intihar

“Allahdan məni bağışlaması üçün hər gün dua edirəm” -3 dəfə intihara cəhd edən ananın hekayəsi

Baxış sayı: 600

“Həyat qəribəliklərilə doludur. Heç vaxt etmərəm deyirsən, amma bir də görürsən ki, boğazında ölüm kəndiri, ayağının altında da yaşadığın bütün həyatın. Bir anlıq lent yazısı kimi hər şey gözünün önündən gəlib- keçir”.

Bu sözləri Vəfa Vəliyeva deyir (ad-soyad şərtidir). O, dəfələrlə intihara əl atıb, amma sonda möcüzə nəticəsində sağ qalıb: “Üç dəfə intihara cəhd etmişəm. Soruşa bilərsiniz ki, iki oğul anasısan, yaşama səbəbin var, niyə intihara əl atırdın? Bəli, həyatımı balalarıma həsr etmişəm, onlar üçün yaşamışam, qadınlığımdan, gəncliyimdən onlarçün imtina etmişəm. Bu sözlərimə görə bəlkə də qınayacaqsız məni. Övladlarımın həyatı ağır keçməsin, yaxınlarım rahat olsunlar deyə öz qadınlığımdan imtina etdim. Ailə qurmadım. Etiraf edirəm, mən intihar edəndə balalarımı belə düşünmədim. Mənsiz nə edəcək, necə olacaqlar bunları düşünmədim…”

Vəfanın sözlərinə görə, sonradan, düşünmədən atdığı bu addım üçün çox  peşman olub: “Ürəyindən belə bir fikir keçənlərə demək istəyirəm: intihar etməyin, mən çox peşman oldum. Boğazımdakı kəndirin ağrısını hələ də hiss edirəm, ikinci dəfə atdığım dərmanların reaksiyasından şoka düşmüşdüm. İndi də canım ağrıyır. Amma canımın ağrısından çox öz hərəkətimdən utanıram. Axı çıxış yolu hər zaman var. Siz təsəvvür edin, bir dəfə çox ağır xəstələndim, ölə bilərdim. Özünə üç dəfə qəsd edən adam, əl açıb Allahdan şəfa dilədim, yalvardım, ağladım. Allah səsimi eşitdi. Bu gün bu həyatda qaldığım üçün Allaha şükür edirəm və məni  bağışlaması üçün hər gün dua edirəm”.

Bəzən özünlə bacarmırsan. Düşünürsən ki, bu, sondur. İçindəki tərəddüdlər, peşmanlıqlar, inamsızlıq səni ümidsizliyə sürükləyir. Əl uzatsan, köməyinə kimsə çatmayacaq. Qəlbinin ağrısı o qədər dəhşətlidir ki, istirablara dözə bilmirsən. İntihar adlı bir burulğan səni hey, özünə çəkir. Onu son məkan, son ümid yeri sanırsan. Amma dayan, əsla, bunu etmə! Çünki başqa çıxış yolu daha var. Necə ki, həmsöhbət olduğumuz Vəfa son anda anladı, amma onun üçün çox gec ola bilərdi…

Mövzumuz son günlər artan intiharlar,  səbəbləri, çıxış yolları haqdadır. Bir çox dünya psixoloqları intiharın səbəblərini müxtəlif şəkildə izah edirlər. Deyirlər, intihara cəhd edən insanın psixoloji durumu depressiv olur və təsir altına tez düşə bilir. Bir insan hansısa çıxılmaz bir durumdadırsa və kiminsə intihar xəbərini eşidirsə, onun haqqında düşünür, intihar edən birini özünə nümunə görür.

Avropada “Gənc Verterin iztirabları” adlı əsər yayımlananda, o zaman bu kitabın satışını dayandırıblar. Çünki əsərin yayımından sonra intiharlar kütləvi şəkildə çoxalmağa başlayıb. Orda qəhrəman sevgisının əzabını çəkir və sonda buna dözməyib intihar edir. Psixoloqlar onu da qeyd edirlər ki, əgər insan bir dəfə intihara cəhd edibsə, üç il ərzində bu fikir onun beynindən çıxmır. Bu müddətdə ailəsi, dostları tərəfindən diqqətdə saxlanılmalıdır, ona bu vəziyyətdən çıxmağa kömək etməlidirlər.

Professor Fuad İsmayılov: Hər il dünyada 800 min insan intihar edərək həyatına son qoyur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bizimlə söhbətdə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirdi ki, karantin dövrü insanlarda böyük stress yaradıb: “Bu stressin nəticəsində, əlbəttə, bəzi sosial problemlər əmələ gəlib. İnsanlar arasında münasibətlərdə də gərginlik yaşanır. Xəstəlik özü də depressiyaların yaranmasına təkan verib. Həm də indi qış fəslidir, bu fəsildə intiharların sayı artır. Gün işığı az olanda insanların əhval-ruhiyyəsinə mənfi təsir edir. Bir mənfi halı da mütləq qeyd etməliyəm. İntiharla bağlı videolar paylaşırlar. İntihar haqqında düşünən insanlar üçün təkan ola bilər, onları intihara sövq edə bilər. Ümumiyyətlə, intiharla bağlı videoları paylaşmaq, yaymaq olmaz”.

Həkim çıxış yolları barədə danışdı: “Hər kəs  öz üzərində çalışa bilər. Hansısa yeni əyləncələr, yeni fəaliyyətlər tapa bilər. Əgər depressiya kliniki səviyyədədirsə, mütləq mütəxəssislərə müraciət etmək lazımdır. Depressiyanın isə üç əsas simptomu var. Birinci iki həftə ərzində əhval-ruhiyyə xeyli aşağı düşür. Bu vəziyyətdən çıxa bilmirlər və demək olar ki, vəziyyət düzəlmir. İkincisi, marağın və zövq almaq kimi hissin itirilməsidir. Yəni hətta şad xəbər aldığı zaman insan sevinə bilmir. Üçüncüsü isə enerjinin tükənməsidir. Səhər durursan, heç nə etmək istəmirsən. Bunlar əsas simptomlardı. Əlavə simptomlar da var. Hədsiz dərəcədə təşviş, yuxu problemləri – həm yuxusuzluq, həm də çox yatmaq kimi əlamətlər ola bilər. İştahanın dəyişməsi – həm artması, həm azalması. Ölüm haqqında fikirlər. Konsentrasiyanın azalması, bütün bunlar depressiyanın əlavə təsirləridir. Əgər bu cür halları özünüzdə hiss edirsinizsə, mütləq həkimə müraciət edilməlidir”.

11 ay pul qazanırlar, heç olmasa bir ay...”- Hacı Surxay » Azərbaycanın xəbər portalı - NEWS24.AZ

İlahiyyat elmləri doktoru, din xadimi Hacı Surxay Məmmədli isə bildirir ki, intihara edənin yeri əbədi cəhənnəmdir: “Dinimizdə intihar qəbul edilmir. Allah-taala ”Qurani Kərim”də buyurub ki, özünü qəsdən, bilərəkdən öldürən şəxs əbədi cəhənnəmə məhkumdur. İntihar Allahın haram buyurduğu bir şeydir. Öldürən və dirildən Allahdır. Bəşəriyyət yaranandan bugünə qədər intiharlar olub. Bu baxımdan, intihar yalnız Azərbaycanda deyil, digər ölkələrdə də tez-tez baş verir. Bu, yolverilməzdir. Etiqadı güclü insanlar nadir hallarda özünə qəsd edər. Çünki onlar intiharın sonunun əbədi cəhənnəm olduğunu bilirlər”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir