Elektromobil

Elektromobil sahiblərinin üzləşdiyi problem

Baxış sayı: 504

Dünyada və Azərbaycanda elektromobillərə maraq artır. Hər il ölkəyə idxal olunan elektriklə işləyən avtomobillərin sayında sürətli artım müşahidə edilir. Lakin şarj aparatları (enerji doldurma aparatları) ilə bağlı problemlər hələ də qalmaqdadır. Bəzi küçələrdə səkilərə belə aparatlar quraşdırılıb. Lakin yolun kənarında saxlanılan maşınlar elektrik avtomobillərinə şarj aparatından istifadə etməyə imkan vermir. Bəs enerji doldurma aparatları harada quraşdırılmalıdır? Ölkəmizdə elektromobil sahibi olanlar başqa hansı problemlərlə üzləşirlər?

 

Bakıda problemlər həllini tapır

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi Eyyub Əliyev dedi ki, bu sahədə əsas problem rayonlardadır: “Ən böyük problemlərdən biri enerji doldurma məntəqələri ilə bağlıdır. Bakıda ticarət mərkəzlərində, bir çox restoranlarda, hətta yeni yaşayış komplekslərinin dayanacaqlarında özəl sektor nümayəndələri tərəfindən şarj məntəqələri quraşdırılıb. Yanacaqdoldurma məntəqələrində enerji doldurma stansiyaları da fəaliyyət göstərir. Əsas problem bölgələrə gedərkən yolüstü məntəqələrin olmaması, yaxud məhdudluğudur. Bakıda bu problem həllini tapır. Yanacaqdoldurma məntəqələrinin demək olar ki, hamısında bu aparatlar var”.

E.Əliyevin sözlərinə görə, küçədə quraşdırılan aparatlara nəzarət etmək mümkün deyil: “Elektrikli avtomobillərin çox istifadə olunduğu xarici ölkələrə baxdıqda, orada da küçələrdə kiçik şarj məntəqələri quraşdırılır. Ticarət mərkəzilərində, böyük tikinti layihələrinin dayanacağında xüsusi yerlər ayrılıb. Kənar maşınların orada saxlamamasına nəzarət olunur. Amma küçədə quraşdırılan aparata nəzarət mexanizmi bir az çətindir”.

 

Özəl sektor daha çox maraqlı oldu 

E.Əliyev bildirdi ki, aparatların sayı ilə bağlı rəsmi statistika yoxdur: “Bu iş tam dövlət tərəfindən həyata keçirilmir. Ona görə, qurumlarda statistika da olmur. Kimsə bina tikib, kompleksin dayanacağına aparat yerləşdiribsə, heç bir quruma məlumat təqdim etmir. Aparatların quraşdırılmasını dövlətdən gözləyirdik. Amma özəl sektor daha çox maraqlı oldu”.

Müsahibimiz qeyd etdi ki, dövlət tərəfindən də layihələndirmə işləri gedir. Gələn ilin əvvəllərində artıq dövlət tərəfindən quraşdırılan məntəqələri də çox sayda görə bilərik. Layihələndirən qurum qərar verəcək ki, harada yerləşdirmək lazımdır. Əsas məqsəd kifayət qədər doldurma məntəqəsinin olmasıdır”.

 

“Vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə…”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə heç bir ehtiyat hissəsi, servis xidməti olmayan maşınları gətirməyə ehtiyac yoxdur: “Elektromobil doldurma məntəqələrinin azlığı problemini həll etmək üçün ötən il dövlətin qərarı ilə ölkəmizə idxal olunan enerji doldurma məntəqələrində istifadə olunan avadanlıq və cihazlar bütün gömrük rüsumlarından azad edildi. Bu qərar sahibkarlar həmin aparatları alsınlar, məntəqələrin sayı artsın deyə verilib. Əgər vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə, ilk növbədə ölkəmizə gətirilməsinə icazə verilən, servisi, ehtiyat hissələri olan nəqliyyat vasitəsini almalıdır”.

Ən çox problem rayonlardadır

Elektromobil və onun avadanlıqlarını satan Fəxri Axundov isə dedi ki, elektrik mühərrikli avtomobil sürən şəxslər texniki olaraq 2 problemlə üzləşirlər: “Birincisi, elektrik xəttinin parkinq yerinə çəkilməsi ilə bağlıdır. Ya parkinq yeri yoxdur, ya da yer var, amma elektrik çəkilməsinə MTK-lar icazə vermir. Maşın rahat enerji yığa bilsin deyə, parkinq yeriniz olmalıdır. Çünki elektromobil yanacaqdoldurma məntəqələri daimi istifadə üçün nəzərdə tutulmayıb. Hər binada isə belə şərait olmur. Bəzisində isə şərait var, lakin bina rəhbərliyi xəttin çəkilməsi ilə razılaşmır. Xarici ölkələrin qanunvericiliyində belə bir qayda var ki, yeni tikilən binalarda elektromobillərin enerji doldurması üçün yerlər olmalıdır. Həmçinin, qanun yanacaqdoldurma məntəqələrini də məcbur edir ki, maşınların enerji şarjı üçün şərait yaratsınlar. Bizdə isə bunlar mövcud deyil. İkinci problem isə rayonlarda doldurma məntəqələrinin olmamasıdır. Bakıda isə çatışmazlıq stansiyaların az olmasıdır”.

 

Stansiyalarda növbə gözləmək çətinliyi

F.Axundov bildirdi ki, insanlar cüzi bir xərc çəkərək özlərinə doldurma stansiyası yarada və maşınlarını rahatlıqla şarj edə bilərlər: “Maşınların sayına görə aparatlar yetərli deyil. Həmin stansiyalara axşam getsəniz, görəcəksiniz ki, hamısında növbələr olur. Bəzi elektromobil istifadə edənlər buna məcburdurlar, çünki başqa şəraitləri yoxdur. Elə insanlar var ki, 3-5 gündən bir gedib stansiyalarda saatlarla maşınlarının şarj olmasını gözləyirlər. İkinci bir variant isə, əgər parkinq yeriniz varsa, özünüzə stansiya yaratmaqdır. Amma bir çox sürücülər bunun üçün pul xərcləmək istəmirlər. Elektromobilin doldurma üsulu fərqlidir. Benzin kimi tez doldurub, sürüb getmək mümkün deyil. Çünki bu maşınların batareyası böyük enerji tələb edir. O enerjini heç bir doldurma məntəqəsindən almaq mümkün deyil. Bu, saatlarla vaxt tələb edir. Dünya ölkələrində də bu maşınları istehsal edən şirkətlər tövsiyə edir ki, parkinq yerlərində stansiyalar quraşdırın. Burada özünüzə doldurma məntəqəsi yaratmış olursunuz. Axşamdan səhərə qədər maşınınız enerji yığır”.

 

50 manat cərimə tətbiq edilsin

Parklanma yerlərində quraşdırılan aparatlara da toxunan müsahibimiz qeyd etdi ki, cərimələr olsa, belə hallar yaşanmaz: “Əgər parklanmaya icazə verilirsə, orada aparatın quraşdırılması mümkündür. Lakin bu, qanunvericilik ilə tənzimlənməlidir. Elektromobil doldurma aparatlarının qarşısında daxili yanma mühərrikli maşınların saxlanılması qadağan edilməlidir. Adi parkinq qaydalarının pozulması 20 manatdırsa, o qadağa üçün cəza 50 manat olmalıdır”.

F.Axundovun sözlərinə görə, Azərbaycanda olan yanacaqdoldurma məntəqələrində əgər hərəsində heç olmasa, 2 tapançalı 1 stansiya olsa, bu, bütün elektromobil istifadəçilərinə artıqlaması ilə kifayət edər.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir