xal

Bədəndə çox xalın olması dəri xərçənginin əlamətidir?

Baxış sayı: 2. 053

Xallarla bağlı bir çox əfsanələr mövcuddur. Hər bir insanın bədənində mövcud olan bu xallar kiminə görə xoşbəxtlik əlamətidir, kiminə görə insanın həyatındakı düşmənlərin sayını göstərir. Hətta, qədim dövrlərdə göy rəngə çalan tüklə örtülmüş xal şeytan əməli hesab olunduğu üçün belə xalları olan qadınlar tonqalda yandırılırdılar. Bəs tibbi baxımdan necə, xal nədir? Orqanizmdə hansı funksiyaları yerinə yetirir və hansı fəsadlar yarada bilər?

Xallar dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Onlar quruluşca yastı, dəridən bir balaca hündür, kiçik təpəcik formasında, üstü xırda tükcüklərlə örtülü olur. Xallar rənglərinə görə də bir-birindən seçilir: qara, açıq-qəhvəyi, tünd-qəhvəyi, göy xallar və s. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Sonradan yaranan xallar xüsusilə hamiləlik və cinsi yetişkənlik dövründə əmələ gəlir. Bu xalların bəziləri getdikcə tündləşir, böyüyür və ya kiçilir. Orta əsrlərdə təbiblər ləkələr və xalların dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şiş olduğu qənaətinə gəliblər.
Alimlərin fikrincə isə, xallar hər zaman təhlükə mənbəyi hesab olunmur. Lakin bəzi xallar var ki, insan özü də bilmədən orqanizmində təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər.

Təhlükə saçan xallar hansılardır?

Xallar üzərində araşdırma aparan plastik cərrah Selahattin Tulunay türk mətbuatına təhlükə saçan xalların funksiyaları və görünüşü haqqında məlumat verib. Onun sözlərinə görə, əl ilə yoxladıqda xal dəridən bir balaca hündür və üzəri tüklüdürsə deməli onlar orqanizm üçün problemli deyillər. Bundan əlavə, tək rəng və açıq qəhvəyi olan xallardan da qorxmaq lazım deyil. Lakin bir xal dəri səviyyəsində olub tünd, açıq və qəhvəyidirsə, üzərində tük çıxmırsa mütləq dermatoloqa və plastik cərraha müraciət etmək lazımdır: “Xallarla bağlı ikinci diqqət etmək lazım olunan məsələ isə, onlardakı dəyişmələrdir. Adətən insan uşaqlıqdan yaranan xallara diqqət etmir və əhəmiyyət vermədiyi üçün xalda dəyişiklik olarsa, bundan xəbərsiz olur. Amma bir az diqqətli olmaq insanın həyatını xilas edə bilər. Xallarda diqqət etməli olan ən önəmli məsələ, əgər xal böyüyürsə, rəng dəyişməsinə məruz qalaraq tək rəngdən cüt rəngli hala çevrilir və qaşınırsa , insan çox sürətlə hərəkət etməli və plastik cərraha müraciət etməlidir. Çünki, bu zaman həmin xallarda xərçəng xəstəliyinin əlamətləri ola bilər”.

“50-dən çox xal xərçəng riskini artırır”

Həkim vurğuladı ki, bədəndə 50dən çox xalın olması orqanizmdə dəri xərçənginin meydana gəlmə riskini artırır: “Hər insanda az və ya çox sayda xal vardır. Bizim üçün əhəmiyyətli olan bu xalların inkişafını təqib etmək, rəng və toxuma dəyişmələrində dermatoloqa müraciət etmək, ən əhəmiyyətlisi də yay aylarında günəş şüalarından qorunmağa diqqət etməkdir”.

“Bədəndə olan bütün xallar təhlükəli ola bilər”

Mərkəzi Klinikanın plastik cərrahı Teymuraz Rəsulov bizimlə söhbətində uzun müddət araşdırılmasına baxmayaraq, insan bədənində xalların hansı səbəblərdən yaranmasının tibbə hələ də məlum olmadığını bildirdi: “Xəstələrin əksəriyyəti xalları kəsməyin təhlükəli olduğunu söyləyir. Belələri çox vaxt xalda hansısa iltihab yaranırsa, onu kəsməyə qoymurlar. Təhlükəli xallar plastik cərrah və ya orada xəstəlik riski varsa, onkoloq-cərrah tərəfindən kəsilə bilər. Biz orada şübhəli hala rast gəldikdə onu biopsi edirik, yəni oradan bir toxuma götürülür, əkilməyə verilir. Bunun cavabı çıxdıqdan sonra, əgər təhlükə varsa, həmin xalı əməliyyat vasitəsilə götürürük”. Şübhəli xalın təyin edilməsinə gəldikdə isə, həkim bildirdi ki, insan orqanizmində olan bütün xallar təhlükəli ola bilər. Bunu təyin etmək üçün diqqətli olmaz lazımdır: “Əsasən rəngi çox tünd olan xallar, qanayan xallar, kənarında qabıqlanma əmələ gələn xallar, kəpəklənən xallar daha təhlükəli olur. Bundan əlavə, boyun nahiyələrində paltarla daha çox təmasda olan yerlərdə yaranan xallar da qıcıqlanmaya məruz qaldığı üçün təhlükəli hesab olunur. Çünki, qıcıqlanma nəticəsində bunlar əgər xoşxassəlidirsə, bədxassəliyə çevrilmə riski daha yüksəkdir”.

Xalda dəri xərçəngi riski

T.Əsgərov vurğuladı ki, bəzən insanlar ət xallarından azad olmaq üçün onlara iynə vasitəsilə toxunur, onları kökündən sapla bağlayırlar ki, çürüyüb tökülsün və yaxud üzərinə sirkə tökürlər ki, xal özü yansın. Bu kimi hallar çox ağır fəsadlarla nəticələnir: “Ümumiyyətlə, xalları zədəlikdə orada bədxassəli şişlər əmələ gələ bilər. Çünki, ət xalları qoparıldıqda, kəsildikdə qoparıldığı yerdə yara əmələ gəlir. Bu yara gün keçdikcə iltihablanaraq qaşınmağa başlayır. Qaşınma nəticəsində yara daha da böyüyür və onun ətrafındakı hüceyrələr zərər görməyə başlayır. Tibbi dildə desək, xallara qıcıqlandırıcı təsir etdikdə orada qanama baş verir, ətrafında iltihab əmələ gəlir və onu melanomaya və ya ölümlə nəticələnən dəri xərçənginə çevirir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir