ceki

Bayram tətillərində artıq çəki almamaq üçün nə etməli? – DİETOLOQ RƏYİ

Baxış sayı: 1. 700
Bayramlar bitdikdən sonra demək olar ki, hər kəs aldığı artıq  çəkidən şikayətlənir. Xüsusilə də, həmin bayram Novruzdursa, evdə qaldığımız müddətdə kilo almamağımız qeyri-mümkündür. Çünki istər-istəməz bayram şirniyyatları, xüsusi olaraq bişirdiyimiz yeməklər çəkimizin artmasına təsir edir. Maraqlıdır, bəs necə edək ki, bayram tətillərində artıq çəki almayaq?
Bu mövzuda dietoloq Tutu Zeynalova ilə həmsöhbət olduq. Müsahibimiz deyir ki, bayram günlərində artıq çəki almağımızın bir çox səbəbləri var: “Bayram tətilində digər günlərdən fərqli olaraq yuxudan gec oyanırıq. Və təbii ki, oyanma vaxtımız dəyişdiyinə görə də, səhər yeməyimizi gec yeyirik. Bu da metabolizmanın zəifləməsinə gətirib çıxarır. Həmin günlərdə əksəriyyətimiz səhər yeməyi olaraq şəkərbura, paxlava, qoğal və bu kimi şirniyyatlarla qidalanırıq. Buna görə də qan şəkərimiz sürətlə yüksəlir və gün ərzində daha tez-tez şirin şeylərlə qidalanmaq istəyirik. Azərbaycan mətbəxinin zənginliyi, bayram axşamı süfrəsinin bol olması da öz sözünü deyir. Bayramın ən gözəl adətlərindən biri də qonaq getməyimizdir. Qonaq getdiyimiz evdə də bizə yeməyə nələrisə təklif edirlər. Təklifi geri çevirə bilmirik. Və beləcə həm evdə, həm də getdiyimiz yerdə kifayət qədər kökəldən qidalar qəbul edirik”.
Dietoloqdan “Bəs nə edək, Novruz bayramı şirniyyatlarından özümüzü məhrum edək?” sualına da cavab istədik: “Əslində problem yediklərimizdə deyil, hərəkətsiz olmağımızdadır. Yeyirik yatırıq, təzədən durub yenə yeyirik və daha çox hərəkətsiz oluruq. Problem yaradan da elə bunlardır. Çəkimizin artmağına səbəb bizim yediklərimizdən aldığımız enerjini yandırmamağımızdır. Amma buna görə üzülməyə dəyməz. Sadəcə, çalışaq ki, bayramdan sonra fiziki aktivliyimizi artıraq. Daha çox hərəkətli olaq və içdiyimiz suyun miqdarını çoxaldaq. Hər birimiz çəkimizin üç faizi mislində su içsək, daha yaxşı olar. Həmçinin, günə 2 stəkan su ilə başlasaq, şəkərli və undan hazırlanmış məmulatları rasionumuzdan uzaqlaşdırsaq, bu zaman istədiyimiz nəticəni əldə edə bilərik”.
Həmsöhbətimiz deyir ki, az-az, amma tez-tez qidalanmaq lazımdır: “Axşam saatlarında və səhər ac qarına meyvə yemək məsləhət deyil. Yaxşı olar ki, axşam süd içsinlər və ya qatıq yesinlər. Həmçinin, menyumuzda tərəvəz istifadəsini artırıb, qırmızı əti müəyyən qədər azaltmaq lazımdır. Həftədə iki dəfədən artıq qırmızı ət yemək elə də yaxşı deyil. Bir də yuxumuza fikir vermək mütləqdir. Çalışaq ki, yuxu saatımız 6 saatdan az olmasın, 8 saatdan çox. İdman hərəkətlərindən ən yaxşısı yürüşdür, təmiz havada gəzməkdir. Üzgüçülük də ola bilər”.
Bəzi insanlar idmana gedib arıqlayır, idmanı dayandırdıqdan sonra isə yenidən kökəlirlər. Bunun səbəbi nədir, insan daim idmana getməlidirmi? T.Zeynalova deyir ki, insan idmana getməklə müəyyən bir enerji xərcləyir və o enerjini xərcləməyi dayandıranda həmin çəkini geri alacaq: “Çünki qəbul etdiyiniz enerjini xərcləmirsiniz, amma qidalanırsınız. Düşünün, avtomobilə yanacaq tökürsünüz, amma sürmürsünüz, bu zaman nə baş verər? Bu zaman həmin yanacaq yerində qalacaq. Nə qədər ki, sağlam həyat tərzi sürəcəksiniz, yediklərinizə diqqət edib, hərəkətli olacaqsınız, bir o qədər formada, normal çəkidə qalacaqsınız. Bu, bütün dünyada belədir, bunu heç kim özündən kəşf etməyib. Mən özüm həftədə 3 dəfə idman edirəm, yediklərimə diqqət edirəm”.
 
Günel Azadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir