yeni il

Yeni ildə həyatı dəyişən insanlar – ARAŞDIRMA

Baxış sayı: 1. 513

İlin sonuna sayılı günlər qalıb. Bu günlərdə dünya Yeni ilə hazırlaşmaqla yanaşı, il sonu lotereyalarının da cavablarını gözləyir. Yəqin bilirsiz, dünyada minlərlə insan məhz yeni il lotereyaları sayəsində milyonların sahibi olub. “Gencaile..az” “Yeni Müsavat”-a istinadən lotereya xoşbəxtlərindən bəzilərinin kimliyini və hekayəsini sizlər üçün təqdim edir.

Tez-tez xəbər lentlərində bu sayaq olaylara rast gəlmək olur: Amerikanın filan ştatında hansısa bir qadın böyük miqdarda cek-pot udub və ya kasıb bir tələbə oğlan qəfil lotereyadan pul qazanıb. Varlının pulu hər zaman kasıbın çənəsini yorduğu üçün tez-tez bu məsələ müzakirə olunur: görəsən, o adam həmin pulla nələr edib, həyatı necə dəyişib? Və əsas sual: pul onu daha çox xoşbəxt edib, ya bədbəxt?
Bilet deyib keçməyin, içində milyonlar var… 
İki il öncə Kaliforniyanın Milpitas şəhərində alınmış “Powerball” lotereya biletində 425 milyon dollarlıq cek-pot udulub. Lotereya bileti yanacaqdoldurma stansiyasında satılıb.
Uduşlu biletlərin sahibi hələ ki özünü bəyan etməyib. Qalib 242,2 milyon dolları dərhal ala bilər, ya da bütün məbləğə 30 il ərzində illik ödənişlə yiyələnə bilər.
İki biletin sahibi isə hər biri 1,4 milyon dollar udub. 295 min 635 bilet uduşsuz olub.
“Powerball” lotereya biletləri iki dollara satılır. Bu lotereyada rekord cek-pot 2013-cü ilin mayında udulub, uduş məbləği 590 milyon dollar təşkil edib. Amerikada çox vaxt cek-pot udan şəxslər adlarının gizli saxlanmasına çalışırlar. Bu, özünü dələduz və bankirlərin psixoloji basqısından qorumağın ən aktual yoludur.
Amma bu, qəfil varlanmanın ən klassik yoludur. Keçək filmlərə mövzu ola biləcək hekayələrə. Şəxsiyyəti açıqlanmayan bir amerikalı bazardan cəmisi 4 dollar ödəyərək cırıq bir tablo alıb. Tablonu almasının səbəbi çərçivəsindən istifadə etmək imiş. Evə gəlib tablonu çərçivədən ayırarkən şəklin altından qatlanmış və gizlənmiş bir kağız parçası tapıb. Tapdığı bu kağız parçası əslində müstəqillik sənədinin rəsmi 500 surətindən biri idi. Və onun arxasında 1776-ci İldə Dunlap tərəfindən möhürləndiyi qeyd olunmuşdu. Maraqlıdır ki, bu sənədin hazırda yalnız 24 nüsxəsi var. 4 dollara alınan bu sənəd hərraca çıxarıldı və yeni sahibi 2.420.000 dollar ödəyən Donald J. Şiir oldu.
“Bomj”un milyoner olmaqlığı.. 
Şotlandiyada yaşayan Ceyn Park adlı qız həyatında ilk dəfə aldığı lotereya bileti ilə zəngin olub. 17 yaşlı qız “EuroMillions” adlı lotereya bileti alıb. Lotereya çəkilişləri zamanı isə 1 milyon pound qazandığını öyrənib. Həyatında ilk dəfə lotereya bileti alan qız zəngin olduğu haqda sosial şəbəkədə status da yazıb. O, pul ilə birlikdə böyük hədiyyə paketi və İbiza adalarında tətil etmək üçün şans da əldə edib. Əlil adamlara kömək etmək üçün yaradılmış bir könüllü qrupla çalışan qız işindən ayrılmayacağını da deyib. C.Park jurnalistlərə verdiyi müsahibədə çoxlu pulun onun həyat tərzini dəyişəcəyini, lakin xasiyyətini dəyişməyəcəyini bildirib: “17 il ərzində necə idimsə elə də qalacağam. Dostlarımdan və işimdən heç vaxt vaz keçməyəcəyəm”.
2011-ci ildə isə Moskvada əslən Belarusdan olan “bomj” lotereyada 700 min rubl (təxminən 25 min dollar) udub. Küçələrdə gecələyən, səfil həyat tərzi sürən 62 yaşlı kişi bu pula vətənində özünə ev tikmək fikrindədir. Sən demə, Yuri adlı “bomj” axırıncı puluna lotereya alıb və bu bilet onun həyatını dəyişib.
 
Vaxtilə Belarusda idman məktəbində məşqçi işləmiş Yuri sonradan yol qəzasında ailəsini itirib. Daha sonra onun evi də əlindən çıxıb. Pul qazanmaq üçün Moskvaya üz tutan Yuri burada yük daşıyıb, müxtəlif sahələrdə fəhləlik edib.
2014-cü ilin oktyabrında kanadalı pensiyaçı Leon Hirtl lotereyada təxminən 14 milyon dollar udub. Təqaüdçü Yeni Şotlandiya əyalətində yaşayır. Ömrü boyu balıqçı olub və iki il əvvəl pensiyaya çıxıb. Pensiyaçı lotereya biletini yerli aptekdən alıb. “Uduşlu bileti göstərdiyim qız uzun müddət inanmadı ki, mən milyoner olmuşam. O, bütün iş yoldaşlarını çağırdı və onlar bileti bir yerdə yoxladılar”,- deyə təqaüdçü jurnalistlərə bildirib. O, hələlik milyonları ilə nə edəcəyini bilmədiyini deyib.
Qeyd edək ki, “Atlantic Lottery” Kanadada 1976-cı ildən uduşlar keçirir. Bu müddət ərzində uduşlu məbləğ 5,5 milyard dolları keçib.
Çilingər 136 milyon dollar qazanır və… 
Bu ilin iyununda isə nyu-yorklu çilingər “Entoni Perosi Powerball” lotereyasından 136 milyon dollar qazanıb. O, bir ay ərzində böyük məbləğdə pul qazandığını heç bilmirdi. Perosi öz biletini martın əvvəlində “7-Eleven” mini marketində alıb.
Martın 14-də o, kafedə məhz bu mağazada alınan biletin qalib olduğunu eşidir. Amma kafenin müştərilərindən biri uduşun bir müəlliməyə qismət olduğunu dediyinə görə Perosi biletini yoxlamır.
Aprelin 27-də çilingər lotereyanın uduş rəqəmlərini öyrənmək qərarına gəlir. İnternetdə uduş məlumatına baxan adam, cek-potu udduğunu öyrənir.
O, udduğu məbləği öz oğlu ilə bölüşməyi qərara alır və məbləğin 30 faizini ona verir. Bütün vergiləri ödədikdən sonra Perosinin 38 milyon 612 min 55 dollar pulu qalır, bu məbləğin 16 milyon 548 min 23 dolları isə onun oğluna çatır.
Çilingər pulun bir hissəsinə yeni yük maşını alacağını, eləcə də Nyu-York ştatında səyahət edəcəyini bildirib.
Lotereyanın qaydalarına görə, illik rüsumları ödəyərək pulu 30 il müddətində almaq mümkündür. Amma bütün məbləği birdəfəlik götürdükdə bu, nominal məbləğdən çox az ola bilər.
Powerball lotereyasında iki blokdan – birinci blokdan 5 (ağ şarlar 0, 1-dən 59-a qədər, ikinci blokdan isə bir rəqəm (qırmızı şarlar) 1-dən 35-ə qədər 6 rəqəm seçilir.
Lotereya udub özünü gizlədənlər 
2014-cü ildə Kanadada Milad bayramında naməlum şəxs populyar “49-dan 6-sı” lotereyasında 1 mln Kanada dolları (860 min ABŞ dolları)  udub. Bu barədə Kanadada onlarla lotereya oyunu keçirən “Atlantic Lottery” şirkətindən bildirilib.  “Hələlik məlum olan odur ki, uduşlu bilet Yeni Şotlandiya əyalətinin Keyp Brenton dairəsində əldə edilib. Uduşu təmin edən 6 nömrə bunlardır:   1-3-21-24-31-46″, deyə şirkət nümayəndəsi bildirib.
Amma maraqlıdır ki, bu günə qədər qalib olduğu halda, özünü gizlədənlər də çox olub. Onlar çox vaxt oğrulardan, mafiyadan, naməlum qohumlardan özlərini qorumaq üçün belə addımlar atırlar.
2 yaşlı uşaq da milyoner ola bilir 
Çində 2 yaşlı oğlan internet-lotereyada bir milyon dollar udub. Mükafatı uşağın valideyni alacaq. Çinin cənubunda Quançjou şəhərində olan 2 yaşlı oğlanın valideynləri klaviaturada ona rəqəm yığdırıb. Uşağın təsadüfən basdığı düymələrin rəqəmləri onlara 1,03 milyon dollar qazandırıb. Ailə lotereya mərkəzindən mükafatı alıb.
Kaliforniyalı Bernice Gallego adlı 72 yaşlı bu qadın öz evinin zirzəmisində Amerikanın ilk beyzbol komandasının kartını tapıb. Əgər bu qadının həyat yoldaşı müdaxilə etməsəydi, 1869 Cincinnati Red Stockings kartını internet üzərindən 10 $ ‘a satılacaqdı. Kartın üzündə bütün komandanın bir fotoşəkili vardı. Arxa hissədə isə Nyu York idman vəsaitləri istehsalçısı Peck & Snyder’ın qırmızı-ağ reklamı var idi. Gerçəkliyi sübut olunandan sonra 19-cu əsrdən qalan bu kart hərracda 75.285 dollara satıldı.
1990-cı illərdə Kaliforniyada gəlir məqsədli ikinci əl malların satıldığı bir dükana girən Teri Horton küncdə kimsənin istəmədiyi bir tablo görüb. Təqaüdçü, yük maşını sürücüsü olan qadın bu şəkildən xoşlanmasa da, onun gülünc olduğunu düşünərək iş yoldaşına alıb. Dəyəri 8 dollar olan tabloya 5 dollar verib alan qadının rəssam dostlarından biri onu görəndə şoka girib. Məlum olub ki, bu, Cekson Pollokun dəyəri 50 milyon dollar olan tablosudur. Qadının onu satması ilə milyonçu olması bir olub.
Ölən ərinə görə 40 milyon əldə etdi
ABŞ-ın Ceksonvil şəhərində yaşayan Andy Allen “Philip Morris” və “R. J.Reynolds”siqaret şirkətlərini məhkəməyə verib. Buna səbəb Allenin siqaret çəkən ərinin dünyasını dəyişməsi olub. Həyat yoldaşını ağciyər xəstəliyindən itirən amerikalı qadın məhkəmə prosesində siqaret şirkətlərindən 40 milyon dollar təzminat almağa nail olub.
Qeyd edək ki, Pattini 2002-ci ildə 54 yaşında olarkən itirən Allen bu sahədə əldə edilmiş üçüncü böyük təzminatı almış olub. Allen həyat yoldaşı Pattinin 36 il ərzində gündə iki paket siqaret çəkdiyini ifadə edib.
Bir gün Hindistandakı bir boya firmasında çalışan adam bir neçə parça mebel və bir tabloya 30 dollar verdi. Tablonu alma səbəbi isə divardakı iri bir deşiyi bağlamaq istəyi olub. Bir neçə il sonra kartların birində öz tablosundakına bənzəyən çiçəklər olduğunu fərq edən kimi qısa araşdırma aparan adam öyrənib ki, divarındakı əsər mənzərə və çiçək rəsmləri ilə tanınan amerikalı rəssam Martin Conson Hidin tərzinə çox bənzəyir. Hyustondakı “The Museum of Fine Arts” 1999-cu ildə bu tablonu düz 1.2 milyon dollara satın aldı.
Ah, bu belçikalılar…
Belçika sakini “Euromillions” lotereyasında 25 milyon avrodan çox pul udub.
Ötən ilin iyul ayında başqa bir belçikalı cek-potda 68 milyon avro qazanmışdı. KİV-in məlumatına görə, lotereya oyunlarının vurğunu olan belçikalılar bir tiraja orta hesabla 3-5 milyon avro xərcləyirlər.
Lotereyanın indiyədək keçirildiyi dövr ərzində krallığın 26 sakini əsas mükafatın qalibi olub. Onlar toplam olaraq 789 milyon avro alıb.
“Euromillions”un qaydalarına görə, çek-pot sahibi anonimliyi saxlamaq hüququna malikdir.
Qəfildən böyük məbləğlərin sahibi olmuş sadə avropalıların böyük əksəriyyəti adının gizli saxlanmasına üstünlük verir.
Qəfil milyonçuların dərdləri.. 
Statistika müəyyənləşdirib ki, dünyada ən çox varlı insanlar Cənubi Amerikada yaşayır. Orda əhalinin 32,8 faizi milyonçudur. Avropanın 31,7 faizi, Asiyanın 20 faizi, Çinin 9,2 faizi, Şimali Amerikanın 8,4 faizi milyonçu sayılır.
Psixoloqlar deyir ki, qəfil milyonlara qovuşmaq psixologiyası və iradəsi zəif olan insanlar üçün ciddi sınaq sayılır. Belə ki, pulla necə davranacağını bilməyənlərə bu, fəlakət də gətirə bilər. Qəfil varlanan insanların ətrafında dərhal yeni “dostlar”, “qohumlar” peyda olur və onların niyyəti heç də hər zaman xoş deyil. Milyonçunu öz maraqlarına qurban etmək, eləcə də pis vərdişlərə yoluxdurma cəhdləri ilk zamanlarda xüsusən intensiv olur. Ekspertlər həmin şəxslərin yanında bir məsləhətçinin olmasını məqsədəuyğun hesab edir. Əlverişli investisiyalar, məqsədyönlü xərclər məhz bu məsləhətlər sayəsində mümkün ola bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir