toy

Əcnəbi ilə evliliyin toy sonrası fəsadları

Baxış sayı: 215

Son 5-6 ildə əcnəbilərlə nikaha daxil olan azərbaycanlıların sayı durmadan artırdı. Ötən il xarici ölkə vətəndaşları ilə ailə quranların sayının 1133 olması bu baxımdan azalmanın olması demək olsa da, indiki halda da rəqəmlər sözügedən halın heç də az olmadığını ortaya qoyur.

Daha çox Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna kimi ölkələrdən olan şəxslərlə ailə quran həmyerlilərimiz ümumiyyətlə isə indiyədək 60-dan çox ölkədən olan əcnəbi izdivac bağlayıblar. Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Yəni, atalar demişkən “könül sevən göyçək olar”.

Maraqlı məqamlardan biri də odur ki, xarici ölkə vətəndaşlarının əksəriyyəti azərbaycanlı qızla ailə qurmaq istədiyini deyir. “Çox istərdim ki, azərbaycanlı qızla ailə həyatı qurum. Heç onunla öz ölkəmə qayıtmaq da istəməzdim. Ya Almaniyada, ya da İngiltərədə qalmaq istərdim. Həyat yoldaşım da nə vaxt istəsə, öz vətəninə gələ, valideynlərinə, qohumlarına baş çəkə bilər. Ancaq istədiyim qızın atasının ”yox” deyəcəyindən qorxuram”. Bu sözləri 9 ildir Azərbaycanda yaşayan 32 yaşlı filippinli David Remma deyir.

 

Bəs əcnəbilərlə qurulan nikahlar barədə ekspertlər nə düşünür?

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə bağlayır: “Adətən hər bir insan fikirləşir ki, əgər onun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Başqa bir stereotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Yəni istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin qadınların ünsiyyət qurmasında da müəyyən qadağalar və sair qoyulur. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Ancaq Avropa da hər şey ideal deyil. Çünki ilk növbədə müxtəlif mədəniyyətlə rastlaşa bilərsən. Avropanın özündə bu gün problemlər çoxdur. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Lakin Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”.

M.Əzizovanın bildirdiyinə görə, əcnəbi ilə ailə quranlar insan alverinin qurbanına da çevrilə bilərlər: “Avropalı qadınlar orada yaşayan azərbaycanlı kişilərlə ailə qurmağa can atırlar. Bizim xanımlar isə avropalı kişilərlə ailə qurmağa çalışırlar. Bu gün ailə zorakılığı problemi Azərbaycanda tez-tez baş verir. Demək olar ki, biz bu qadınları tam müdafiə edə bilmirik. Ancaq Avropada elədir ki, əgər hansısa qadın hüquq pozuntusu ilə qarşılaşırsa, xüsusi qurumlar var ki, ailədə münaqişəni həll edirlər. Əgər qadın evlənəcəyi kişini yaxşı tanıyırsa və gedəcəyi ölkənin qanunlarını və adət-ənənələrini bilirsə, o zaman o həmin əcnəbi insanla ailə qura bilər. Avropalı kişilər isə robot Avropa qadını ilə yox, daha isti münasibət quran və yola gedən müsəlman qadını ilə ailə qurmaq istəyirlər”.

 

Psixoloq Asəf  Kərimov əcnəbilərlə ailə həyatı qurmaq istəyini  cəmiyyətin inkişafı ilə bağlayır: “İnsanın tələbatları var və bu tələbatlar ön plana çıxanda, bunun bir çıxış yolu olmadıqda təbii ki, adam mühitə uyğun olaraq dəyişir. Həmçinin insan psixologiyası dəyişir. Bundan başqa millətin içərisində daha çox avropalaşma gedir. Bu daha çox təhsilli xanımlarımıza aiddir. Bunun özü həm müsbət tendensiyadır, həm də mənfi. Hər halda bu onların seçimidir. Bütün hallarda deyə bilərəm ki, artıq dəyərlər dəyişib. İstəsək də, istəməsək də bunu qəbul etməyə məcburuq. Faktlar belə deməyə əsas verir ki, milli mentalitetin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Görünür yeni sivilizasiyalar, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum digər xalqlar kimi azərbaycanlılara da təsirsiz ötüşməyib. Əcnəbilərlə nikah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişlənməsi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası bu cür nikahların sayının artmasına səbəb olub”.

 

Hüquqşünas Fariz Namazlı isə deyir ki, əcnəbi ilə ailə həyatı qurduqda hüququ tərəfdən bir çox problemlər ortaya çıxa bilər: “Əcnəbi şəxslərlə Azərbaycan vətəndaşları ailə qurduqda bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Ona görə də Azərbaycan vətəndaşları üçün hüquqi cəhətdən bir sıra problemlər yarana bilər. Çünki əcnəbi şəxsin başqa şəxslərlə rəsmi nikahda olub-olmamasını müəyyənləşdirmək çətindir. Bunun üçün həmin şəxsin vətəndaşı olduğu ölkənin ədliyyə orqanlarından onun nikahda olub-olmaması barədə arayış almaq lazımdır. Bundan başqa həmin şəxs rəsmi nikahda olmaya da bilər, lakin faktiki nikahda ola bilər. Bəzən də olur ki, əcnəbi şəxs Azərbaycan vətəndaşı ilə evlənir və bir müddət sonra öz ölkəsinə gedir. Bu halda azərbaycanlının öz hüquqlarını müdafiə etməyi çətin olur. Əgər onların övladı olarsa, onun üçün aliment alınması problem olur. Həmçinin əcnəbinin Azərbaycanda əmlakı olmadığına görə, nə əmlak mübahisəsi başlana bilir nə də övladı üçün aliment ala bilir”.

Hüquqşünas xarici vətəndaşlarla ailə qurmağın riskli olduğunu deyir: “Əcnəbi ilə ailə quran ilk növbədə həmin ölkənin qanunlarından xəbərdar olmalıdır. Buna görə də əcnəbi vətəndaşla ailə qurmaq istəyən şəxs ailə quracağı insan barədə həmin ölkənin səfirliyi və yaxud başqa vasitələrlə araşdırma aparmalıdır. Çünki bəzən xarici vətəndaşlar məqsədli evlilik həyata keçirirlər. Belə ki, bu evliliklər onların ölkədə qalma işini asanlaşdırır”.

 

“Təzə Pir” məscidinin axundu Hacı Faiz isə deyir ki, İslam dininə görə, qeyri-müsəlmanla evlənmək qadağandır: “Əgər azərbaycanlının ailə quracağı şəxs başqa dindən olarsa, milliyyətindən asılı olmayaraq İslam buna icazə vermir. İngilis, fransız və başqa millətdəndirsə, müsəlmanlığı qəbul edirsə, o zaman bu günah sayılmır. Ancaq əcnəbi  də müsəlmanlığı evlənmək xətrinə qəbul etməməlidir. Əgər müsəlmanlığı qəbul etmirsə, ona qız vermək olmaz. Bu qadağandır. Hər hansı müsəlman başqa millətin vətəndaşı ilə ailə qurursa, xüsusən əcnəbi oğlan tərəf gələcəkdə ondan dünyaya gələn övladı öz tərəfinə çəkəcək. Onu da qeyd edim ki, əcnəbilərlə qurulan nikahlar çox hallarda uğursuz olur. Bəzən elə şəraitə düşürlər ki, ora uyğunlaşa bilmirlər. Əksər hallarda belə olur. Ona görə də gənclər bilməlidirlər ki, qeyri-dindən olan əcnəbi ilə evlənmək şəriətdə qadağandır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir