1418886512_saxta-baba

Yeni il atributları haqqında nələri bilirik?

Baxış sayı: 453

Şam ağacının maraqlı tarixçəsi

Hamımız bilirik ki, Yeni ili   al-əlvan oyuncaqlarla bəzədilmiş yolkasız – şam ağacsız təsəvvür etmək mümkün deyil. İnsanlar əvvəllər təbii küknar ağacından istifadə etsələr də, təbiəti qorumaq üçün artıq süni ağaclara üstünlük verirlər. Çoxları bu ənənəni xristian dini ilə əlaqələndirsə də,  əslində, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan xeyli əvvəl başlayıb. Hələ miladdan əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu da həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər.

Bəs necə oldu ki, bu ənənə bütün Avropada yayıldı? Qeyd edək ki,  Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya bu ənənəni burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.

 

Yeni ilin simvolu olan “Benqal fişəngi”nin maraqlı tarixçəsi

Uşaqlarla bərabər, hətta böyüklər də “Benqal fişəngi” yandırmağı çox sevirlər. Amma, yəqin ki, çox az adam bilir ki, “benqal fişəngləri” ilk öncə heç də əylənmək, şənlənmək üçün icad edilməmişdir.

“Benqal fişəngləri”  Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı.

“Benqal fişəngləri” əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək) məqsədi ilə istifadə edilirdi. Hazırki müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, “benqal fişəngləri”ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur.

Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlir cür “benqal fişəngləri” istehsal olunur.

 

Şaxta  Baba və yaxud Santa Klaus harada yaranıb?

Yeni il bayramının əsas atributlarından biri də Şaxta babadır. Şaxta babanın varlığına ən çox inananlar isə uşaqlardır. Şaxta baba bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxah adam kimi tanınır. Ancaq müxtəlif xalqların dilində fərqli adlarla çağırılan Şaxta babanın ilk dəfə indiki missiyasına nə vaxt başlaması və onun kimliyi çoxlarına məlum deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırırlar.

Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Böyük Britaniyada Faze Kristmas, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Norveçdə Yulebukk, Türkiyədə Noel Baba, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, İsveçdə Yultomten, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus, Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh adlandırılsa da, bu adlardan dünyada ən çox populyar olanı Santa Klausdur.

Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsi ilk dəfə Almaniyada yaranıb. Bu inanc əksəriyyəti protestant məzhəbindən olan Avropa xristianları arasında sürətlə yayılıb.

Bəs Santa Klaus obrazının XIX əsrin əvvəllərində yarandığını bilirdinizmi? 1823-cü ildə Kolumbiya Universitetində Şərq və yunan ədəbiyyatı müəllimi Klement Klark Mur İsa Məsihin doğum günü olan Milad bayramı ərəfəsində yazdığı “Milad bayramı ərəfəsidir və ya Santa Klausun gəlişi” adlı mənzum nağılı həyat yoldaşı və uşaqlarına oxudu. Bununla da Santa Klaus obrazı formalaşmağa başladı. Müəllif Santa Klausu mehriban, qayğıkeş varlıq kimi təsvir edirdi. Onun təsəvvüründə Santa Klaus səkkiz maralın qoşulduğu kirşə ilə gəlir, evlərə bacadan girir, uşaqlara hədiyyə paylayırdı. Nədənsə, Mur yaratdığı bu obraz barədə olan əsərini nəşr etdirməyə tələsmirdi. Lakin dostlarından biri onun bu əsərini müəllifdən xəbərsiz “Sentinel” qəzetinə apardı. Bununla da həmin obraz haqqında daha çox insan xəbərdar oldu.

Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir