gelin

Bir gəlinin toy xərcləri ümumilikdə nə qədər vəsait tələb edir?

Baxış sayı: 228

Koronavirus pandemiyası səbəbindən ölkəmizdə mart ayından etibarən tətbiq edilən qadağalar nisbətən yumşaldılsa da, hələlik bir çoxlarının intizarla gözlədiyi toy mərasimlərinin keçirilməsini icazə verilmir. Düzdür, növbəti mərhələlərdə yumşaldılmanın tərkib hissəsi kimi toyların keçirilməsinə icazə verilməsi gözlənilir, amma hələ ki, rəsmiləşən bir şey yoxdur. Amma bununla belə, artıq yenidən  toy hazırlıqlarına başlayanlar da az deyil. Ancaq pandemiya dönəmində maliyyə itkilərinə məruz qalmış insanlar üçün toy xərcləri qorxulu yuxu kimi bir şeydir. Bu haqda danışmağımız heç də təsadüfi deyil, çünki bu yazıda gəlinin bəzədilməsinə xərclənən vəsaitdən söz açacağıq.

Paytaxtda və bölgələrdə fərqli adətlərlə həyata keçirilən toy mərasiminin bir hissəsi də yuxarıda da qeyd etdiyimiz kimi gəlinin bəzədilməsidir. Müasir toylarda ən böyük xərclərdən biri də, məhz gəlinin bəzədilməsinə çəkilir.

Saçından tutmuş ayaq dırnaqlarına qədər bəzədilən gəlinin toyda göz oxşayan gözəlliyinin arxasında yaxşı xərc dayanır. Bu zaman belə bir sual ortaya çıxır: Bir gəlinin toy xərcləri ümumilikdə nə qədər vəsait tələb edir?

gelinlik

Bu sualın cavabı paytaxt və regionlar üzrə dəyişir. Gəlin nə qədər gözəl görünürsə, bir o qədər daha çox pul xərcləndiyi deməkdir.

Regionlarda gəlin paltarlarının icarəsinin ilkin qiyməti 100 manatdan başlayır və 400-500 manatadək gedib çıxır. Eyni zamanda, gəlin bəzədilməsinin regionlar üzrə minimum qiyməti 150 manatdır. Bu məbləğə makiyaj və saç düzümü daxildir. Gəlinin qollarında, əllərində xınalı naxışlar çəkmək, həmçinin manikür və pedikür etdirmək istəyən gəlin əlavə olaraq 50-60 manatadək xərc çəkməlidir.

Rayonlarda gəlinin ayaqqabılarının qiymətləri də paytaxta nisbətən ucuz başa gəlir — 50 manatdan başlayan qiymətlər. Gəlin buketinə gəlincə, rayonlar üzrə bu məbləğ 40-70 manat arasında dəyişir.

Bir də gəlin maşınının bəzədilməsi xərci var ki, bunun üçün də rayonlarda 40-80 manat arası vəsait lazımdır. Bir sözlə regionlarda bir gəlinin bəzənib toyda qonaqların qarşısına çıxması üçün, minimum 350-dan bir qədər artıq pul lazımdır.

Bakıda vəziyyət bir qədər fərqlidir. Xüsusilə yaz və payız aylarında toyların çox olması səbəbindən, gəlinlik geyimlərinə və salonlara tələbat artır. Bu da avtomatik olaraq qiymətlərə təsir edir, yaxud süni qiymət artımı da demək olar.

Bakıda ən ucuz gəlin paltarı 200 manatdan başlayır, ta 3000 manata kimi üzüyuxarı gedir. Gəlinlik ayaqqabısının satış qiyməti 50-300 manat arasındadır. Makiyaj və saç düzümü birlikdə, yaxşı halda 250 manata başa gəlir və bu prosesin yuxarı qiyməti 500 manata dayanır. Bu, ustadan və salondan asılı olaraq dəyişir.

gelin

Manikür və pedikürün qiyməti ayrıdır və onlara gəlin 25-50 manat arası pul xərcləməli olur. Əllərə xınadan xüsusi naxışlar isə 5-10 manat arası dəyişir.

Gəlin buketinin qiyməti 40-100 manat arasındadır. Paytaxtda gəlin maşınının bəzədilməsinə, ən ucuz halda 40 manat ödəməlisiniz. Bu məbləğ, formasından və yerindən asılı olaraq, 250 manatadək qalxa bilər.

Beləliklə, Bakıda bir gəlinin bəzədilməsi üçün təxminən minimum 550 manatınız olmalıdır. İstəyinizdən və büdcənizdən asılı olaraq, bu xərcin yuxarı həddi minimum məbləğin 10 qatınadək gedib çıxa bilər…

 

 Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir