tərzinin bir hissəsidir:
“Günəş işığından düzgün yararlanmaq insan orqanizminin ritmini nizamlamağa, yuxu rejimini bərpa etməyə və ümumi həyat enerjisini artırmağa kömək edir. Amma hər şeydə olduğu kimi burada da ölçü və diqqət əsas şərtdir.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir