sosial sebekeler

Bizi tənhalığa sürükləyən “zaman oğrusu”

Baxış sayı: 162

Bir gün kimsə gəlib sizə desə ki, yediyiniz qidalar, gəzdiyiniz yerlər, söhbətləşdiyiniz adamlar haqqında mənə bircə-bircə məlumat  ver, yəqin ki, bu tələbə mənfi reaksiya verərdiniz. Amma sosial mediada bunu çox rahatlıqla edirsiniz…

Həqiqətən də, deyilən bu fikirlə insan qeyr-ixtiyari razılaşmalı olur. Heç kim inkar etmir ki, günün müəyyən hissəsini sosial şəbəkələrdə vaxt keçirməklə məşğuldur. Amma hər şeyin müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də var. Belə ki, ABŞ-ın Pensilvaniya universitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur. Mütəxəssislər araşdırmalarını “Facebook”, “İnstaqram” və “Snapchat”-dan istifadə edən 143 tələbə arasında keçiriblər. Araşdırma nəticəsində psixoloqlar müəyyən ediblər ki, tənhalıq və depressiya birbaşa sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır. Tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır: “Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, ona elə gəlir ki, hamı ondan daha yaxşı yaşayır”.

 

Amerikalı alimlərin araşdırması ilə bağlı azərbaycanlı mütəxəssislərin fikirlərini öyrəndik.

Psixoloq Orxan Oruc deyir ki, sosial şəbəkələrin bütün insanlarda psixiki gərginliyə və depressiyaya səbəb olduğunu iddia etmək düzgün deyil: “Amma bəzən, paylaşım edən insanların həyatı ilə özümüzünkünü müqayisə edəndə, bu, insanda depressiyaya meyllilik yarada bilir. Çünki müxtəlif növ paylaşımlar insanın həyatına bu və ya digər dərəcədə təsir edə bilir. Çünki kimsə ofisdə işlədiyi və gərgin bir gün keçirdiyi zaman, başqa birinin xaricdə dəniz kənarında istirahət etdiyini, yaxud bahalı bir restoranda yemək yediyini gördükdə, bu həmin insanda qısqanclığa səbəb ola bilir. Bu mənada insanların əhval-ruhiyyəsinə sosial şəbəkələr təsir edə bilir. Amma bəzən bunun tamamilə əksi də baş verir. Hər hansı bir gülməli video, yaxud dostlarının uğurlu paylaşımları insanların əhval-ruhiyyəsini qaldırır. Ona görə də, burada birmənalı fikir bildirmək çətindir. Əslində hər bir insanın müəyyən ünsiyyət tələbatı və norması var. Bu ünsiyyət tələbatını sosial şəbəkələr vasitəsi ilə ödədikdə, real ünsiyyətin miqdarı aşağı düşür. Amma sosial şəbəkələr də özlüyündə ünsiyyət vasitəsi hesab olunur. Müəyyən assosial insanlar var ki, onlar yalnız sosial şəbəkə vasitəsi ilə ünsiyyət qura bilirlər. Bu isə onların sosiallaşmasına səbəb olur. Yəni sosial şəbəkələrin həyatımıza tamamilə mənfi təsir göstərdiyini söyləmək düzgün olmaz. Sosial şəbəkələr ünsiyyət prosesinə və psixologiyamıza, xarakterimizdən asılı olaraq mənfi və ya müsbət təsir göstərə bilir. Əslində, gün ərzində virtual aləmdə nə qədər vaxt keçirməklə bağlı standart müddət hər il dəyişir. Beynəlxalq Psixoloqlar Assosiasiyası hər il bununla bağlı müxtəlif testlər, araşdırmalar və sorğular keçirir. Beş il bundan əvvəl sosial şəbəkədə iki saat vaxt keçirmək problem kimi görünürdüsə, artıq bu gün bu normalar dəyişib. Hazırda bu rəqəm 4 saat ətrafında dəyişir. Sosial şəbəkədə müəyyən normadan artıq vaxt keçirmək, insanın iş həyatına, sosial münasibətlərinə təsir göstərir. Amma bu normalar müəyyən müddət sonra dəyişə bilir”.

 

Sosial-psixoloq Əhəd Kazımov qeyd etdi ki, sosial şəbəkələrdən istifadə edərkən vacib məqamlara diqqət etmək lazımdır: “Sosial şəbəkələrin yaradılmasında əsas məqsəd insanların bir-biri ilə əlaqə və ünsiyyət qurması idi. İndi artıq insanlar sosial şəbəkələr üzərindən iş tapa, müxtəlif sosial layihələrdə iştirak edə, yeni insanlarla tanış ola bilirlər. Amma bəzi insanlar sosial şəbəkələrdən düzgün şəkildə istifadə etməyi bacarmır. Düzdür, sosial şəbəkələr bizim işimizə çox faydalıdır. Amma orada olan hər şeyə inanmaq və doğru qəbul etmək olmaz. Saytlarda yazılan hər məlumatı düzgün hesab etmək olmaz. Bəziləri oxuduğu hər məlumatı doğru qəbul edir və bu, onun əhval-ruhiyyəsinə təsir göstərir.  Ən əsas məsələlərdən biri olan ünsiyyət məsələsinə də diqqət etmək lazımdır. Bəziləri real həyatda ünsiyyət qurmaqdan çəkindiyinə görə, sosial şəbəkələr vasitəsi ilə ünsiyyət saxlayır. Bəziləri isə öz xarici görünüşündən utandığına görə, başqa insanların şəkillərindən istifadə edərək özünü başqa biri kimi göstərməyə çalışır. Tövsiyə edərdim ki, belə insanlar real ünsiyyətə üstünlük versinlər. Hətta sosial şəbəkələrdə tanıdığınız insanlarla münasibəti, sonradan real həyata daşımaq lazımdır. Cəmiyyətə inteqrasiya etmək lazımdır. Yalnız bu halda insan qarşı tərəf haqqında tam dolğun məlumat ala bilir”.

 

Psixoloq Elnur Rüstəmov söylədi ki, sosial şəbəkələrdən düzgün istifadə etmək lazımdır: “Əslində, “sosial şəbəkələrdən istifadə insanlarda depressiyaya səbəb olur” demək bir qədər düzgün çıxmaz. Amma bu, insanda bir sıra psixoloji narahatlıqlara səbəb ola bilir. Burada söhbət depressiya, müxtəlif növ sosial fobiyalardan da gedir. Müxtəlif növ psixoloji narahatlıqlar, təşviş yaranma ehtimalı da artır. Bu, müasir dövrün əsas problemlərindən biridir. Məsələ burasındadır ki, internet resurslarından lazım olduqda və doğru şəkildə istifadə etməyi hər kəs bacarmır. Bunu tənzimləməyin yeganə yolu isə məsələni insanın öz öhdəsinə buraxmaqdır. Elə insan var ki, onun işi internet vasitələrindən asılıdır və bütün günü kompüterdən istifadə etmək məcburiyyətindədir. Elə insanlara biz vaxt təyin edə bilmərik ki, sən sosial şəbəkədə gündə iki saat vaxt keçirməlisən. Biz onlara yalnız müəyyən tövsiyələr verə bilərik. Mütəmadi olaraq insanlar öz fiziki və psixoloji sağlamlıqlarının qeydinə qalmalıdırlar. Siz İT mütəxəssislərinə fikir versəniz, görərsiniz ki, onlar ünsiyyət qurmaqda maraqlı deyillər və real ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu, peşədən qaynaqlanan məsələdir. Yəni belə halları hamıya şamil edə bilmərik. Bütövlükdə götürdükdə, insanlar sosial şəbəkələrdən doğru şəkildə istifadə etməyi bacarmalıdır. Düzgün istifadə dedikdə isə sosial şəbəkələrdən yalnız lazım olan təqdirdə istifadə etməyi nəzərdə tuturuq. Çünki şəbəkələrin, insanları özünə çəkmək xüsusiyyəti var. Bu isə insanın fəaliyyətinə mane olur. İnsanların diqqəti yayınır və işlərini bitirə bilmirlər. Dolayı yolla, biz sosial şəbəkələri “zaman oğruları” adlandıra bilərik. Çünki onlar insanın vaxtını əlindən alır. Bu məsələdə uşaqlar və yeniyetmələrə xüsusi diqqət yetirilməlidir. Çünki qeyd etdiyim problemlər gənclərin psixologiyasına daha ciddi təsir göstərir. Adətən, yaşlı insanlar sosial şəbəkələrdən vaxt keçirmək üçün istifadə edirlər. Amma gənclərin gələcəyi hələ qabaqdadır. Onlar təhsildən, ailədən, cəmiyyətdən uzaqlaşır, özlərini inkişaf etdirmirlər. Bu məsələdə sosial şəbəkələrin müəyyən mənada rolu var. Amma bu məsələ ilə bağlı konkret bir mexanizm yoxdur. Dünyanın əksər ölkələrində bu, fərdin öz öhdəsinə buraxılıb. Müxtəlif maarifləndirmə işləri aparılır, zamanın idarə edilməsi, motivasiyanın formalaşdırılmasına dair kitablar yazılır. Bu kitabları oxumaqla, gənclər özləri bəzi məsələləri tənzimləməyi öyrənirlər. Onlara qadağa qoymaqdansa, bu üsullardan istifadə etmək daha faydalıdır. Çünki yalnız maarifləndirmə işləri aparmaqla bu problemi aradan qaldıra bilərik. Gündən-günə internet resursları həyatımıza daha böyük təsir göstərir. Biz sosial şəbəkələri həyatımızdan çıxarmağı yox, onunla necə davranmalı olduğunu öyrənməliyik”.

 

Sosioloq Lalə Mehralı da sosial şəbəkələrin depressiyaya səbəb olması fikri ilə razı deyil: “Düzdür, internet resursları həyatımıza müxtəlif səviyyədə təsir edə bilir. Ümumiyyətlə, sosial şəbəkələr bir çox insanların ünsiyyət qurması, sosiallaşması üçün əvəzsiz vasitə hesab olunur. Bu mənada məsələnin iki tərəfi var. Mən özüm virtual aləmdə yaxşı dostlar qazanmışam. Belə olan halda, sosial şəbəkədə vaxt keçirməyin və ünsiyyət qurmağın mənfi təsir etdiyini deyə bilmərəm. Amma müəyyən həddi saxlamaq lazımdır. Gecə-gündüz sosial şəbəkələrdən istifadə etmək də düzgün deyil. Bu, insanların psixologiyasına və sosial həyatına mənfi təsir göstərir. Elə adamlar var ki, bütün günü telefonu əlindən yerə qoya bilmir. Hətta yeməyini kompüter qarşısında yeyən insanlar var. Bu həddi insan özü təyin etməlidir. Ümumilikdə, sosial şəbəkə asılılığı hər kəsə aid edilə bilməz. Əgər kimsə real aləmdən ayrılıb bütün vaxtını virtual dünyada keçirirsə, həmin insan bu barədə ciddi düşünməlidir”.

 

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir