2014-cü ilin iyul ayından ermənilər tərəfindən Kəlbəcərdə girov götürülərək qondarma məhkəmədə haqqında ömürlük həbs qərarı verimiş Dilqəm Əsgərovun ailə albomundan fotoları yayımlanıb.
D.Əsgərovun həyatının müxtəlif vaxtlarını əks etdirən fotoları oğlu Kürdoğlu Əsgərov paylaşıb.
Girov D.Əsgərovun oğlu qeyd edib ki, çörək dalınca gedib Rusiyanın soyuq çöllərində ağır işlərdə çalışan atasının Bin Laden kimi terrorçularla eyni tutularaq azadlığından məhrum edilməsi, olmazın işgəncələr verilməsi heç bir insani və hüquqi normalara sığmır.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.