derman

Dərman istehsalı ilə bağlı ölkəmizdə vəziyyət nə yerdədir?

Baxış sayı: 851
“Azərbaycan dərman istehsal edəcək”, “Yaponlar Azərbaycanda dərman zavodu açacaq”, “Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır”, “İran Azərbaycanda dərman istehsal edəcək” tipli xəbərləri 5-6 ildir oxuyuruq. Bu xəbərlər paylaşıldıqca, mütəxəssislər bildirirdilər ki, yerli istehsal idxal ediləndən daha münasib qiymətə satılacaq. Amma vətəndaşlar hələ də ölkədə dərman istehsal olunduğunu hiss etmir. Bəs bu illər ərzində nə dəyişib? Dərman istehsalı ilə bağlı ölkədə vəziyyət nə yerdədir? 
 

Fəaliyyət göstərməyən iki rezident

Qeyd edək ki, 2017-ci ildə yaradılan Azərbaycan-İran dərman zavodu “CASPIAN PHARMED QSC” ötən ilin əvvəlində  istehsala başlamamış ləğv olunduğunu elan edib. Kommersiya qurumu Almaniya, İtaliya şirkətlərinin texnologiyaları əsasında ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal etməli idi. Bəs digər istehsalçılar? Yerli şirkət olan “Parla Pharmaceuticals”ın saytında istehsal etdikləri dərmanlarla bağlı məlumat yerləşdirilib. Şirkət hazırda “Fungipar”, “Nidapar”, “Tamurin” adlı dərmanların istehsalını həyata keçirir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkı əczaçılıq sənayesi üzrə ixtisaslaşıb. Agentliyin mətbuat xidmətindən bildirildi ki, Sənaye Parkının hazırda 4 rezidenti var. Onlardan ikisi fəaliyyət göstərir. Biri birdəfəlik şprislərin istehsalı ilə məşğuldur. Biri də dərman istehsalı sahəsində fəaliyyət göstərir. Digər iki rezident fəaliyyətə başlamayıb.

 

500 min qutu istehsal

Rusiya-Azərbaycan şirkəti olan “R-Pharm” MMC-nin investisiya dəyəri 16 milyon dollardır. Müəssisənin illik istehsal gücünün 250 milyon ədəd həb və kapsul təşkil etdiyi bildirilir. 2019-cu ildə açılışı olan şirkət dərman istehsalına 2021-ci ildən başlayıb. Şirkətin Pirallahı Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisəsində hazırda bir dərman vasitəsinin istehsalı həyata keçirilir. Bu vasitə şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton® MR” (qliklazid) preparatıdır. Artıq bu ilin I rübünün sonunadək müəssisədə 500 min qutu “Diabeton® MR” preparatı istehsal edilib. Gələcəkdə müəssisədə onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və s. xəstəliklərin müalicəsinə yönəlmiş preparatların istehsalının planlaşdırıldığı bildirilir.

Dərman istehsalı ilə məşğul olan daha bir şirkət “AzərFarm LTD”dir. Saytlarında qeyd olunur ki, şirkətdə müxtəlif farmakoloji qruplardan olan 70-ə yaxın dərman preparatları istehsal olunur.

Ümidlər böyük idi, amma…

Bunlar şirkətlərin ayrılıqda fəaliyyətidir. Bəs ümumilikdə, durum necə qiymətləndirilir?

Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ümidlər böyük idi: “Düşünürdük ki, Azərbaycan dərman istehsalına başlayacaq, ölkəyə dərman idxalı azalacaq, qiymət aşağı düşəcək, hətta qonşu ölkələrə dərman ixrac edə biləcəyik. Təəssüf ki, bunlar baş vermədi”.

M.Quliyev bildirdi ki, dərman istehsalını ölkəmizdə təşkil etmək mümkündür: “Bir şpris zavodu fəaliyyət göstərir. Kifayət qədər uğurludur. Onun təcrübəsi göstərir ki, Azərbaycan tibb texnologiyası, dərman istehsalı sahəsində lazımi uğurlar əldə edə bilər. Biz yeni dərman yaratmırıq, mövcud dərmanları istehsal etməkdən danışırıq. Bunu da təşkil etmək mümkündür”.

 

“Sənaye miqyasında artım yoxdur”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, hazırda Azərbaycanda dərman istehsalı ilə bağlı mövcud durum ürəkaçan deyil: “Sovet dövründə ölkəmizdə bir neçə dərman istehsal edən müəssisə var idi. Amma SSRİ dağıldıqdan sonra o zavodlar dağıdıldı. İstehsal da, demək olar ki dayanmış vəziyyətdədir. İstisna olaraq müxtəlif toz şəklində dərman preparatlarının – antibiotiklərin, yaxud sarğı materiallarının, spirtlərin, siropların istehsalı prosesi baş verir. Bu mənada istehsal bərbad vəziyyətdədir. Azərbaycan dərman preparatları ilə bağlı idxaldan asılı durumdadır”.

Statistik rəqəmlərdə isə ildən-ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalının artdığı qeyd edilir. İ.Hüseynli deyir ki, bu, pandemiya dövrünə görə öskürəyə qarşı siropların, spirtlərin istehsalı ilə bağlı ortaya çıxan rəqəmlərdir: “Əfsus ki, böyük sənaye miqyasında istehsalın səviyyəsində bu statistikanı görə bilmirik. Azərbaycan əczaçılıqda 90-95 faiz idxaldan asılıdır”.

İ.Hüseynlinin sözlərinə görə, dərman istehsalı ciddi, vaxt aparan məsələdir. Üstəlik, burada dövlətin dəstəyi kifayət qədər olmalıdır: “Müxtəlif ölkələrin əczaçılıq zavodları ilə müzakirələr aparıldı, müəyyən razılaşmalar əldə edildi. Amma çoxu işlərə başlamadı. Prosesin sürətli getməsi üçün özəl sektorun bu işə cəlb edilməsi əhəmiyyətli dərəcədə fayda verə bilər”.

 

Xarici şirkətlərin tərəddüdləri

Dərman istehsalı üçün özəl sektora tətbiq edilməli olan güzəştlərə gəlincə, İ.Hüseynli bunları bildirdi: “Yerli istehsal ucuz başa gəlməlidir, amma gəlmir. Yerli istehsalın baha olmasını şərtləndirən amillər var. Dərman istehsalı üçün xaricdən gətirilən xammallara ƏDV və gömrük rüsumlarını minimuma endirməklə, ölkədə istehsal olunan dərman preparatlarının kifayət qədər ucuzlaşmasına nail ola bilərik. Ola bilər, xarici ölkələrin əczaçılıq şirkətlərinin Azərbaycanda mövcud iqtisadi qanunlarla, vergi qanunvericiliyi ilə tanış olduqdan sonra prosesə start verməklə bağlı müəyyən tərəddüdləri var. Düşünürəm ki, vergi, gömrük güzəştləri tətbiq etsək, xarici investorları bu prosesə maraq göstərməyə stimullaşdıra bilərik. Özəl sektora aşağı faizlə kreditlərin verilməsini də təmin etsək, qısa müddətdə Azərbaycanda əczaçılıq zavodlarını qurub ölkənin həyati əhəmiyyətli dərman preparatlarına olan tələbatını minimuma endirmək mümkün ola bilər”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir