diplom

Distant təhsil diplomları: əsaslı dəyişiklik zərurətə çevrilib

Baxış sayı: 136

Artıq uzun illərdir ki, dünyanın aparıcı ali təhsil müəssisələrində distant təhsil sistemi tətbiq olunur. Bu gün distant təhsilə, onlayn tədrisə maraq göstərənlərin sayı kifayət qədərdir və bu say gündən-günə artmaqdadır. İstədiyi universiteti seçən və əyani şəkildə dərslərdə iştirak etməyən tələbə telekommunikasiya vasitəsilə onlayn dərslərə qoşulur. Müəllimlər tərəfindən tələbələrə tapşırıqlar, testlər və sair elektron formada təqdim olunur. İmtahanlar da onlayn şəkildə təşkil edilir. Distant təhsilin əsas üstünlüklərindən biri vaxta qənaət və müasir texnologiyadan istifadə etmə bacarığının inkişaf etməsidir. Distant təhsil alan tələbədə elektron dərsliklərdən – kitab, video materiallardan, yaddaş kartlarında olan dərs vəsaitlərindən istifadə vərdişi formalaşır.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində distant təhsil növünün geniş tətbiq olunmasına baxmayaraq, Azərbaycanda təhsilin bu növünə üstünlük verilmir. Hətta xaricdə distant formada təhsil alan şəxslərin diplomu ölkəmizdə tanınmır. Tanınmayan diplomlar arasında Türkiyə, MDB ölkələrinin – Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələri tərəfindən verilən ali təhsil haqqında sənədlər üstünlük təşkil edir.

Xarici ölkələrdə alınan diplomların Azərbaycanda tanınması prosesinə Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyi nəzarət edir. Agentlikdən bildirilir ki,  bu təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb. Bu səbəbdən də distant formada alınan təhsilin diplomları Azərbaycanda tanınmır.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, ölkəmizdə onlayn təhsil formasının rəsmi yaranma tarixi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. Həmin qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda əyani, qiyabi, sərbəst (eksternat) təhsil formaları ilə yanaşı distant (məsafədən) təhsil də mövcuddur. Sadəcə olaraq distant təhsil informasiya texnologiyaları və multimedia sistemlərinin köməyi ilə əyani, qiyabi və axşam təhsil formalarının əsas elementlərini uzlaşdıran bir vasitədir.  “Pedaqoji prosesdə distant təhsildə hər iki tərəf arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirilir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə müəllimin yeni rolu, tədrisin keyfiyyətinə nəzarət, təlimdə fərqli vasitə və texnologiyalardan istifadə aid edilir. Prezidentin vurğuladığı kimi: “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir”.

diplom

Əgər nəzərə alsaq ki, distant təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir, distant təhsildə informasiyalar öyrənənlərə çap, materiallar, elektron dərslik və sair formalarda təqdim edilir, deməli, bu göründüyü kimi sadə və asan həyata keçirilən iş deyil. Bu baxımdan bəzi problemlərin qısa müddətdə aradan qaldırılması o qədər də real görünmür. Digər bir məsələ, distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacib bir hal alıb. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir”.

Distant təhsilin üstünlüklərindən danışan N.İsrafilov bildirir ki, müasir zamanın tələblərinə uyğun distant təhsilin geniş tətbiqi daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Distant təhsil sayəsində ucqar kəndlərdə yaşayanlar, əlilliyi olanlar, müəyyən səbəblərə görə təhsilini davam etdirə bilməyənlər də rahat təhsil alır. Son onillikdə distant təhsilə ehtiyac duymadığımızdan bu müasir təhsilalma formasına elə də  lazımi diqqət yetirməmişik. Halbuki, bu müddət ərzində distant təhsilin vacibliyi və zəruriliyi barədə müəyyən çağırışlar da olub: “Fikrimcə, Azərbaycan universitetlərində də distant təhsilin tətbiqi vaxtı çatıb. Həmçinin xaricdə distant formada təhsil alan şəxslərin diplomunun tanınması məsələsinə də baxılmalıdır. Distant formada alınan diplomları tanımaqla biz gün xaricdə distant təhsil alan onlarla gəncə yaşıl işıq yandırmış olarıq”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, Türkiyədə elə ali təhsil müəssisələri var ki, orada minlərlə tələbə təhsil alır. Onların müəyyən qismi məhz distant təhsil alan tələbələrdir: “Hesab edirəm ki, artıq Azərbaycanda da distant təhsilin tətbiqinin zamanı çatıb. Ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Eyni zamanda distant təhsili də. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edərək gəlirlərini artıra bilərlər. Artıq ölkəmizdə də distant təhsil diplomlarının tanınması istiqamətində işə başlanmalıdır. Distant ali təhsil sürətlə artır, insanlar zaman və məkan anlayışını xeyli qabaqlayaraq təhsil almaq imkanlarını gerçəkləşdirirlər. Beləliklə də, “Ali təhsil haqqında” qanun layihəsində distant təhsilin əks olunması bu gün ən vacib istiqamətlərdən biridir. Əlbəttə ki, biz gənclərimiz üçün təhsilalma imkanlarının və formalarının qanunda yer almasına, bunun qanunla tənzimlənməsinə mütləq şəkildə baxılmalıdır. Distant diplomların taınması qanunla təsdiq olunduğu təqdirdə ABŞ-ın istənilən ali təhsil müəssisəsində distant təhsil alan gənclərimizin diplomlarının tanınmasında problem olmayacaq. Əlbəttə, burada da yenə sui-istifadə halları olacaq, amma məsələ ondan ibarətdir ki, növbəti mərhələdə bu diplomların tanınmasına onsuz da Təhsil Nazirliyinin Təhsildə keyfiyyət Təminatı Agentliyi yenidən baxacaq, hansı diplomlar tanınacaq, hansı tanınmayacaq, bu qurum qərar verəcək. Ona görə də, düşünürəm ki, təkmilləşdirilən qanun layihəsində distant ali təhsil diplomlarının tanınmasını əks etdirməliyik”.

Cəmiyyət sədrinin dediyinə görə, gənclərə təhsil almaları üçün bütün mümkün şərait yaradılmalıdır: “Növbəti illərdə distant təhsil alanların sayı daha da artacaq, ona görə də bunun qanunla tənzimlənməsi mütləqdir. Distant təhsilin ali təhsil sistemində oturuşmasının və getdikcə distant təhsilə marağın artdığının şahidi olacağıq. Qanun hazırlanarkən vacib məqam ondan ibarətdir ki, bizim insanlarımız qanundan yararlansınlar. Eyni zamanda qanun insanların fəaliyyətini tənzimləsin, hüquqi bir sənəd kimi meydana çıxsın. Bizim xeyli sayda insanlarımız var, diplomları əllərində qalıb, onlar bu diplomlardan istifadə edə bilmirlər. Bunu nəzərə almalıyıq. Bir şəxs nüfuzlu bir ali təhsil müəssisəsində distant oxuyub diplom alıbsa, ona heç kəs irad bildirə bilməz”.

DIPLOM

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirir ki, Azərbaycanda distant təhsil ali təhsilin formalarından biri kimi qəbul edilməsi nəzərdə tutulub. Millət vəkilinin sözlərinə görə, bu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formalarına əyani təhsil, qiyabi təhsil, distant, sərbəst təhsil daxil olacaq. Distant təhsil təhsilin rezidentura və doktorantura səviyyəsindən başqa bütün pillələrində mümkün olacaq: “Qeyd edim ki, “Ali  təhsil  haqqında” qanun  layihəsinin  ilkin  versiyasında  distant  təhsilin  ali  təhsil  formalarından  biri  kimi  qəbul  edilməsi  təklif  edilib. Bu  məsələ  öz  növbəsində  bir  neçə  mövzunun  həllinə  də  diqqət  çəkir.  Bu  mövzulardan  demək  olar  ki, ən  başlıcası  isə  xarici  universitetlərdə  distant  təhsil  alan  şəxslərin   diplomlarının  ölkəmizdə  tanınmamasıdır. Qanunvericilikdə  distant  təhsil  rəsmi  olaraq  təhsilin  bir  forması  kimi  qəbul  ediləcəyi  təqdirdə  düşünürəm  ki, bu, xarici  universitetləri  distant  şəkildə  bitirən  məzunların  diplomlarının  tanınması  məsələsi öz həllini tapacaq. Bu gün bir çox xarici ölkələrdə sırf  distant  təhsil  verən  universitetlər  var.  Bu səbəbdən də ölkədə distant formada təhsil alıb diplom əldə edən şəxslərin ali təhsil haqqında sənədinin tanınması istiqamətində müvafiq addımlar atılmalıdır. Hesab  edirəm  ki, bu  mövzuda  sırf  qanun  yaxud  Təhsil  Nazirliyinə  bağlı  olmayan  məsələlər  də  mövcuddur. Yəni  hər  hansı  bir  tələbə  xaricdə  distant  təhsil  alırsa,  təhsil  aldığı  ölkənin  dilini  mütləq şəkildə bilməlidir”.

C.Məmmədov vurğulayır ki, qanunvericilikdə  distant  təhsil  ilə  bağlı  məsələlər  öz  əksini  artıq  tapır: “Hesab  edirəm  ki, növbəti  mərhələdə  ümumi olaraq  diplomların  təsdiqi  məsələsinə  öz  töhfəsini  verəcək”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir