ZORAKILIQ

Ailədaxili zorakılıqlar nədən qaynaqlanır?

Baxış sayı: 184

Kişilərin təsəvvür etdiyi kimi, ailə münasibətlərinin idealı çətin əldə edilir və müasir ailədə «münaqişələrə» səbəb olur. Kişilərin əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya işləməməsindən asılı olmayaraq, əsas odur ki, evdə həmişə rahatlıq və səliqə olsun; qadının peşəkar fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstünlüyü saxlanılmalıdır.

Ailələrdə, xüsusilə də Azərbaycan ailələrində əməyin ənənəvi bölgüsü aparılır. Ər pul qazanır, qadın isə təsərrüfatla məşğul olur. Bir qayda olaraq kişilər ev işləri və uşaqların tərbiyəsi ilə qadınlara nisbətən əhəmiyyətli dərəcədə az məşğul olurlar. Bu da öz növbəsində, ailədə gərginlik və münaqişələr yaradır. Ailə münaqişələri ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80-85 faizində münaqişələr, qalan 15-20 faizində isə müxtəlif səbəblərdən hərc-mərclik baş verir. Hər şeydən əvvəl ailə münaqişələri xüsusi obyektlərlə seçilir, bunların xüsusiyyəti ailə münasibətlərinin unikallığı ilə şərtlənir. Bu münasibətlərin mühüm cəhəti ondan ibarətdir ki, onların əsas mahiyyətini həm şəxsiyyətlərarası, həm də ailənin funksiyasının realizə edilməsi ilə bağlı olan hüquqi və mənəvi öhdəliklər təşkil edir. Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onlardan əhəmiyyətlisi: o ailə üzvlərinin fəallığının, özünüifadə etməsi azadlığının məhdudlaşdırılması, ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması (alkoqolizm, narkomaniya və b.), çətin həll edilən maddi problemlərin mövcudluğu, ər-arvad münasibətlərinə qohumların avtoritar qarışması və s. Ailə münaqişələrinin xüsusiyyətləri onların dinamikasında, habelə necə keçməsi formasında ifadə olunur. Bütünlükdə ailə münaqişələrinin dinamikası klassik mərhələlərlə xarakterizə edilir; münaqişə situasiyasının yaranması, onun dərk edilməsi, açıq qarşıdurma; münaqişənin həll edilməsi, münaqişənin emosional təəssüratı. Ailə münaqişəsinin xüsusiyyətlərindən biri də ağır sosial nəticə ilə sonuclanma ehtimalının olmasıdır. Bəzən belə münaqişələr faciə ilə yekunlaşır və ailə üzvlərinin müxtəlif xəstəliklərə düçar olmasına səbəb olur. Belə münaqişələrin uşaqlar üçün xüsusi ağır nəticələri olur.

Qadina zorakiliq

Tədqiqatçı alimlər belə ailə münaqişələrini təhlil edərkən onların aşağıdakı növlərini və səbəblərini qeyd edirlər: ailə, valideynlər və uşaqlar, qohumlar arasında (münaqişənin subyekti); dəyərlər münaqişəsi, təsərrüfat-iqtisadi, mövqe ilə bağlı, seksual, emosional münaqişələr.

Ailə münaqişələri, xüsusilə ər-arvad münaqişəsi təhlil edilərkən, ailənin inkişafında böhranlı dövrlərin nəzərə alınması vacibdir. İlk dövr ailə həyatının birinci ilində müşahidə edilir (nigahların ümumi sayının 30 faizini boşanma ehtimalı daşıyır), ikinci dövr uşaqların anadan olması ilə bağlıdır. Belə ki, uşağın anadan olması bir çox ailələr üçün ciddi sınaqdır. Ər-arvadın onların valideynlərinin görüşlərinin müxtəlif məsələlərdə, o cümlədən uşağın tərbiyəsində qarşıdurması mümkündür, üçüncü dövr həyat yoldaşları arasında münaqişə orta yaş dövrünə təsadüf edir, bu dövr hisslərin məhdudluğu ilə xarakterizə edilir; dördüncü dövr ər-arvadın birgə yaşayışının 18-24-ci illərindən sonra yaranır.

Praktiki olaraq bütün ailə münaqişələri gender münaqişələridir, belə ki, ilk növbədə ailə — kişi ilə qadın arasında (ərlə arvad arasında) şəxsi münasibətlər deməkdir. Şəxslərarası münasibətlər səviyyəsində gender münaqişələri həm ailə, həm də professional sferalarda daha geniş yayılıb. Son onilliklər dünyada əhalinin urbanizasiya templərinin, şəhərlərin artması yalnız yaşayış yerləri və qidalanma problemlərindən ibarət deyildir. Əsas xüsusiyyət ondan ibarətdir ki, əhali artımı və sosiumun eybəcər şəklə düşməsi insanların tolerantlığını azaldır, depressiv reaksiyaları, nevrozları, aqressiv davranışları çoxaldır. Elə bir ölkə, insan qrupları yoxdur ki, onlara zorakılıq toxunmasın. Zorakılığın nümayişi, onun haqqında məlumat kütləvi informasiya vasitələrində aşıb daşır. Zorakılıq hər yerdədir, o iş yerlərində, küçələrdə, məktəblərdə, müəssisələrdə mövcuddur. Bu universal zorakılıq cəmiyyətin strukturunu bölür, insan sağlamlığına və bütün insanların xoşbəxt olması üçün təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il 1,6 milyon adam zorakılıq nəticəsində həlak olur. Belə ki, hər ölənin payına daha çox yaralanan, zorakılıq nəticəsində fiziki, seksual, reproduktiv və psixi xəstəliklər alanlar düşür. Bütün dünyada 15 yaşından 44 yaşına qədər ölümlərin vacib səbəbləri sırasında zorakılıq da var; mütəxəssislərin hesablamasına görə, kişilərin 14 faizi, qadınlarınsa 7 faizi bu səbəbdən dünyasını dəyişir.

Zorakılıqdan danışmaq mənəviyyatın, ideologiyanın və davranış mədəniyyətinin mürəkkəb mövzularına toxunmaq deməkdir. Təcrübə göstərir ki, zorakı davranışı və onun nəticələrini qabaqlamaq mümkündür. Buna görə də zorakılığın mahiyyətini dəqiq müəyyənləşdirmək lazımdır. Zorakılıq — qəsdən özünə, qeyri şəxsə, qrupa, birliklərə qarşı yönəldilmiş fikrin, qüvvələrin, hökmranlığın həqiqətən və ya qorxutmaq məqsədi ilə tətbiq edilməsi nəticəsində əmələ gələn bədən xəsarəti ilə, ölümlə, psixi travmalarla, inkişafdan qalma və s. ilə müəyyənləşdirilir.

Məhz qadınlar əhalinin ən incidilmiş hissəsi hesab edilir. Onlara münasibətdə həyata keçirilən zorakılıq tarixən davam edən kişi və qadın arasında olan qeyri-bərabər münasibətlərdən irəli gəlir. Bütün dünyada aparılan tədqiqatların nəticələri görə, onların 10-69 faizə qədəri ömrünün bu və ya başqa vaxtında kişi tərəfmüqabili tərəfindən fiziki zorakılığa məruz qalıblar. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kişilərin qadınlar üzərində hakimliyinin sosial modeli üstünlük təşkil edir və müvafiq olaraq burada qadınlar zorakılığa məruz qalır. Müxtəlif vaxtlarda ictimai təşkilatlar tərəfindən aparılan sosioloji tədqiqatlar bunu təsdiqləyir. BMT-nin «Gender inkişafda» layihəsi çərçivəsində 19-60 yaşında qadınlar arasında sorğu aparılıb. Respondent qadınlardan 37 faizi zorakılığın olması faktını qeyd etmişlər. Onlardan 58 faizi ailədə, 32 faizi öz ailələrində (ata evində), 10 faizi ictimai həyatda (işdə, küçədə) baş verib.

Bütünlükdə ailədə zorakılıq deyərkən adətən ər (arvad) və ya partnyor tərəfindən baş verən fiziki təsir nəzərdə tutulur, eyni zamanda bu, böyüklər tərəfindən uşaqlara edilən fiziki təsirlərə də aid edilə bilər. Feministlər təsdiq edirlər ki, ailədə zorakılığın, qadınlara münasibətdə ev zorakılığının kökləri həyatın patriarxal quruluşunda idi, bu quruluşda kişilərə qadınlar üzərində hakimiyyət verilmişdi.

Hüquq mühafizə orqanlarının qeyri-effektiv fəaliyyəti, zorakılığın qurbanlarını qorumalı olan sosial institutların olmaması, zorakılıq faktlarının kütləvi müzakirəsinin qadınlar tərəfindən təkidlə rədd edilməsi qadınların hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkindirir.

Bunlar ev zorakılığı zamanı ailədaxili zorakılığı adi hadisə kimi qəbul edən qadınların özlərinin qorxu və imkansızlığı ilə daha da dərinləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinə görə zorlamaya, o cümlədən arvadın əri tərəfindən zorlanmasına görə cəza verilməsi nəzərdə tutulmayıb, bu fakta görə statistic məlumatlar da çox vaxt açıqlanmır. Respublikada ev, məişət zorakılığı barədə qanuverici akt qəbul edilməyib, məhkəmə orqanlarında zorakılıq xüsusi hal kimi məhkəmə icraatına qəbul edilmir. Nəticədə, ailədə qadına qarşı olan zorakılıq çox vaxt nə cəmiyyət, nə də ailə tərəfindən nəzərə alınmır.

1993-cü ilin dekabrında BMT-nin Baş Assambleyası qadınlara münasibətdə zorakılığın ləğvi barədə deklarasiyanı qəbul etdi. Bu deklarasiya qadınlara münasibətdə bilavasitə və bütünlüklə zorakılıq məsələlərinə həsr edilmiş insan hüquqları sahəsində ilk beynəlxalq sənəd olmuşdur. Bu sənəddə təsdiq edilir ki, qadınlara münasibətdə baş verən zorakılıq qadınların hüquq və əsas azadlıqlarının həll edilməsindən, eyni zamanda bu hüquqlardan və azadlıqlardan istifadə zamanı qarşıya çıxan maneələrdən ibarətdir. Qeyd edək ki, Azərbaycan da bu deklarasiyaya qoşulub.

Image result for Yazıçı Fəxri Uğurlu

Yazıçı Fəxri Uğurlu deyir ki, əslində öz əzizini öldürmək elə özünü öldürməkdir: «Adam öz arzularını həyata keçirə, həyatla mübarizə apara bilmir, öz emosiyasını boşaltmağa yer tapmır, nəticədə gücü özünə, özününkünə yönəlir. Məsələn, qardaş qardaşı tamah məqsədilə öldürür. Qətlin motivi tamahdır, amma əslində qatil qardaşın özünə ev almaq imkanı olsaydı, bunu bacarsaydı, bir daxmanın üstündə qardaşını öldürməzdi». Yazıçı indi Azərbaycan cəmiyyətində daha çox emosiya bolluğu duyur, nəinki hisslərin olduğunu görür: «Əslində emosiya instinkdir. İnsanı heyvandan fərqləndirən onun hissləridir. Bu gün bizim cəmiyyətdə hisslər kütləşib. Ona görə də hər gün ailə faciələri barədə eşidirik».

 

Ülviyyə Tahirqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir