bosanma

Boşanmaların sayının azaldılması üçün hansı addımlar atıla bilər?

Baxış sayı: 303

“Əvvəlcə qeyd etmək istəyirik ki, son illərdə pandemiya ilə əlaqədar nikah və boşanmaların sayında dəyişikliyi görürük. Yəni, rəqəmlərdə stabillik yoxdur. Bunun da səbəbləri var. Hansısa məhdudiyyətlərin tətbiq edilməsi nikahların sayının çoxalmasıına, boşanmaların sayının isə azalmasına təsir edir. Gördüyünüz kimi, 2019-cu ildə nikahların sayı təxminən 64 min təşkil edirdisə, boşanmaların sayı 17 min 148 idi. 2020-ci ildə nikahların sayı azaldı və bunun səbəbi COVİD-19 pandemiyası və məhdudiyyətlərdir. Nəticədə bu say 35.348-ə düşdü. Eyni zamanda, boşanmaların sayı da 14 min 648-ə qədər enmişdi. 2021-ci ildə isə biz növbəti dəyişikliyi gördük. Nikahların sayı 56 min 314-ə yüksəldi. Boşanmaların sayı isə 2019-cu ilin rəqəmlərinə uyğun idi. Bu rəqəm 17 min 191 idi”.

Bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Elgün Səfərov deyir.

Komitə rəsmisinin fikrincə, müqayisəli təhlil nəticəsində qeyd edə bilərik ki, burada nikahların çoxalması yox, 2020, 2021 və 2022-ci illər üzrə pandemiya ilə əlaqədar dəyişikliklər öz əksini tapır və eyni səviyyədədir:

“Boşanmaların əksəriyyəti, təxminən 60 faizi tərəflərin xasiyyətlərinin uyuşmamasından qaynaqlanır. Bunun da sayı 10 mindən çoxdur. Boşanan cütlük əksər hallarda boşanmalarının əsl səbəbini gizlədir. Digər səbəb kimi cütlüklərin övladlarının olmaması, sonsuzluq problemlərini qeyd etmək olar. Ailədə məişət-zorakılıq halları buna təsir edir. Xəyanət və qısqanclıq da boşanmalara səbəb olan amillərdəndir. Ailədə hansısa xəstəliyin olması, narkotik vasitələrdən istifadə, spirtli içkilərdən asılılıq da boşanmaların sayına təsir edən məqamlardandır. Bunlar boşanmaların əsas səbəbləri sırasındadır. Dediyim kimi, əsas məqam xasiyyətlərin tutmamasıdır. Bunlar boşanan cütlüklərin qeyd etdikləri məqamlardır. Komitənin araşdırmalarına əsasən boşanmaların əsas səbəbi ailə-məişət zorakılığıdır. İkinci yerdə sonsuzluq problemidir. Üçüncü yerdə isə alkoqollu içkilərdən və narkotikdən asılılıqdır. Xəyanət və qısqancılıq isə boşanmaya səbəb olan dörd amildən biridir”.

Bəs boşanmaların sayının azaldılması istiqamətində hansı addımlar atıla bilər?

Elgün Səfərovun sözlərinə görə, ilk olaraq ailə qurarkən həmin şəxslərin, cütlüklərin psixoloji, sosial vəziyyətinin qiymətləndirilməsi, eləcə də bir-birinə qarşılıqlı inamın yaradılması vacibdir:

“Tərəflər ailə qurarkən bu məsuliyyətləri dərk etməlidirlər. Bu istiqamətdə dövlət komitəsi ailə siyasətinin gücləndirilməsi ilə bağlı təbliğat işləri aparır. İnsanlar ailə qurarkən təkcə dövlət komitəsi deyil, eyni zamanda, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi, digər nazirliklər də bu istiqamətdə öz töhfələrini verirlər. Bu çərçivədə olan məsələlər yetkinlik yaşına çatan şəxslərin öz məsuliyyətlərini dərk etmələrindən asılıdır. Bununla bağlı tərəflər bir-birləri ilə razılığa gəlməlidirlər. Onlar arasında qarşılıqlı inam mövcud olmalıdır. Cütlüklər bir-birlərini başa düşməlidirlər. Dövlət Komitəsi narkotiklərlə, alkoqollu içkilərlə, insan alveri ilə mübarizə sahəsində xeyli işlər görüb. Eləcə də bu kimi mənfi fəsadların aradan qaldırılması istiqamətində Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər dövlət qurumları ilə preventiv tədbirlər aparır. Eyni zamanda, narkotiklərlə mübarizə üzrə komissiya fəaliyyət göstərir. Həmin qurumla birgə fəaliyyətlər də mövcuddur”.

Komitə rəsmisi onu da vurğulayır ki, xəyanət və qısqanclıq məsələləri ilə bağlı ailə psixoloqu institutu gücləndirilməlidir:

“Bununla əlaqədar ali təhsil ocaqlarında ildən-ilə psixoloqlar institununun gücləndirilməsi və təhsil alanlarının sayının çoxaldılması ilə bağlı tədbirlər görülür. Müqayisə etsək görərik ki, 10 il əvvəllə müqayisədə bu gün Azərbaycanda psixoloq institutu formalaşıb. Artıq ailə psixoloq institutunda yüzlərlə peşəkar psixoloq var. Bizim və digər dövlət qurumlarının qiymətləndirilməsinə əsasən onların peşəkarlıq səviyyəsi artıb. Bu istiqamətdə də davamlı işlər aparılmalıdır. Ailədə qısqanclıq, inamsızlıq problemlərinin aradan qaldırılması istiqamətində işlər görülür. Bizim məqsədimiz konkret olaraq boşanmaları aradan qaldırmaq deyil, ailə dəyərlərini gücləndirməkdir. Yəni nikahdan öncə nikaha daxil olmaq istəyən gənclər onun məsuliyyətini dərk etsinlər. Ən azından onlar nikaha daxil olarkən vəzifələrini və hüquqlarını bilsinlər”.

Elgün Səfərov bildirir ki, Azərbaycanda 2 milyon 100 mindən çox ailə var. Həmin ailələrin sayında da azalma meyarı yoxdur:

“20 il ərzində Azərbaycan ailələrində azalma yox, çoxalma meyarları var. 2022-ci ilin ilk altı ayında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalmalar mövcuddur. 6 ay ərzində təxminən 7,5 min civarında boşanmalar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayında 10 faiz azalma deməkdir”.

 

Tural Turan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir