internet

Ailələrin dağılmasında internet ünsiyyətinin nə dərəcədə təsiri var?

Baxış sayı: 1. 528

“Sosial şəbəkələr boşanmalara səbəb olur”. Deputat Çingiz Qənizadə belə düşünür. Deputat bildirib ki, ötən il qurulmuş 60 min ailədən 12 mini boşanma ilə nəticələnib:

“Bu, təxminən iyirmi faiz deməkdir və çox təhlükəli rəqəmdir. Burada sosial şəbəkələrin də rolu var. Maariflənməyə ehtiyac var və bu, sosial şəbəkə üzərindən də aparılmalıdır. Mən dediyim rəqəm rəsmi nikahlara aiddir. Bura küsülü gedənlər və digərləri aid deyil”.

Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də internetin Azərbaycanda tənha insanların sayını artıracağından, boşanma prosesini gücləndirəcəyindən narahatlığını ifadə etmişdi.

Komitə rəsmisi Elgün Səfərovun sözlərinə görə, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. O, əvvəllər ailələrdə məişət zorakılığı hallarının boşanmaya səbəb olmadığını söyləyib.

Gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar. Xarici dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır.

Amma bu problemi təkcə internetin ayağına yazmaq olmaz. Ailə quran cütlüklərin bir-birini yaxşı tanımaması, zorakılıq, sosial şəraitin pis olması boşanmalarla nəticələnir. Sözsüz ki, 90-larda maddi şəraitin daha ağır olduğunu, amma boşanmaların kütləviləşmədiyini söyləyə bilərik.

Lakin qloballaşan dünyada müasir gənclik köhnə həyat tərzi ilə yaşamır, gənc qadınlar həyat yoldaşının az qazancı ilə barışmır, özü karyera qurmaq istəyir və s. ilaxır problemlər meydana gəlir.

Bu da boşanmaya gətirib çıxarır. Son dövrlərdə sosial şəbəkə üzərindən xəyanətlər olması faktları da az deyil. Hətta cinayətə gətirib çıxaran hallar olur.

Sosioloq Əhməd Qəşəmoğlu bu məsələyə birmənalı yanaşmağın və tələsik fikir bildirməyin tərəfdarı deyil. Onun sözlərinə görə, cəmiyyət mürəkkəbləşir və hər bir prosesə kənar təsirlər çoxalır.

ehmed qesemoglu

Ekspertin fikrincə, kəndlərdə boşanmalara təsir faktoru bir-iki amildirsə, şəhərlərdə müxtəlif səbəblər var:

“Çingiz müəllim əgər düşünürsə sosial şəbəkələrin rolu daha çoxdur, gəlin bir statistika aparaq, görək boşanmış ailələrin neçə faizi feysbuka girir, internetdən istifadə edir.

Məncə, boşanmalara təsir edən iqtisadi səbəblərdir. İkincisi, milli-mənəvi dəyərlərə münasibət dəyişib. Min illərin təcrübəsi göstərir ki, mənəvi dəyərlər öndə olursa, cəmiyyət özünü tənzimləyir. Gərək mənəvi dəyərlər möhkəm, güclü olsun, immunitet güclənsin ki, sosial şəbəkə və ya kənar təsirlər ailələrin dağılmasına gətirib çıxarmasın”.

Ə.Qəşəmoğlu hesab edir ki, vaxtında addımlar atılmalıydı, konkret fəaliyyət proqramı olmalıydı: “Bu proseslər yer üzündə baş verir, qloballaşma gedir. Bəzən bilmədən özümüz də dəstək veririk. Məsələn, qadınlara qarşı zorakılıqla xaotik mübarizə kampaniyası başlayıb. Bunlar düşünülməmiş addımlardır. Kişilərin vəhşi obrazı yaradılır, qadınlar heç dərk eləmir ki, zorakılıq nədir. Çünki azadlıq anlayışı düzgün mənimsənməyib. Konkret fəaliyyət proqramı olmasa, bu gedişlə ilbəil boşanmaların sayı artacaq.  Mən həmişə deyirəm ki, sosial şəbəkələr ilan zəhəri kimidir. Düzgün istifadə olanda dərmandır, olmayanda dağıdıcıdır”.

Sosioloq xarici teleserialların mental dəyərlərə, ailə institutunun dağılmasına təsirlərini də istisna etmir: “Düşmən marağı da var ki, bizim əhaliyə pis təsir edən ideyalar təbliğ olunsun. Əfsus ki, öz filmlərimizdən arzu etdiyimiz kimi yarada bilmədik. Xarici seriallar isə narkotik kimi təsir edir”.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir