online alis-veris

Alış-veriş saytlarından məhsul sifariş verərkən, yaranan problemləri necə həll etməli?

Baxış sayı: 1. 448

“Noyabr ayında dealman.co.nz adlı xarici onlayn alış-veriş saytından iki məhsul almışam. Amma məhsul gəlmir ki, gəlmir. Əvvəl dedilər ki, bir müddət də gözləyin, gələcək. Daha sonra hətta mənə trackinq nömrə də verdilər. Amma ilk gündən o nömrə sistemdə çıxmadı. Məhsullar isə gəlmədi” – bu sözləri bizimlə söhbətində Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov bildirdi. Ş.Camalovun qeyd etdiyi sayta daxil olanda isə www.shopdealman.com adlı sayt açılır. Müsahibim deyir ki, alış-veriş üçün 74 dollar ödəyib: “Texnologiyadan başım çıxır, proqramlarla işləyirəm. Sayt çox yüksək səviyyədə hazırlandığı üçün saxta olduğunu təsəvvürümə belə gətirə bilməzdim. Amma sonra məlum oldu ki, saxtadır”.

 

“Problemlə bağlı hara müraciət edəcəyimi bilmədim”

Düzdür, bu, həddindən artıq böyük rəqəm olmaya bilər, amma az da hesab edilməz. Bir nəfərin bu qədər pulunun boşuna getməsi heç də etinasız yanaşılası hal deyil, hələ bu kimi problemlə üzləşən nə qədər digər insanlar da var.

Zəhra Hacıyeva isə belə problemlə iki dəfə üzləşdiyini deyir. Özü də məşhur alış-veriş saytlarından sifariş edib, amma çatdırılma olmayıb: “Keçən il may ayında aliexpress.com.ua-dan anamın doğum günündən iki həftə əvvəl onun üçün geyim sifariş verdim. Amma gəlmədi. Sonra məktub yazdım, dedilər ki, bir neçə aya göndəriləcək. Amma bir neçə gündən sonra anamın yenidən ad günü olacaq. Yəni bir il keçsə də, məhsulu çatdırmadılar, pulu isə geri qaytaran yoxdur. Ebay.com-dan isə telefon sifariş vermişdim. Hesabımdan pul çıxdılar, amma telefon gəlmədi. Sonra məktub yazdım, dedilər ki, sizin məhsul sərhəddə saxlanılıb. Dedim onda pulumu geri qaytarın. Dedilər ki, mümkün deyil. Geyim üçün pul az olsa da, telefona 80 dollar ödəmişdim. Bu isə az məbləğ deyil. Xarici sayt olduğu üçün isə problemlə bağlı hara müraciət edəcəyimi bilmədim”.

 

“Bu kimi hallarda istehlakçıların hüquqlarını qoruyan mexanizm çox zəifdir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, AİB-ə bu tipli müraciətlər çox daxil olur: “Ödəniş edirlər, məhsul göndərilmir, yaxud çatdırılsa da, çox keyfiyyətsiz olur. Məhsul keyfiyyətsiz çıxanda qaytarmaq problemi olur. “Ebay”dan bir nəfər telefon sifariş vermişdi, çox keyfiyyətsiz bir məhsul göndərmişdilər. Heç cür qaytara bilmədi. Azərbaycanda xüsusilə www.qnet.net şirkətindən sifariş edilən məhsulların çatdırılmadığı ilə bağlı 72 şikayət daxil olub. Bunları 8 ay öncə Baş Prokurorluğa göndərmişəm”.

E.Hüseynov deyir ki, bu kimi hallarda istehlakçıların hüquqlarını qoruyan mexanizm çox zəifdir: “Ona görə də, biz Ombudsman Aparatına təklif vermişik ki, Milli Məclis qarşısında məsələ qaldırsın, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dəyişiklik olunsun, bu məsələlər öz əskini tapsın”.

 

“Ən çox satılanlar”dan alın…

Elektron Ticarət İcmasının (ETİ) rəhbəri Rəşad Camal deyir ki, elektron ticarətin 3 forması var. Problem isə platforma üzərindən aparılan alış-veriş zamanı yaranır: “Elektron ticarətdə bir neçə cür alış-satış növü var. Birincisi, rəsmi şirkətlər özlərinə elektron ticarət saytı açırlar və ordan məhsullarını satırlar. İkincisi, alış-satış platforması yaradılır, bir nəfər məhsulunu ora satmaq üçün yerləşdirir, digəri də daxil olub alır. Sayt məhsul satmır. Bir də var, platforma üzərindən şirkətlər məhsullarını satırlar, digər şirkətlər alırlar. Burada problem platforma üzərindən satış həyata keçirilənlərdə olur. Aliexpress.com.ua, ebay.com kimi platformaları buna misal göstərə bilərik. Həmin platformalar məhsul satmırlar, sadəcə, onların üzərindən alış-veriş həyata keçirilir. Orada qeydiyyatdan keçən bəzi şirkətlər ödəniş edilsə də, məhsulu alıcıya göndərmirlər”.

R.Camal deyir ki, xarici alış-veriş saytlarından məhsul sifariş verərkən satıcını araşdırmaq lazımdır: “Alıcıların təhlükəsizliyini qorumaq üçün platformalarda “top bestseller”lər (ən çox satılanlar) yaradılıb. Hər dəfə alış-veriş ediləndə alıcılar həmin şirkətlər haqqında fikir bildirirlər, ulduz qoyurlar, rəy yazırlar. Alıcılar məhsulu məhz həmin köklü satıcılardan almağa çalışsınlar. Əgər onlardan alınırsa, 99 faiz hallarda problem olmur. Köklü satıcılarla da bəzən problem olur. Logistika şirkətləri məhsulun göndərilməsini gecikdirə bilir. Amma bu o demək deyil ki, məhsul gəlib çatmır. Bir-iki gün fərq ola bilər. Amma məhsul ümumiyyətlə gəlmirsə, aylar keçirsə, bu o deməkdir ki artıq saxtakarlıq var”.

 

Alıcı saxtakarlıqla üzləşibsə, nə etməlidir?

R.Camal qeyd etdi ki, alıcı, sifariş verdiyi məhsul göndərilmədikdə, pulunu geri ala bilər: “Əgər Azərbaycanda fəaliyyət göstərən bankların kartı ilə alış-veriş ediblərsə, öz banklarına müraciət edib, hardan alış-veriş etdiklərini göstərirlər, rekvizitlərini verirlər. Bank 30 iş günü ərzində həmin məsələni araşdırır, doğrudan da alıcı haqlıdırsa, o zaman pulu geri qaytarırlar. Elektron ticarət adi dükanlar kimidir. Təhlükəsizliyi düşünüb, hansısa bir küncdə yerləşən, qaranlıq, üfunət iyi verən mağazaya girib məhsul almırsınızsa, elektron ticarət də elədir. Elə elektron ticarət saytı var ki, onların SSL sertifikatı var. Sayta daxil olduqda, birinci vizual görüntüyə baxanda bilinir ki, bu professional işdir, yoxsa yox. Onlayn alış-veriş edərkən həmin şirkətin sertifikatının olub-olmamağına, hansı banklarla əməkdaşlıq edib-etmədiyinə, neçə ildir fəaliyyət göstərdiyinə baxmaq lazımdır. Əgər hər şey qaydasındadırsa, məhsulu rahatlıqla ala bilərsiniz. Onlayn alış-verişdən qorxmaq lazım deyil. Elə şey ola bilməz ki sizi aldatsınlar, pulunuzu verməsinlər. Orada sadəcə, platforma üzərindən məhsul alarkən aldana bilərsiniz”.

 

Məhsulun keyfiyyətinə, ödənişin geri qaytarılmasına zəmanət…

Elekton ticarət üzrə mütəxəssis Zahir Əzəmətin sözlərinə görə, xarici saytlardan alış-veriş edərkən, bu sahədə məşhur olanlara üstünlük vermək lazımdır: “Necə ki real həyatda bir məhsul almaq istəyərkən daha tanınmış mağazalara, brendlərlə üstünlük veririksə, elektron ticarətdə də dünya nəhəngləri var. Dünyanın istənilən nöqtəsinə xidmət göstərə biləcək gücdə olan şirkətlər var. “Alibaba”, “Ebay”, “Amazon” və başqalarını misal göstərə bilərik. Alış-veriş etdikdə bunlara diqqət etmək lazımdır. Tanınmamış, arxasında duran şəxsin kimliyi bilinməyən saytlarda alış-veriş  etməkdən çəkinmək lazımdır. Hansı saytdan alacağına diqqət etmək vacibdir”.

Z.Əzəmət deyir ki, tanınmış saytlardan alanda məhsulun keyfiyyətinə, şirkətlər məhsulu çatdırmasalar ödənişin geri qaytarılmasına zəmanət verilir: “Tanınmamış, hansı ölkəni, hansı şirkəti təmsil etdiyi bilinməyən saytlarda bu, çətin ki olsun. Hansısa məhsulun ucuzluğuna aldanıb alış-veriş etmək olmaz. Əgər məhsul gəlmirsə, saytda müraciət bölməsinə yazaraq problem bildirilməlidir. Hər bir satıcı saytda qeydiyyatdan keçir. Alış-veriş prosesinə sayt nəzarət edir. Əgər hər hansı satıcı sizə yanlış məlumat veribsə, istədiyiniz məhsulu göndərməyibsə, yanlış xidmət göstəribsə, sayt rəhbərliyinə müraciət edirsiniz, həm pulunuzu geri qaytarırlar, həm də şirkəti cərimələyirlər, yaxud sistemdən qovurlar”.

Müsahibimiz onu da qeyd etdi ki, bir çox vətəndaşlarımız elektron ticarətlə bağlı tam məlumatlı olmadığı üçün problem yarananda çıxış yolu olaraq nəsə edə bilmirlər, ona görə pulları batır: “Düzdür, ingiliscə bilmədən müraciət etmək çətin olar. Amma həmin saytların hər birində “Şikayət et” düyməsi var. Elektron ticarətlə bağlı bizdə insanların çoxunun məlumatı azdır. Biz ölkəmizdə elektron ticarətlə məşğul olanda görürdük ki, insanlar bu alış-verişin müsbət və mənfi tərəflərindən məlumatsızdırlar. Bu da zamanla düzələn məsələdir. Məsələn, məhsulu təhvil almaqla bağlı sənəd itirilsə, dünyanın heç bir yerində artıq onu nə qədər keyfiyyətsiz olsa da, geri qaytara bilməzsən. Digər şərtlər də bunun kimi. Ümumiyyətlə, elektron alış-veriş edərkən qaydalarla tanış olmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir