qetl

Ana qatili – dəhşətli cinayətlərin qorxudan statistikası və səbəblər

Baxış sayı: 975

Son günlər cəmiyyətdə ağır cinayətlərin artdığının şahidi oluruq. Məsələn, Bərdədə 25 yaşlı Əliəhəd Eyvazov sevgilisinin ailəsi tərəfindən üzərinə yandırıcı maddə tökülərək yandırılıb. Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  Bəs cəmiyyətimizdə artan qəddarlığın səbəbi nədir? Cəmiyyət niyə psixoloji olaraq bu qədər gərgindir?

Sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev mövzu ilə bağlı “danışaraq bildirdi ki, bu məsələyə müxtəlif kontekstdən yanaşmaq lazımdır: “Ümumiyyətlə, cəmiyyət olan yerdə cinayət mütləq olur. Yəni cəmiyyət varsa, cinayət də var. Ola bilir ki, bir dövrdə ağır cinayətlərin sayı daha çox olur, bir müddət sonra heç baş vermir və sairə. Buna dırnaqarası da olsa, ”qanunauyğunluq” kimi yanaşmaq lazımdır.  Bəzən ağır cinayətlərin artmasına səbəb kimi müharibənin, pandemiyanın yaratdığı psixoloji-sosial gərginlik göstərilir. Lakin mən bununla razılaşmıram. Sosial-iqtisadi vəziyyət çox az hallarda ağır cinayətlərin artmasına təsir göstərir. Ona görə ki, sosial-iqtisadi  vəziyyətin ağırlaşması bir qayda olaraq tamah motivli cinayətlərin artmasına səbəb olur. Belə ki, hansı ölkələrdə sosial-iqtisadi vəziyyət aşağı səviyyə düşürsə, fahişəlik, narkomaniya, işsizlik baş alıb gedirsə, o zaman orada tamah məqsədli cinayətlərin sayı artır.

Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” - Modern.Az Azərbaycan və dünya xəbərləri

Mahmud Hacıyev: “Sosial-iqtisadi vəziyyət çox az hallarda ağır cinayətlərin artmasına təsir göstərir”

İnsanların hamısının intellektual səviyyəsi, savadı, tərbiyəsi, dünya görüşü, müəyyən xarakterik xüsusiyyətləri axı eyni deyil. Atalar məsəli var ki, “Beş barmağın beşi də eyni deyil”. İnsan var ki, səbirlidir, intellektual səviyyəsi, dünya görüşü, təhsili, tərbiyəsi, iradəsi var. Lakin insan da var ki, böyüdüyü şərait, mühit onun intellektual səviyyəsinin artmasına mane olub, iradəsi zəifdir, səbirsizdir. Ağır cinayət törədənlər bir çox hallarda bu cür insanlar arasından çıxır”.

ehmed qesemoglu

 

Əhməd Qəşəmoğlu: “20 ildir ki, bu barədə haray çəkirəm, amma səsimi eşidən yoxdur”

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bəzi mütəxəssislər ağır cinayətlərin artma səbəbi kimi pandemiyanı, bəzisi iqtisadi-sosial problemləri göstərsə də, məsələnin  kökü tamamilə başqadır: “Bir sosioloq kimi deyə bilərəm ki, bu cəmiyyət gün-gündən daha da mürəkkəbləşir. Bu da təbiidir, çünki sürətlə qloballaşma prosesi baş verir. Bəziləri deyir ki, pandemiya nəticəsində qloballaşma dayanıb və yaxud zəifləyib. Lakin bu qeyri-ciddi söhbətdir. Pandemiya nəticəsində yalnız qloballaşmanın xarakterində dəyişikliklər olub, amma qloballaşma yenə də sürətlə davam edir. Beləliklə, cəmiyyət günü-gündən sürətlə mürəkkəbləşməyə doğru getdikcə həm də daha da həssaslaşır, bu zaman insanların psixologiyası da dəyişir. Bəli, bu məsələdə pandemiyanın, iqtisadi vəziyyətin öz rolu var. Əgər insanların bir-biri ilə ünsiyyəti dayanırsa, bu ciddi bir məsələdir. Bəs bununla bağlı nə iş görməliyik? Bizim çox güclü elmi mərkəzlərimiz olmalı idi, onlar normal tövsiyələr hazırlamalı idilər. Lakin bu tövsiyələr qrant almaq xətrinə deyil, həqiqi elmi, əsaslı məsləhətlər olmalı və onların həyata keçirmə mexanizmi işlənməli idi. Amma bu yoxdur. 20 ildir haray çəkirəm ki, getdikcə ölkədə bu sahədə vəziyyət pisləşəcək və ağır cinayətlərin sayı artacaq. Bunları sözgəlişi demirdim, əlbəttə araşdırmalarıma əsaslanırdım. Lakin bu harayımı eşidən yoxdur. Rəsmi qurumlara da yazıram, onlar da əhəmiyyət vermirlər.  Bir daha qeyd edirəm ki, təcili şəkildə elmi mərkəzlər yaradılmalı, onların tövsiyələri dinlənilməlidir. Bu olmadıqca, gələn il biz sizinlə daha ağır cinayətlər haqqında danışacağıq”.

Onlayn dərs şagirdlərin psixologiyasına necə təsir edəcək? - Psixoloqun şərhi

Psixoloq Fərqanə Mehmanqızı isə mövzu ilə bağlı aşağıdakıları qeyd etdi: “Pandemiya ilə bağlı məhdudiyyətlər, karantin rejimləri, psixoloji vəziyyətin artması cəmiyyətdə, ailədə gərginliyə səbəb olur. İnsanlarda artıq davranış pozuntusu müşahidə olunmaqdadır. İnsanlar o qədər aqressivləşib ki, bəzən onları tanımaq olmur. Bu da daxili həyəcanların, qorxuların nəticəsidir. Həmçinin insanların özlərini idarə etməsi aşağı düşüb. Ona görə də cəmiyyətdə ağır cinayətlərin şahidi oluruq. Hələ nə qədər cinayətlər baş verir ki, onlar mediaya, sosial şəbəkələrə düşmür”.

Psixoloq qeyd etdi ki, cəmiyyətdəki mövcud vəziyyəti düzəltmək üçün psixoloji xidmət göstərən qaynar xətlər yaranmalıdır: “Lakin təbliğatı güclü olan qaynar xətləri nəzərdə tuturam. Yəni təbliğatı olmayan qaynar xəttin yaranmasının heç bir mənası yoxdur. İnsanların bu gün eşidilməyə ehtiyacı var. Pandemiya səbəbindən ünsiyyət azaldığı üçün insanlar danışmaq istəyir. Hər kəsin də psixoloqa getmək imkanı yoxdur. Amma qaynar xətt vasitəsilə o, asanlıqla psixoloji dəstək ala, özlərini ifadə edə bilər.  Həmçinin tədbirlər proqramı həyata keçirilməlidir. Məktəblərə psixoloqlar göndərmək lazımdır. Onlar uşaqlarla işləməlidir və sairə. Yəni bu işlər çox ciddi şəkildə həyata keçirilməlidir. Bunun üçün peşəkarlardan ibarət sistem yaratmaq lazımdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir