bey-gelin

Bəylik kostyumu alanda nəyə fikir verməliyik?

Baxış sayı: 918

Əksər toylarda gəlinliyə daha çox önəm verilir. Lakin bəylik kostyumu da ən az gəlinlik qədər vacibdir. Bu özəl gün üçün fərqli və dəbli seçim edilməlidir. 

Bəylik kostyumunun gəlinlik kimi müxtəlif formaları olmasa da, fərqli seçimlər mümkündür. Bu seçim hər kişiyə özəl olmalıdır. Bəyin bədən forması və zövqü seçimdə əsas rol oynayır. Buna görə də, başqalarının fikirləri əsas götürülməməli, ən çox bəyənilən kostyum alınmalıdır. Bildiyiniz kimi, bəylik kostyumunu mağazalardan almaq mümkündür. Lakin dərziyə müraciət edənlər də az deyil. Tikdirilən kostyum bəy üçün xüsusi hazırlandığına görə, daha uğurlu nəticə əldə etmək olar.

Bəs düzgün kostyum seçmək üçün nələrə diqqət yetirilməlidir? 

Seçim zamanı bir çox ünsürə diqqət yetirilməlidir. Bunlara rəng, forma və ya parçanın növü aiddir. Artıq bəylər klassik kostyumlardan daha çox müasir tərzdə hazırlanan kostyumlara üstünlük verirlər. Lakin rəngi və parçası dəyişsə də, sabit qalmalı olan bir neçə qayda var. Bunlardan ilki istifadə olunan köynəyin rəngidir. Tünd rəngli köynəklərdən uzaq durmaq lazımdır. Tünd rəng tər ləkəsini daha çox göstərdiyi üçün ağ rəngli köynəklərə üstünlük verilməlidir.

Digər önəmli məqam parça seçimidir. Pambıq faizi çox olan köynəklər tərləməyin qarşısını minimuma endirir. Vacib məqamlardan biri də ayaqqabı seçimidir. Keyfiyyətsiz ayaqqabı alsanız, bu, ayağınızda şişkinlik yaradaraq toyda gərgin anlar yaşamağınıza səbəb olacaq. 

Bu işdə aksesuarları unutmaq olmaz. Sadə görünsə də, yalnış seçim bütün görüntünü poza bilər. Əgər seçiminiz kostyum olacaqsa, ona uyğun qalstuk, smokinq geyinəcəksinizsə, dəbli bir kəpənək qalstuk istifadə edə bilərsiniz. Ən önəmli detallardan biri də məhz qol düymələridir. Qol düymələrindən mütləq istifadə edilməlidir.

Qonaqlardan fərqlənmək istəyirsinizsə, mütləq fərqli parçadan hazırlanmış kostyum seçməlisiniz. Parçasına görə ən fərqli kostyumlar parıltılı olanlardır. Bu tərzdə olan kostyumlar daha dəbdəbəlidir. Çünki parlaq parçaları hər rəngə uyğunlaşdırmaq mümkündür. Atlas parçalardan hazırlanan kostyum almaq məsləhət görülmür. Çünki atlas üzərində tikiş xətaları ən bariz görünən parça növüdür. 

Qərar verə bilməyən üçün qeyd edək ki, bu ilin trend bəylik kostyumları bədənə kip oturan modellərdir. Qaradan əlavə, göy və tünd-qırmızı kostyumlar da dəbdə olacaq. Arıq bəylərimiz rahatlıqla bədənə tam oturan kostyumlar seçə bilərlər. Lakin artıq çəkidən şikayətlənən bəylərimizə bəylik kostyumu seçərkən dar modellərədn uzaq durmaq, açıq rənglərdən qaçmaq, tünd rənglərə (xüsusilə də tünd göy və qara rənglərə) üstünlük vermək məsləhət görülür. Bundan əlavə pencək geyinən zaman onun yaxasını düymələmək tövsiyə edilir. 

Unutmayın ki, ən əsası sizin rahatlığınızdır. Ən gözəl gününüzün xarici faktorlar səbəbindən pozulmasına imkan verməyin. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir