Bakı şəhərində çoxmərtəbəli binalar inşa edən tikinti şirkətləri bir sıra hallarda piyada səkilərini zəbt edir, insanların sərbəst hərəkətinə mane olurlar. Bu barədə dəfələrlə geniş bəhs etmişdik. Bu dəfə isə, mənzil tikinti kooperativləri tərəfindən sadəcə piyada səkilərinin deyil, birbaşa avtomobil yolunun, küçənin zəbt olunması məsələsinə diqqət çəkmək istəyirik.
Fotolardan da göründüyü kimi, paytaxtın Nəsimi rayonu ərazisində Mərdanov qardaşları-Şamil Əzizbəyov küçələrinin kəsişməsindən Mərdanov qardaşları-Süleyman Rəhimov küçələrinin kəsişməsinə qədər olan avtomobil yolu tamamilə zəbt olunub. 44 saylı tam orta məktəb ilə Bakı Şəhər Baş Polis İdarəsinin vaxtilə burada mövcud olmuş inzibati binasının qarşısından keçən bu yol Mərdanov qardaşları küçəsini birbaşa Süleyman Rəhimov və Füzuli küçələrinə birləşdirirdi. Nəqliyyat vasitələri ikizolaqlı bu yol ilə indiki Füzuli küçəsinə, yaxud əks istiqamətdə keçmiş “Təzə bazar”a və “Kubinka” məhəlləsinə doğru hərəkət edə bilirdilər.
Avtomobil yoluna giriş-çıxış məhdudlaşdırılıb
90-cı illərdə Mərdanov qardaşları-Şamil Əzizbəyov küçələrinin kəsişməsindən Mərdanov qardaşları-Süleyman Rəhimov küçələrinin kəsişməsinə qədər olan avtomobil yolu ilə hərəkət Bakı Şəhər Baş Polis İdarəsinin mühafizəsi məqsədilə qismən məhdudlaşdırılmış, ardınca dəmir məhəccərə alınmışdı. O zaman bu, başadüşülən idi. Amma bu polis idarəsi 2010-2020-ci illər arasında Yusif Səfərov küçəsi 45 ünvanında yeni inzibati binaya köçürüldükdən sonra köhnə binanı söküb yerində çoxmərtəbəli bina inşa edən şirkət yolu birdəfəlik zəbt edib. Mərdanov qardaşları-Şamil Əzizbəyov və Mərdanov qardaşları-Süleyman Rəhimov küçələrinin kəsişməsindən avtomobil yoluna giriş-çıxış qeyri-mümkündür. Tikinti şirkəti binanın və 44 saylı orta məktəbin qarşısından keçən yolu məqsədli şəkildə, təxminən 50-60 santimetr hündürləşdirib, həm pilləkənlər, həm də şlaqbaum qoyaraq ərazidə nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edib.
Vətəndaşlar narazıdır
Nəsimi rayonunun Rəsul Rza küçəsində avtomobil yolunun Rəsul Rza-Salatın Əsgərova kəsişməsindən Rəsul Rza-Şamil Əzizbəyov kəsişməsinə qədər olan yüz metrlik hissəsi də tikinti şirkəti tərəfindən hasarlanıb. Təxminən beş ildir ki, Əlibəy Hüseynzadə küçəsindən başlamaqla Rəsul Rza küçəsi ilə Füzuli küçəsinə doğru düzünə hərəkət edən nəqliyyat vasitələri Salatın Əsgərova küçəsi ilə kəsişməyə çatanda məcburən sola dönür, istiqamətlərini dəyişməli olurlar. Çünki Mənzil tikinti kooperativi burada yolu tamamilə bağlayıb. İctimai maraqları bəzi hallarda görməzdən gələn belə tikinti şirkətlərinin özfəaliyyəti vətəndaşlarda ciddi narazılıq yaradır.
Bir cümləlik cavab
Nəsimi Rayon İcra Hakimiyyətinə də sorğu göndərib həm problemi diqqətlərinə çatdırdıq, həm də münasibətlərini öyrənmək istədik. İcra Hakimiyyətinin rəsmi cavabı bu oldu ki, “Ərazidəki tikinti müvəqqətidir”.
Yollarda qabaqcıl xarici təcrübəni tətbiq etmək olar
Mövzu ilə bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirir ki, istənilən halda küçələrin zəbt olunması yaxşı hal deyil. O, bunun qanunsuz olduğunu vurğulayıb: “Qeyd olunan küçələrə giriş-çıxışı birdəfəlik məhdudlaşdırmaq əvəzinə, orada ortaq küçə prinsipi ilə fərqli planlama ola bilərdi. İnkişaf etmiş xarici ölkələrdə bu təcrübəyə tez-tez rast gəlmək mümkündür. Bu qabaqcıl təcrübələrdə daha çox piyadayönümlü həll yollarına üstünlük verirlər. Həmin yol ilə nəqliyyat vasitələrinin hərəkətini tamamilə məhdudlaşdırmırlar, amma orada hərəkətdə olan avtomobil sürücüsü məkanın piyadayönümlü olduğunu hiss edir, ehtiyatlı davranır, təhlükəsizliyə ciddi riayət edir. Bakı şəhərinin Mərdanov qardaşları, Rəsul Rza küçələrində bəhs edilən yollarda da qabaqcıl xarici təcrübəni tətbiq etmək olar”.
Məsuliyyət tikinti şirkətlərinin üzərindədir
Ekspert bildirir ki, əgər ərazidə yaşayış varsa, piyadaların daha çox hərəkəti nəzərdə tutulubsa, avtomobillərin oraya giriş-çıxışını məhdudlaşdıran deyil, onların hərəkət sürətini azaldan həllər tətbiq edilməlidir: “Bunun üçün yolun örtüyünü fərqli etmək və digər metodlardan yararlanmaq olar. Amma Mərdanov qardaşlarında həm yol hündürləşdirilib, həm də şlaqbaum və pilləkən qoyulmaqla giriş-çıxış dayandırılıb. Bu, qanunsuzluqdur. Küçənin ortasına şlaqbaum qoymaq heç bir məntiqə sığmır. Əgər paytaxtda hər hansı küçə hansısa səbəbdən bağlanırsa, bununla bağlı əsaslı səbəblər olmalı, Bakı Şəhər İcra Hakimiyyəti, müvafiq dövlət qurumları ictimaiyyətə rəsmi məlumat verməlidir. Yolun bağlanmasına görə bütün məsuliyyət o yolu bağlayan tikinti şirkətlərinin üzərindədir. Bu addım əhali və nəqliyyat sıxlığından əziyyət çəkən Bakı şəhərinin mövcud durumunu bir qədər də çətinləşdirməyə xidmət edir”.
Rufik İSMAYILOV