aliment

Ombudsmanın məruzəsində göstərilən problemlər həllini tapacaqmı?

Baxış sayı: 770

İnsan amili, vətəndaşların rifah halının yüksəldilməsi, maddi asılılığın azaldılması Azərbaycan dövlət siyasətinin daimi prioritetidir. Dövlət sosialyönümlü layihələrə həmişə üstünlük verir. Bunu qəbul edilən qərarlar, icraya yönəldilən layihələr sübut edir. Eyni zamanda çalışılır ki, icra edilən layihələr və qəbul edilən qərarlar dövlət maraqlarını da təhdid etməsin. Əslində vətəndaş maraqlarının təmini dövlət maraqlarının qorunması deməkdir. Vətəndaş dövlətdən razı qalmalıdır.

Bu məqsədlə də həyata keçirilən tədbirlər ictimai yönümlü olmaqla, vətəndaş maraqlarının təmininə xidmət etməlidir. Bu günlərdə Azərbaycan ombudsmanının məruzəsi yayılıb. İnsan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkil – Ombudsmanın 2020-ci il üzrə məruzəsində yer alan məsələlər vətəndaş maraqlarına xidmət etməklə, eyni zamanda özündə dövlətçiliyin möhkəmlənməsi üçün də müsbət meyarlar daşıyır. Məruzədə beynəlxalq standartlara cavab verəcək bir çox vacib təkliflər irəli sürülür. Təkliflərə baxdıqda uzun illərdir ictimaiyyəti narahat edən problemlərin həlli yollarının göstərildiyi məlum olur. Ombudsmanın məruzəsində göstərilən problemlərin həlli məqsədilə qanunvericiliyə dəyişikliklər təklifi də yer alıb.

 

Müavinətlər artırılsın, təqaüd yaşına çatmayanlar ixtisar edilməsin

Ombudsmanın hesabatında irəli sürülən təkliflərin əksəriyyəti dövlət və vətəndaş maraqlarına uyğun gəlməklə yanaşı, eyni zamanda beynəlxalq standartlar baxımından da diqqət çəkir. Hesabatda sosial müavinətlərin məbləğinin artırılması təklif edilir. Məlum məsələdir ki, uşaq pulu adlanan müavinətlər, hərbi qulluqçulara ödənilən kompensasiyaların məbləği daim müzakirə mövzusu olur.

Hesabatda “Sosial müavinətlər haqqında” qanununa uyğun nəzərdə tutulmuş birdəfəlik müavinətlərin zəruri hallarda ödənildiyini nəzərə alaraq, uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, bununla yanaşı, ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılması təklif edilir.

Hesabatda edilən digər tövsiyə bundan ibarətdir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, beşdən çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişikliklər edilsin.

Digər təklif kirayədə yaşayan hərbi qulluqçulara aylıq kirayə müavinətinin məbləğinin artırılması ilə bağlıdır. Qeyd edilir ki, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləği artırılsın. Həmçinin güzəştli şərtlərlə mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləği müəyyən edilsin.

Bununla yanaşı, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) Konstitusiyanın 9-cu maddəsinin I hissəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişikliklər edilsin.

Ombudsmanın hesabatında diqqət çəkən digər vacib məsələ təqaüd yaşına çatmayan işçilərin ixtisarı zamanı pensiya yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması təklif edilir. Hesabatda qeyd edilir ki, işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan olunsun və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələr edilsin.

Digər tövsiyə bundan ibarətdir ki, işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilsin. Ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təminat sistemi yaradılsın və bununla bağlı zəruri mexanizmlər hazırlansın.

Aliment

Aliment ödəməyən atalar məcburi əməyə cəlb edilməlidir

Ombudsmanın hesabatında uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmin – Aliment Fondunun yaradılması təklif edilir.

Hesabatda edilən digər tövsiyə bundan ibarətdir ki, məhkəmə qətnamələrinə əsasən, borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizm hazırlansın və tətbiq edilsin.

Hesabatda yer alan digər mühüm təklif “Pasportlar haqqında” qanuna dəyişikliklə bağlıdır. Təklif edilir ki, Azərbaycanda müəyyən təbəqəyə mənsub şəxslər nəzərə alınaraq şəxsiyyət vəsiqəsində baş örtüklərindən istifadə edilməsi ilə bağlı “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklər edilsin.

Hesabatda bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmir və bu hallar şikayətlərə səbəb olur. Bunun üçün də fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilir.

Bununla yanaşı, təklif edilir ki, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəa qanunvericiliyə əlavə edilsin.

novella ceferoglu

Valideyn həm övladı, həm də dövlət qarşısında məsuliyyət daşımalıdır

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu ombudsmanın hesabatının mütərəqqi təkliflərlə zəngin olduğunu dedi:

– Hesabatı incələmişik. Hər bir təklifi diqqətlə nəzərdən keçirmişik. Detallara varmadan, öncə bunu deyim ki, insan hüquqları üzrə ombudsman ixtisasını, peşəsini bilən hüquqşünas xanımdı. Professionaldı. Ombudsman İnstitununun əhatə etdiyi səlahiyyətlərin hamısını bilir və onlara diqqətlə yanaşır. Hesabatda cəmiyyəti, ictimaiyyəti narahat edən məsələlərə toxunulması hazırda Ombudsman Aparatında çalışanların öz işlərini, vəzifələrini yaxşı bildiklərini göstərir. Bu hesabat çox vacib bir təqdimatdı. Məhkumların doğmaları, yaxınları ilə videogörüntülü danışmalarının təşkili, məhkumluq həyatı yaşayanların qəbul imtahanlarında iştirakının təmin edilməsi çağırışları beynəlxalq hüquq sisteminə cavab verən təkliflərdir. Müasir dünyada bu məsələlərə ciddi önəm verilir. Məhkumun azadlığının məhdudlaşıdırılması, onun digər təbii haqlarını məhdudlaşdırmamalıdır. Şəxsiyyət vəsiqələrinə başörtülü fotoların da qəbulu məsələsi uzun illərdir müzakirə və mübahisə predmetidir. Bunun da bir yolu, üsulu tapılmalıdır. Hesabatda “Pasportlar haqqında” qanuna dəyişiklik təklifi bu baxımdan önəmlidir. Azərbaycan dünyada tolerant ölkə kimi tanınır və ona hörmət edilir. Odur ki, biz bu məsələdə də gərək tolerant davranaq. Qaldı aliment məsələsinə, sizə deməliyəm ki, bu məsələni ilk dəfə bizim cəmiyyət qaldırıb və gündəmə gətirib. Çünki biz həyat yoldaşından boşanmış qadınların və ya tənha anaların aliment almaq məsələsində necə əziyyət çəkdiyini qadın hüquqlarının müdafiə cəmiyyəti kimi bilirik. Dəfələrlə bununla bağlı məhkəmə proseslərində iştirak etmişik, qadınların hüquqlarının müdafiəsini təşkil etmişik. Problem bundan qaynaqlanır ki, ata heç bir yerdə işləmədiyini iddia edir və aliment ödəmək imkanının olmadığı təsdiqlənir. Bir çox hallarda atanın ödəməli olduğu alimenti təqaüdçü ata-anasının təqaüdündən çıxmağa başlayırlar. Yaşlı ata-ana niyə məsuliyyətsiz övladın əvəzinə təqaüdündən pul ödəməlidir? Problemdən çıxış yolu kimi biz də Aliment Fondunun yaradılmasını və ödəmənin dövlət tərəfindən həyata keçirilməsini təklif edirdik. Lakin burada əsas məsələ, dövlət vəsaitinin də ödənməsidir. Dövlət hər bir məsuliyətsiz atanın əvəzinə uşağa aliment ödəyəsi olsa, belə məsuliyyətsiz, vicdansız “ata”lar arxayınlaşacaq. Bu cür valideyni mütləq məcburi əməyə cəlb etmək lazımdır. İş yerləri var, onlara hər cür iş təklif edilə bilər. Şərt deyil ki, hardasa idarədə, müəssisədə vəzifə tutsunlar, mühəndisdirsə mütləq mühəndis işləsin, müəllimdirsə müəllim. Qoy getsin, küçə süpürsün. Təmizliklə məşğul olsun. Fəhləlik etsin. Daş, sement daşısın. Anlasın ki, övladının yaşayış xərcini ödəməlidir, körpəsini maddi cəhətdən təmin etməlidir. Bəlkə bu, onları məsuliyyətli olmağa vadar edər. Övladı qarşısında, dövlət və cəmiyyət qarşısında da məsuliyyət daşıdığını dərk edər. Aliment Fondunun yaradılması müsbət təklifdir və gərəklidir. Amma Fondun ödənişi müvəqqəti olmalı və aliment məsuliyyəti üzərində olan şəxs də bu vəsaiti gec-tez qaytarmaq məcburiyyətində qalacağını bilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir