USAQ

Uşağı yuxu rejiminə necə alışdıraq? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 585

Yəqin ki, bu problem sizə də tanışdır. Çünki əksər ailələrdə yuxu rejimi ilə bağlı valideynlərlə uşaqlar arasında anlaşılmazlıqlar baş verir. Xüsusilə də, axşamlar günün yorğunluğundan xilas olmaq istəyən böyüklər üçün belə hallar daha xarakterikdir. Üstəlik, əgər evdə ata da, ana da işləyirsə, problem daha da dərinləşir. Ancaq ilk illərdən başlayaraq uşağı yuxu rejiminə alışdırmaqla problemin qarşısını ala bilərsiniz.

 

Uşaqlar niyə gec yatmaq istəyirlər?

– 3-6 yaş dövründə olan uşaqlar “qaydaları pozmaqla” əslində valideynlərinin səbir kasalarını yoxlamağa çalışırlar. Əsasən, bu yoxlama valideynlərin ən çox üzərində durduqları şeylər ətrafında baş verir.

– Əgər evdə ata da, ana da işləyirsə, uşaq bu boşluğu doldurmaq üçün yatmaq istəməyə bilər. Uşağınız gecələr qorxudan da yuxuya getməkdə çətinlik çəkə bilər. Yeri gəlmişkən deyək ki, belə problemlər daha çox məktəb yaşına çatmamış uşaqlar üçün xarakterikdir. Məktəb yaşına çatmış uşaqlarda isə problemin əsas səbəbi stresdir. Digər tərəfdən, bu problem uşağın həyatında baş verən hər hansı bir spesifik hadisəyə reaksiya kimi də ortaya çıxa bilər. Məsələn, boşanma, ailədə yeni uşağın dünyaya gəlməsi, valideynlərin uşağa göstərdikləri mənfi reaksiyalar və s. Təbii ki, uşaqların yaşadıqları bu cür problemləri vaxtında hiss etmək çox vacibdir. Bu baxımdan valideynlik təkcə fədakarlıq yox, həm də bilik və bacarıq tələb edən bir sənətdir.

– İlk illərdə evdə müntəzəm yuxu rejiminin olmaması və ya yuxu rejiminə riayət edilməməsi uşaqlarda bu problemin meydana gəlməsinə səbəb ola bilər.

Bir uşaq və içəridə şəkili ola bilər

 

Uşaqlara yuxu rejimini necə aşılamaq olar?

– Uşağı yuxuya həvəsləndirmək üçün yatmazdan əvvəl ona bir nağıl danışın. Yaşından asılı olaraq uşağınızın otağında gecə lampası da yandıra bilərsiniz. Əgər uşağınızın yata bilməməsinə səbəb qorxudursa, otağının qapısını azacıq açıq qoya və ya sevdiyi bir oyuncaqla yatmasına icazə verə bilərsiniz.

– Uşağınız niyə tez yatmalı olduğunu bilməlidir. Ona görə də, bu vəziyyəti uşağınıza başa düşə biləcəyi bir şəkildə izah etmək yaxşı olar. Yeri gəlmişkən deyək ki, məktəbəqədər dövrdəki uşaqlar üçün yuxu müddəti gündə 10-12 saat, böyüklər üçün isə 6-8 saatdır.

– İlk illər uşağınız üçün konkret bir yuxu rejimi tətbiq edin və mümkün qədər bu rejimin pozulmasına imkan verməyin. Unutmayın, yuxu rejimi sizin iradənizdən asılıdır.

– Uşağınızın mövqeyinizdə hər hansı bir boşluq hiss etməsinə imkan verməyin. Əgər uşağınız ikinizdən birinizin mövqeyində boşluq hiss etsə, çəkinmədən ondan istifadə etməyə çalışacaq. Ona görə də, istər bu məsələdə, istərsə də başqa məsələlərdə həyat yoldaşınızla eyni dildə danışmağa çalışın.

– Yuxu rejimində ifrat mövqe tutmaq da doğru deyil. Məsələn, uşağınız və ya ailənizlə bağlı hər hansı müsbət və ya mənfi hadisə uşağınzın yuxu rejimini dəyişə bilər. Digər tərəfdən, ara-sıra uşağınızın müsbət hərəkətlərini mükafatlandırmaq üçün də yuxu rejimində müəyyən güzəştlərə gedə bilərsiniz.

– Siz televizorun qarşısında oturmusunuz, uşağınızdan isə yatmağı tələb edirsiniz. Təbii ki, uşaq üçün bunu qəbul etmək o qədər də asan deyil. Bunun üçün (xüsusilə də, uşağınıza yuxu rejimini aşılamağa çalışdığınız ilk illərdə) televizoru söndürə və ya yuxı saatına yarım saat qalmış “Bir az sonra yatmaq vaxtıdır” kimi xəbərdarlıqlarla uşağınızı yatmağa hazırlaya bilərsiniz. Digər tərəfdən, yuxu saatına yaxın uşaqlarla həyəcanlandırıcı və ya hərəkətli oyunlar oynamaq olmaz.

– Gec yatan uşaqların gec oyanması da təbiidir. Bu problemi aradan qaldırmaq üçün uşağınızın başqa vaxtlarla müqayisədə daha tez yatdığı və daha tez oyandığı bir günü müəyyən edin və o günü mümkün qədər səmərəli keçirin. Daha sonra bu gün haqqında uşağınızla söhbət edə və “Dünən tez yatdığın üçün bu gün tez oyandın, biz də səninlə çoxlu vaxt keçirdik”, – deyərək onu tez yatmağa həvəsləndirə bilərsiniz.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir