resept

Elektron resept sistemi nə vəd edir?

Baxış sayı: 611
Azəbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində elektron reseptlərin tərtib edilməsi nəzərdə tutulur. Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, elektron reseptlərin tətbiqi bu gün artıq zərurətə çevrilib: “Hər bir həkimin elektron ünvanı və kodu olur. O kodla təyinatı hansı klinikadan hansı həkimin verdiyini müəyyən etmək olur. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimin xəstəyə resept yazmasına ehtiyac qalmır. Xəstənin adı, soyadı və digər məlumatları ilə birgə resept elektron sistemə yerləşdirilir. Xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanları ala bilər”.
M.Quliyev bildirib ki, əgər xəstə kağız formada yazılmış resepti itirərsə və ya resept yararsız hala düşərsə, sonradan lazım olduğunda həmin xəstənin hansı xəstəliklər keçirdiyi, hansı müalicəni aldığı və hansı dərmanları qəbul etdiyi barədə məlumatları əldə etmək çox çətin olur: “Bəzi hallarda xəstə barəsində təcili qərar qəbul etmək lazım gəlir, lakin xəstə haqqında məlumatların olmaması vaxtında və düzgün qərar qəbul etməyə çətinlik yaradır. Elektron reseptlərin tətbiqindən sonra bu cür problemlər yaşanmayacaq, xəstə haqqında məlumatları çox asan və tez şəkildə əldə etmək mümkün olacaq. Ümumilikdə, elektron resept tətbiqinin üstünlükləri çoxdur”.
Elektron reseptlər insanları məmnun edə biləcəkmi? Bu sahədə kifayət qədər kadr varmı? Bu təcrübənin necə həyata keçiriləcəyi barədə ekspertlərin rəyini öyrəndik.
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, elektron reseptlər də ənənəvi reseptlərin bir formasıdır: “Əsas odur ki, həmin reseptlər fiksə olunub. Ümumiyyətlə, nəinki reseptlərin, həmçinin epiqrzlərin və o cümlədən bütün tibbi vasitələrin elektronlaşdırılması, yaddaşa köçürülməsi əslində çox yaxşı haldır. Bunun bir elektron variantda cəmləndirilməsi isə yalnız alqışlana bilər. Elektron  reseptdə xəstələrin elektron imzaları olur və beləcə, lazım olduqda xəstənin bütün məlumatlarını əldə etmək çox rahat olur. Əslində, bu məsələ xəstələrin statistikasının mərkəzləşdirilməsi istiqamətində mühüm bir addım kimi qəbul oluna bilər. Yazılan dərmanların elektron variantlarının üstünlüyü ondan ibarətdir ki, hansı preparatdan daha çox istifadə olunduğu, ölkədə daha çox hansı dərmana tələbatın olduğu və həmçinin hər bir xəstənin hansı zamanda hansı dərmanı aldığının qeydiyyatının aparılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, elektron reseptə keçid əslində çox daha əvvəl olmalı idi. Amma qeyd etməliyəm ki, bunun üçün sistem lazımdır. Bu sistemə keçid üçün xüsusi proqram tələb olunur və bu proqram şəbəkə şəklində işləyir. Bütün bu məsələlər isə mərkəzi proqramda cəmlənir. Elektron reseptlərin də istifadəsi ənənəvi reseptlər kimi rahat olacaq. Onların sayəsində istənilən vaxt həmin reseptə müraciət edərək nə vaxt, nə dərmanın qəbul edilməsini öyrənmək mümkün olacaq”.
Həkim-terapevt Elnur Rəhimov bildirdi ki, əsas məsələ bu sistemə keçid üçün hazır olub-olmamaq məsələsidir: “Misal üçün, qonşu ölkə Türkiyədə belə elektron reseptə keçid olunsa da, yenə də ənənəvi reseptdən geniş istifadə edilir. Əslində elektron resept həkimlər üçün daha əlverişlidir. Buarada sadəcə kodu yazırsan. Həmçinin, dünya təcrübəsində İsveçrədə elektron reseptlərdən istifadə olunur. Danimarkada isə bu reseptlrədən əvəllər istifadə olunurdu, amma daha sonra orada bunu yığışdırdılar. Almaniyanın bəzi bölgələrində elektron reseptlərdən istifadə olunsa da, bəzi yerlərində ənənəvi reseptə üstünlük verilir. Elektron reseptə keçid üçün ilk növbədə icbari tibbi sığorta ilə bağlı problemlər aradan qaldırılmalıdır. Həmçinin apteklər bu barədə təlimatlı olmalıdırlar ki, onlara kod gəldikdə, kod üzrə hazır və koda uyğun olaraq lazımi dərmanları verə bilsinlər. Bu, həmçinin aptek işçilərinin də işini xeyli asanlaşdırmış olacaq. Məsələn, bəzən həkimlər resept yazdıqda, aptek işçiləri onun xəttini oxumaqda çətinlik çəkirlər. Amma elektron reseptdə bu kimi problemlər aradan qalxacaq və kod vasitəsilə hər kəs aydın şəkildə görə biləcək. Amma hesab edirəm ki, bizdə bu sistemə keçid üçün kadr çatışmazlığı var. Elə bir sistemin bizdə tezliklə tətbiq ediləcəyinə əslində elə də inanmıram”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir