kista

Yumurtalıq kistaları nədən yaranır və onunla necə mübarizə aparılmalıdır?

Baxış sayı: 12. 011

Son dövrlər olduqca geniş yayılan yumurtalıq kistaları qadınların əksəriyyətinə böyük problemlər yaradır. Bu problemlərin nədən yarandığını və onunla necə mübarizə aparmalı olduğunuzu öyrənmək istəyirsinizsə, bu yazını oxumağa davam edin.

 

Yumurtalıq kistaları – yumurtalığın içində və ya üzərində yer alan, içləri maye ilə dolu kisəciklərdir. Yumurtalıqlar – uşaqlığın hər iki tərəfində yerləşən, badamvari orqanlardır. Bir çox qadınlar yumurtalıq kistaları ilə rastlaşa bilərlər. Əksər hallarda yumurtalıq kistalarının çoxu xəstəyə heç bir narahatlıq vermir. Və bəzi kistalar bir neçə ay ərzində müalicə olunmadan keçib gedir. Ancaq bəzi partlayan yumurtalıq kistaları ciddi simptomlar yarada bilər. Sağlamlığınızı qorumaq üçün ən yaxşısı kistaların simptomlarını və növlərini bilərək, nizamlı müayinədən keçməkdir. Lakin yumurtalıq kistası olub-olmadığı mövzusunda ancaq simptomlara güvənmək olmaz. Çünki kistanın olduğuna baxmayaraq, qadında heç bir simptom olmaya bilər. Və ya simptomlar endometrioza, çanaq orqanların iltihabi xəstəliklərinə, boru hamiləliyə və ya yumurtalıq xərçənginə oxşarlıq göstərə bilər. Yəni, simptomları müşahidə etmək, bədənindəki dəyişiklikləri izləmək və hansı simptomun əhəmiyyətli olduğunu bilmək çox vacibdir.

Əgər yumurtalıq kistası varsa aşağıdakı simptomlardan bir və ya bir neçəsi müşahidə ola bilər:

 aybaşı pozgunluğu (gecikmələr, vaxtından tez başlanması)

 çanaqda ağrılar (kəskin və ya davamlı)

 aybaşıdan əvvəl başlayan və ya bitməsinə yaxın ağrılar

cinsi əlaqə zamanı ağrı

 aybaşı arası qanaxma, uşaqlıq qanaxmaları

bəzi hallarda mədə bulanması, süd vəzilerin həssaslığı, hərarət

böyük bir yumurtalıq kistası qarında narahatlıq hissi verə bilər. Əgər böyük bir kista sidik kisəsinə təzyiq edirsə, daha tez sidik etmə ehtiyacı hiss edə bilərsiniz.

Bu simptomlar varsa həkimə müraciət etməlisiz.

 

Kistaların yaranma səbəbləri və növləri

İki növ funksional kista var:

Follikulyar kista

Yumurtalıqlarda hər ay follikullar yetişirlər və LH səviyəsinin artmasının fonunda partlayır. Bəzən normal bir follikul partlamır və böyüməyə davam edərək kistaya çevrilir. Bu vəziyyətdə yaranan kistalara follikulyar kista deyilir. Yəni, bu kista mensturasiya dövrünün normal funksiyası zamanı meydana gəlmişdir.

 

Sarı cismin kistası 

LH hormonu artığında və ovulyasiya baş verəndə çatlamış follikul hamiləliyin davam etməsi üçün daha böyük miqdarda estrogen və progesteron ifraz etməyə başlayır. Bu dəyişmiş follikul artıq Sarı Cism adlandırılır. Ancaq bəzən sarı cismin içinə maye yığılır və kista meydana çıxır.

Funksional kistalardan savayı digər kistalar da olur, lakin onlar daha nadirdir:

Dermoid kista

Bu kistaların içlərində saç, dəri, diş kimi toxumalar olur. Nadir hallarda xərçəngə keçir, lakin böyüyərək yumurtalığı tam məhv edə bilərlər.

Endometrioma (şokolad kisti)

Bu kistalar endometriozun bir nəticəsi olaraq inkişaf edir. Endometrioz – uşaqlığın iç təbəqəsində olan və hər ay aybaşı qanaması şəklində çölə tökülən endometriumun bədəndə uşaqlıq xaricində bir yerə yerləşməsidir. Bu toxuma yumurtalığa yapışaraq orada kista şəkilində inkişaf edə bilər.

 

 Cistadenoma

Bu kistalar yumurtalıq toxumasından əmələ gəlir və içlərində suya bənzər bir maye və ya selikli bir möhtəviyyat vardır. 17 sm-ə qədər böyüyə bilər və yumurtalığın burulmasına səbəb ola bilər.

Ginekoloji və ultrasəs müayinə zamanı kistalar aşkar olunur. Əgər kistadan şübhələnirsinizsə həkiminiz kistanın xüsusiyyətini və müalicəyə ehtiyacınız olub-olmadığını müəyyən etmək üçün irəli müayinələr (MRT, qan analizləri) istəyə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir