boy

Boyu uzatmaq üçün TƏBİİ ÜSULLAR

Baxış sayı: 299

Fiziki inkişafın və boyun ləngiməsi orqanizmdə somatotrop hormonunun kifayət qədər olmaması nəticəsində meydana çıxır.

 

Boy qısalığının səbəbləri:

– İrsi səbəblər – ata və ananın qısaboylu olması

– Qeyri-düzgün qidalanma

– Düzgün olmayan həyat şəraiti

– Bütün endokrin vəzlərə nəzarət edən və baş beyində yerləşən hipofiz vəzin bətndaxili dövrdə zədələnməsi.

– Kəllə-beyin travmaları

– Hipofiz və onu əhatə edən törəmələrin şişləri

– Sifilis, sarkaidoz, vərəm kimi xəstəliklər

– Ağır mədə-bağırsaq, böyrək, qan xəstəlikləri

– Ağır idman növləri

– Zərərli vərdişlər.

 

Anadangəlmə qısaboyluluqda uşağın çəkisi və boyu yaşıdlarından geri qalmır. İlk əlamətlər 2-3 yaşlarında özünü büruzə verir. İllik boy artımı normada 7-8 sm olduğu halda bu uşaqlarda 3-4 sm təşkil edir. Boy inkişafı ləngisə də, bədən proporsiyaları saxlanılır. Bunlarla yanaşı skeletin sümükləşməsinin zəifləməsi, diş cərgəsinin pozulması, əzələ sisteminin zəif inkişafı kimi əlamətlər müşahidə olunur.

Xroniki iltihabi xəstəliklər, stress kimi faktorlar da fiziki inkişafın ləngiməsinə səbəb olan amillərdəndir.

Bütün bu faktlarla yanaşı qidalanma da fiziki inkişafın ləngiməsində önəmli yerlərdən birini tutur. Zülal əskikliyi xüsusilə uşaqlarda boy inkişafını ləngidən əsas faktorlardan biridir. Orqanizmin zülal ehtiyacını ödəmək üçün gündəlik qida rasionunda ət, balıq, paxlalılar, yumurta, qoz-fındıq kimi məhsullar artırılmalıdır. Tərkibində külli miqdarda yod (xurma, dəniz məhsulları), dəmir (qarabaşaq, qaraciyər, göbələk, alma), kobalt (kişmiş, sarımsaq, kalmar), kalsium (süd, qatıq, kəsmik, portağal, əncir) olan məhsullar da boy inkişafını sürətləndirən qidalar sırasındadır.

 

Boy hormonunun sintezini artıran və qısaboyluluğun qarşısını alan xalq təbabəti üsulları:

– 1 qram arı südü 20 ml 40 faizli spirtdə həll olunur. 10 gün müddətinə qarışıqdan 3-6 damcı qəndin və bir damla balın üzərinə damızdırılıb yeməkdən yarım saat əvvəl dil altında sorulur. Vəziyyətdən asılı olaraq fasilələrlə 3-12 kurs təkrarlamaq olar. İstifadə müddətində arı südü bəlğəmin xarakterini durulaşdırdığına görə tutmaşəkilli öskürək yaradarsa doza yarıbayarı azaldılmalıdir. Orqanizm öyrəşdikdən sonra doza 1-2 damcı olmaqla gündəlik artırılır.

– Hərəsindən 75 qram kəklikotu və qoz yarpaqları, 100 qram xəndəkotu kökü götürülür, qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı, 2 stəkan qaynar suda axşamdan səhərə qədər termosda dəmlənir, süzülür. 50 ml gündə 4 dəfə yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir.

– Gündə 2 dəfə hər dəfə 1 desert qaşığı olmaqla Şəfa şərbəti qəbul edilir.

– Hərəsindən 1 çay qaşığı xırdalanmış gicitkən yarpağı, zəncirotu yarpağı, adi mərcangilə götürülür, qarışdırılır. Emallı qabda üzərinə 0,5 litr distillə suyu əlavə edilir, 5-6 dəqiqə zəif odda qaynadılır, 30 dəq. dəmlənir, süzülür. Hər gün təzə dəmləmək şərtiylə 21 gün müddətində gündə 2-3 dəfə olmaqla yeməkdən 20 dəq əvvəl 1/2 stəkan daxilə qəbul edilir. 14 günlük fasilədən sonra müalicə kursu təkrar olunur.

– 1/2 çay qaşığı gicitkən kökü,  hərəsindən 1/3 çay qaşığı zəncirotu kökü, itburnu meyvəsi, istiotli nanə yarpağı götürülür, qarışdırılır, üzərinə 0,5 litr su əlavə edilir. Emallı qabda zəif odda 15 dəq bişirilir, 2-3 saat qaranlıq otaqda dəmlənir, süzülür. Daha sonra 1/3 çay qaşığı çobanyastığı çiçəkləri, hərəsindən 1/2 çay qaşığı olmaqla dəvədabanı və bağayarpağı yarpağı üzərinə 0,5 litr qaynar su əlavə edilərək termosda bir saat dəmlənir, süzülür. Daha sonra alınan dəmləmə ilə süzülmüş hazır bişirmə qarışdırılır, zəif odda qızdırılır qaynayan kimi ocaqdan götürülür üzərinə 4 xörək qaşığı təbii bal əlavə edilir, bal əriyənədək qarışdırılır. Yeməkdən yarım saat əvvəl 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə kursu 3 həftədir. 2 həftəlik fasilədən sonra kurs təkrar edilə bilir.

 

Boy qısalığında istifadə olunan vannalar:

– Hərəsindən 0,5 kq şam qozası, iynə yarpaqları və budaqları götürülür, üzərinə 3 litr su əlavə edilir, zəif odda yarım saat bişirilir, ocaqdan götürülərək 12 saat dəmlənir, süzülür. Vannaya isti su tökülür, süzülən bişirmə üzərinə əlavə edilir. 8-10 dəq müddətində həmin vannada uzanılır.

– Bir dolu ovuc adaçayı yarpaqları götürülür üzərinə 3 litr su əlavə edilir, ağzı bağlı qabda zəif odda 30 dəqiqə qaynadılır, ocaqdan götürərək yarım saat dəmlənir, süzülür. Vannaya 36-38 dərəcə su tökülür, süzülən dəmləmə üzərinə əlavə edilir. 15-20 dəq müddətində həmin vannada uzanılır. Vannaların növbəli qəbul edilməsi məsləhətdir.

 

Boy qısalığında istifadə olunan məcunlar:

– Tumları çıxarılmış İran xurması, üyüdülmüş güldəfnə toxumu, zəncəfil, darçın və bal eyni miqdarda götürülür. Qarışdırılır, buxar vannasında isidilir və üzərinə keçi südü əlavə edilir. Gün ərzində yeyilir.

– 10 ədəd xırdalanmış İran xurması, 1 çay qaşığı toz zəncəfil, 1/8 çay qaşığı hil, bir çimdik zəfəran qarışdırılır, bir litirlik şüşə qabda  qarışdırılır, ağzı bağlı olmaq şərtiylə 2 həftə isti şəraitdə saxlanır. Səhər acqarına yeyilir.

– Hərəsindən 50 qram qoz, badam, fındıq ləpəsi, əncir, ərik, qara gavalı qurusu götürülür ət çəkən maşından keçirilir üzərinə 50 qram çiçək tozu və 1 stəkan təmiz bal və ya keçibuynuzu bəkməzi əlavə edilir, qarışdırılır. 1 çay və ya xörək qaşığı gündə 1 dəfə səhər acqarına yeyilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir