ikinci el magazasi

Bakıda ikinci əl geyim mağazaları: virus təhlükəsi varmı? – REPORTAJ

Baxış sayı: 1. 221

Bu gün dünyada, eləcə də Azərbaycanda ikinci, üçüncü əl məhsulların satışı adi hala çevrilib. Məsələn, mobil telefon, elektrik avadanlıqları, avtomobillər bir neçə əldən keçərək satılır. Bu sırada geyim mağazalarının xüsusi yeri var. İndiki pandemiya dövründə geyim məhsullarının ikinci əl satışı haradasa təhlükədən xəbər verir. Çünki xarici ölkələrdən, əsasən də Avropadan alınan bu paltarların hansı şəraitdə ölkəmizə gəlib çıxdığından xəbərsizik.

Qeyd edək ki, Bakıda və respublikanın digər yerlərində bu cür mağazalara tələbat da kifayət qədərdir. Bu geyimlərin ucuz satılmasına səbəb isə bir dəfə geyilmiş olmasıdır. Bəs görəsən, “ikinci əl” mağazalarına paltarlar necə və haradan gəlir?

Hələ nəzərə alsaq ki, karantin rejimidir o zaman suallar daha da çoxalır. Bəs bu geyimləri alarkən nələrə diqqət etməliyik? Bizi koronavirus təhlükəsi gözləyə bilərmi?

Məsələ ilə bağlı əməkdaşımız şəhərin bir neçə yerində yerləşən ikinci əl mağazalarına baş çəkib. Mağazalardan birinin satıcısı Təranə Cəlilova müştəri qıtlığı çəkmədiklərini bildirdi:

“Bilirsiniz, bizim öz alıcılarımız var. Karantin rejiminin ikinci yumşalmasından sonra işə başladıq. Elə karantin dövründə də kütləvi azalma hiss etməmişik. Mağazamızda gördüyünüz bütün mallar da karantindən əvvəl gəlib”.

Təranə xanım söhbət zamanı onu da dedi ki, koronavirus təhlükəsi onların alıcılarını narahat etmir:

“Düzünə qalsa, əvvəl bu barədə sual verənlər olurdu. Amma biz onları məlumatlandırdıq ki, paltarlar ölkəmizə dərmanlanıb gətirilir. Biz burada dərmanlamırıq. Yəni bu paltarların ikinci əl olması, eləcə də gigiyenik olmaması ehtimalı heç kimi narahat etmir”.

Burda bir məqamı da qeyd edək ki, bu tip mağazalara müraciət edənlərin heç də hamısı ucuz paltar axtarışında olanlar deyil. Bu paltarların həqiqətən Avropadan gətirildiyinə inanıb, brend mal axtaran insanlar da var. Heç paltarlar da düşündüyümüz kimi, kasıbın cibinə görə deyildi. Yəni, burada satılan geyimlərin qiyməti elə digər mağazadakılarla təxminən eynidir. Diqqət çəkən normal geyimlərin qiyməti 20 manatdan başlayır.

Yolumuzu belə geyimlərin satıldığı növbəti mağazaya saldıq. Üst-üstə səliqəsiz şəkildə piştaxtaya düzülən geyimlər, xoşagəlməz qoxu… Düzü, bu görüntü adamda xoş təəssürat yaratmır. Amma alıcılar buraya gələrək həm özlərinə, həm də azyaşlı uşaqlarına geyimlər alırlar. Satıcı Heyran Həsənova isə bir qədər fərqli fikirdədir:

“Koronavirus nə alıcılarımızın sayına , nə də ki, qiymətlərə təsir etdi. Alıcılarımız gəlirlər. Onlar bu geyimlərin nə qədər təmiz olduğuna əmindirlər. Geyimlər ölkəmizə dərmanlanıb gətirilir. Biz özümüz də dezinfeksiya edirik”.

Mağazada rastlaşdığımız alıcılar isə bura tez-tez gəldiklərini deyirlər:

“Əsasən ikinci əl brend mallara baxırıq. Məsələn, “Versace”dən olan bu çantanı alacam. Fikir verirsinizsə, demək olar ki, istifadə olunmayıb. Amma bu mağazadan adətən özümə və qızlarıma paltar alırıq”.

Həmsöhbətimiz dediyinə görə, mağazadan onlara deyilib ki, satılan hər şey dərmanlanıb.

“Neçə vaxtdı bu mağazaya gəlirəm, pal-paltar alıram. Odur ki, onlara etibarım var”, deyə alıcı bildirdi.

Dermatoloq Aydın Tağıyev ikinci əl geyim alanları heç bir təhlükə gözləmədiyini dedi:

“Heç bir qorxuya ehtiyac yoxdur. Əgər o geyimlər bu virusun aktiv olduğu müddətdə ölkəyə gəlməyibsə, deməli qorxulu heç nə yoxdur. Çünki onlar dərmanlanır, dezinfeksiya olunur”.

Başqa bir həkim Araz Kərimov isə bu geyimlərdən bizə gələcək təhlükələrin az olmadığını söylədi:

“Onu deyim ki, ikinci əl geyimlər kifayət qədər dezinfeksiya edilməli, daha sonra istifadə olunmalıdır. Onların lazımı qədər dezinfeksiya olunmaması geyimdən istifadə edən müxtəlif yoluxucu xəstəliklərə yoluxdura bilər. Bura parazitar infeksiyaları aid etmək olar. Məsələn, paltar biti. Amma koronavirusa yoluxmaq kimi bir ehtimal yoxdur. Çünki bu virus əşyalar və geyimlər üzərində uzun müddət qala bilmir”.

Hə, beləliklə aydın olur ki, insanlar “brend” mal üçün mənşəyini belə bilmədikləri geyimlərə meylidirlər. Amma onu da deyək ki, belə geyimləri alarkən mütləq diqqətli olmalısınız. Bu geyimləri mütləq bir neçə gün açıq havada saxlamaq lazımdır. Əgər yuyulması mümkün olan geyimdirsə, xüsusi təmizləyici məhlullarla yuduqdan sonra geyinmək olar. Uşaqlar üçün ikinci əl geyimləri almaq məsləhət deyil. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir