dogus

Ana və körpə ölümləri niyə səngimir?

Baxış sayı: 248

Ana və körpə ölümləri hər zaman aktual mövzulardan biridir. Doğuş zamanı yaranan xoşagəlməz hallarda adətən həkim səhlənkarlığını əsas gətirirlər. Lakin hamiləlik dövründə lazımlı müayinələrdən keçməmək də ana və körpə ölümlərinin əsas səbəbi kimi göstərilir. Doğuş zamanı növbəti ana ölümü Hacıqabulda baş verib. Rayonun Atbulaq kənd sakini 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı doğuşdan sonra kəskin qanaxma səbəbindən həyatını itirib.

Həmçinin, Şirvan şəhərində yeni doğulan körpə ölüb. Şirvan sakini,1995-ci il təvəllüdlü İsmayılova Gültən Möhübbət qızının dünyaya gətirdiyi qız uşağı doğuşdan sonra ölüb.

Səbəblər barədə danışan cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə bildirib ki, ana ölümləri bütün dünya səhiyyəsi üçün yaxşı hal deyil. Onun sözlərinə görə, doğuşdan sonra körpə ölümü daha çox rast gəlinən haldır:

“Hamiləlik dövründə müayinələrdən vaxtlı-vaxtında keçilmədiyi üçün döldə müəyyən qüsurlar olur. Nəticədə körpə doğuş zamanı ölür. Düzdür, uşaq ölümü də çox təəssüfləndirici haldır. Amma hamiləlik zamanı lazımi müayinələrin keçirilməsi körpənin ölüm riskini aşağı salır. Təbii ki, uşaq ölümü olmamalıdır. Amma bütün dünyada körpə ölümlərinə rastlanır. Bəzən ana zamanında müayinələrdən keçsə belə, döldə hansısa qüsur olduğunu öyrənir. Buna baxmayaraq, nə olur-olsun övladını dünyaya gətirmək istəyir.

Hacıqabulda ananın doğuşdan sonra ölməsi çox təəsüfləndirici haldır. Çünki Azərbaycan inkişaf etmiş ölkədir, həkimlərimizin 99 faizi savadlıdır. Rayonlardakı  durumu dəqiq deyə bilmərəm, amma böyük şəhərlərimizdə savadlı ginekoloqlarımız var. Ana ölümünün səbəbi qanaxmadırsa, bunun qarşısını almaq lazımdır. Bir var həkim səhvindən ölüm, bir də var ki doğuşun yan təsirlərindən irəli gələn ölüm. Hər bir məqamın yan təsirləri olduğu kimi, doğuşun da yan təsirləri mövcuddur. Məsələn, hamilə qadın keysəriyyə kəsiyinə alınsa belə, əməliyyatdan sonra kəsiyin yan təsirlərinə nəzarət edilməlidir”.

F.Hüseynzadə qeyd edib ki, ginekoloqların əsasən qorxduğu məqam normal doğuşdan sonra anada qanaxmanın olmasıdır:

“Doğuşdan sonra ana 2-3 saat nəzarətdə saxlanmalıdır. Normal doğuşdan sonra qanaxma olarsa, bu, “ataniya” adlanır. Ataniya həkim səhvi ilə əlaqəli deyil. Doğuşdan sonra ataniyanın baş verməməsi üçün ananı 2 saat doğuş stolunda saxlamaq lazımdır. Ola bilər ki, hamiləlik normal keçsin, amma doğuşdan sonra “ataniya” yaransın. “Ataniya” doğuşun və hamiləliyin necə keçməsi ilə əlaqəli deyil, uşaqlığın verdiyi reaksiyadır. Qanaxma adətən təkrar doğuş edən qadınlarda daha çox rast gəlinir. Məsələn, 3-4- cü doğuşlarda “ataniya” ola bilər. Çünki hər doğuşdan sonra uşaqlıq böyüyür və yumşalır. Ona görə də təkrar doğuşlarda “ataniya” daha çox riskli olur”.

“Qanaxmanın qarşısını almaq üçün həkim nə etməlidir?” sualına gəlincə, ginekoloq vurğulayıb ki, ana doğuşdan sonra ən azı 2 saat müşahidə altında saxlanmalıdır:

“Qanaxma olduğu zaman həmin dəqiqə müdaxilə etmək lazımdır. Müdaxilə uşaqlığın əl ilə masajıdır. Eyni zamanda lazımi preparatların qəbulu əsasdır. Doğuş zamanı xəstəxanalardakı bütün otaqlarda qanaxma zamanı tibbi yardımın göstərilməsinə dair plakatlar qoyulmalıdır. Bu plakatlar xəstəxanada hər yerə yapışdırılmalıdır ki,  tibb bacıları və həkimlər daim onu oxusun. Qanaxmada həkimin təşvişə düşməməsi çox önəmlidir. “Ataniya” həkim səhvi deyil və doğuşda gözlənilən bir prosesdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir