nurane namazova

Bağışla məni, Tanrım…

Baxış sayı: 850

Mən… Mən kiməm? Özüm belə qorxuram özümə cavab verməyə. Amma yenə də deyim, tanı. Tanı ki, həyatındakı əsl insanın kim olduğunu gör.

Mən hələ dili açılmamış, ayaqları üstündə gəzməmiş, ətrafda baş verən bütün hadisələrə təbəssümlə və ya ağlağan səslə cavab verən, həyatdan bixəbər bir körpəyəm.

Bəlkə də, artıq danışmağı bacaran, yazmağı və oxumağı öyrənmiş, həyatın ağırlığını öz çiyinlərində yavaş-yavaş hiss edən bir uşağam. Zəngin bir ailədə böyümüş, qayğıları olmayan və ya əksinə, kasıb, yoxsul bir ailənin qurumuş, bir tikə çörəyi ilə xoşbəxt olmağı, adi bir pəncərə kənarındakı pişik miyoltusuna gülməyi bacara bilən, qonşunun həyətindəki gül bağçasından gül dərməyi sevən, dərdiyi gülün qoxusunu içinə çəkib, sevincindən ağlayan bir uşaq.

Bəlkə də, mən heç uşaq da deyiləm. Artıq həyatı dərk etmiş, yetkin yaşına çatmış, ərköyünlüyü bir kənara qoyub, öz məqsədləri, düşüncələri olan çılğın bir gəncəm.

Bəlkə də, mən bir valideynəm. Övladının gələcəyini düşünən, onun sağlam və xoşbəxt olması üçün gecə-gündüz səylə çalışan, övladına gözəl tərbiyə verib, onu əxlaqlı yetişdirən, cəmiyyətin qoynuna atan bir valideyn.

Bəlkə də, mən bir qocayam. Ömrünün bəlli bir yaşına çatmış, geriyə baxanda həyatın bütün sınaqlarından pis-yaxşı çıxmış, fəhləlik etmiş bir usta və ya rəhbər vəzifədə çalışmış bir müdirəm.

Müəllim olub tələbəsinə təhsil verən və ya qələm sahibi olub, insanları öz təsirinə salan bir yazıçıyam bəlkə…

Bəlkə də, xəstəsinə şəfa verən həkim və ya illərlə sükan arxasında əyləşib, bir qarışqanı belə əzməyən sürücüyəm.

Bəlkə də, mən bir heçəm. Yoxdan var edilib, nə üçün, kim üçün yaşadığını bilməyən bir heç!

Bəlkə də, mən bir qatiləm!

Bir ruhun, bir bədənin, bir düşüncənin , bir zamanın, bir gələcək xoşbəxtliyin qatili.

Bir ürəyin, bir hisslərin taleyi ilə barışa bilmədiyi qatil!

Yaşaya bilmədiyim, günü-gündən, qram-qram, zərrə-zərrə qətlə yetirdiyim özümün qatiliyəm!

Cəzam isə sevgimi azad buraxmayıb, ömürlük onu öz ruhuma həbs etməyimdi. Hər anımda məni hissə-hissə məhv edən sevgim. Bu, mənim özümə kəsdiyim cəzamdır.

Ey sevgili ruhum, məni bağışla. Sənə bu qədər əziyyət yaşatdığım üçün.
Ey məndən imdad diləyən qəlbim, bağışla ki haqqım olmadığı halda, səni qəm dəryasına qərq eləmişəm.
Ey düşüncələrim, bağışla məni, səni qaranlıq, dar bir qəfəsdə əsir saxlamışam.
Bağışla məni ey Tanrı! Yaratdığın bu cana qarşı ədalətsizəm!
Niyə? səbəb nədir? – deyə səni də ittiham etmirəm. Buna haqqım da yoxdur. Ancaq səndən güc istəyirəm. Gücün və qüdrətinlə məni ovut, özlüyümdə çəkdiyim bu əzabla məni baş-başa buraxma. İcazə ver, məndən yeni bir mən yaradım. Yaradım ki, yaşadım!

Ey insan, bəs sən kimsən? Heç düşünmüsən?

 

Nuranə Namazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir