usaq 1

Demoqrafik uçurum nədən qaynaqlanır?

Baxış sayı: 1. 551

Statistikaya görə, yeni doğulan oğlan uşaqlarının sayı yenə qızları üstələyir. Ekspertlərin fikrincə, bu, əhalinin demoqrafik tərkibinin pozulması ilə nəticələnə bilər. Uzun müddət belə davam etsə, gələcəkdə milli etnik tərkibin dəyişməsi qaçılmazdır.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.
Bununla yanaşı, bu ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Eyyubov bildirir ki, həqiqətən, son vaxtlar oğlan və qız uşaqlarının sayı arasındakı fərq kəskin görünür. “Xüsusilə də, kənd yerlərində qız uşaqlarını istəmirlər. Hamı oğlan uşaqlarını istəyir. Şəhər yerləri ilə müqayisədə kəndlərdə vəziyyət daha pisdir. Şəhərlərdə də əhalinin ümumi sayının tərkibində oğlan uşaqlarının sayı çoxalıb, qız uşaqlarının sayı azalıb. Dölün cinsiyyətini əvvəlcədən müəyyənləşdirib tələf edirlər. Ona görə də Azərbaycanda qız uşaqlarının abortla tələf edilməsi böyük problemdir”.

N.Eyyubov bildirib ki, getdikcə hər 1000 nəfər oğlana düşən qızların sayı kəskin azala-azala gedir: “Bəzi rayonlarda qadınların sayı həmişə kişiləri üstələyirdi, lakin indi həmin rayonlarda hətta kişilər çoxalıb. Belə getsə, demoqrafik tərkibdə problemlər yaranacaq. Evlənməli oğlanlara qız çatışmayacaq. Qız çatışmayanda məcbur olub başqa millətlərdən qız alacaqlar. Uzun müddət belə davam etsə, kişilərimiz Rusiyadan, Ukraynadan gəlin gətirəcək. Nəticədə milli etnik tərkib tədricən dəyişəcək. Bunun fəsadlarını hələ çəkəcəyik”.

Eyyubov təklif edir ki, birinci növbədə niyə əksəriyyətin qız uşağı istəmədiyini anlamaq lazımdır: “Niyə çoxu qız uşağını istəmir? Qızın problemi çoxdur. İndi sosial-iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Hər bir valideyn fikirləşir ki, övladımı gələcəkdə necə böyüdüm? Ona necə təhsil verim? Necə edim ki, sonra özünə iş tapa bilsin? Onu gələcək həyatı üçün tam hazırlaya bilim, ailə sahibi olsun. Qız haqqında elə belə deməyiblər ki, “Qız yükü, duz yükü””.

Onun sözlərinə görə, əhalinin demoqrafik tərkibi pozulmasın deyə, ən yaxşısı ailədə iki və üç qızı olan ailələrə müavinət verilsin: “Ailələrin sosial vəziyyəti yaxşılaşdırılmalıdır”.

 

Psixoloq Xəyalə Abbasın bildirdiyinə görə, bizim millət oğlan uşaqlarını sevdiyindən, qadın hamilə qaldıqda əgər qız uşağıdırsa, abort edirlər: “Qız uşaqları tələf edildiyi üçün doğulan oğlan uşaqlarının sayı artır. Kobud da səslənsə, istədikləri olana qədər, dölün cinsi oğlan olmayana qədər, qız uşaqlarını ana bətnində öldürürlər. Təki oğlan doğulsun deyə, nə qədər qız uşaqlarını abort edirlər” deyən psixoloq əlavə edib ki, bizim millət oğlan uşağına düşkündür: “Valideynlər düşünür ki, oğlumuz olsun, bizim soyumuzu davam etdirsin, biz yaşlananda bizə baxsın, qayğımıza qalsın, var-dövlətim oğluma qalsın. Qızlar adətən gəlin olub başqa evə köçür. Həm də bizdə “Oğul düşmən çəpəridir” deyirlər. Bu cür fikirlərə, söz-söhbətlərə görə, təbii ki, millətin psixologiyasında oğul sahibi olmaq arzusu, oğlan uşaqlarına sevgi kök salıb”.

 

Ginekoloq Rasimə Hüseynovanın dediyinə görə, əksər valideynlər dölün cinsini öyrənməkdə maraqlı olurlar: “Əsasən də ilk uşaq gözləyən valideynlər həyəcanlı olur. Birinci uşağı oğlan olanlar ikincisi qız olarsa, buna sevinir. Lakin birinci uşağı qız olanların əksəriyyəti ikinci uşağın oğlan olmasını arzulayır. Dölün cinsinə baxırlar, əgər yenə də qızdırsa, abort etdirirlər. Elə də ailələr var ki, oğlan uşağı dünyaya gəlməyənə qədər dölün cinsi qız çıxırsa, davamlı oğlan olana qədər abort etdirirlər. Saydıraraq oğlan uşağına hamilə qalmaq istəyənlər də çoxdur. Yəni əvvəlcədən saydırırlar ki, hamilə qalacaqları vaxt dölün cinsi oğlan olsun. Amma hamiləlik planlaşdırılan zaman dölün cinsiyyətini öncədən təyin etmək üçün dəqiq üsul yoxdur”.

R.Hüseynova qeyd edir ki, 12-ci həftədən sonra dölün cinsiyyətini təyin etmək üçün ultrasəs aparatında baxırlar: “Əgər dölün cinsinin qız olduğunu öyrənirlərsə, abortu seçirlər. Qadın bilməlidir ki, abort onun sağlamlığı üçün təhlükəlidir. Xüsusilə də, ilk uşağı abort etdirmək risklidir. Bəziləri bunun üçün qeyri mütəxəssislərə də müraciət
edirlər ki, bu da həyatları üçün təhlükəli olmaqla yanaşı, həm də sonsuzluq riskini ortaya çıxara bilər”.

Aynurə MƏMMƏDOVA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir