plastik

Estetik əməliyyat bumu: kişilər artıq “meymundan fərqlənmək” istəyir

Baxış sayı: 1. 658

Əvvəllər deyirdilər ki, “kişi meymundan bir az fərqlənsə, bəsdir”. Kişinin gözəlliyi o qədər vacib sayılmadığından bu cinsin nümayəndələri yaraşıqlı görünmək üçün xüsusi vasitələrə də əl atmırdılar. Lakin hazırda qüsursuz və gözəl görünmək istəyən kişilərin  həm kosmetoloqlara, həm də plastik-estetik cərrahlara müraciətləri artıb.

Həkim-kosmetoloq Xariqə Quliyeva bildirir ki, əvvəlki illərlə müqayisədə kişilər kosmetoloqa daha çox müraciət edirlər. X.Quliyeva bunu kosmetologiya sahəsində maarifləndirmənin nəticəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, mərkəzə edilən gündəlik 20 müraciətin təxminən 5-7-si kişilərin payına düşür: “Məsələn, əvvəllər bizə müraciət etməyə çəkinən bir bəy artıq bu gün bizim daimi müştərimizdir. Əvvəlki illər azyaşlı oğlanlar daha çox yaxınları və valideynləri ilə gəlirdilərsə, indi onlar heç bir kompleksləri olmadan rahat şəkildə gəlir və öz problemlərini deyirlər. Azyaşlı oğlanlar daha çox sivilcə, orta yaşlılar isə daha çox saç tökülməsi problemləri ilə bağlı bizə müraciət edirlər. Bu nisbət qadınlarla müqayisədə qat-qat üstünlük təşkil edir”.

X. Quliyeva deyib ki, digər prosedurlarla müqayisədə azlıq təşkil etsə də, ancaq kişilər tərəfindən dodaq, üz və burun ətrafı dolğusu üçün də müraciətlər var. Bundan başqa, kişilər üzlərini təraş etdikdən sonra yaranan quruluqla əlaqədar da narahatdırlar: “Bu problemlər professional şəkildə aradan qaldırılır. Mezoterapiyanın köməyi ilə mikroskopik dozada dəri altına su balansını tənzimləyən dərman preparatı yeridilir. Alın, gözətrafı, nahiyələrdə yaranan qırışların aradan götürülməsi üçün kişilər tərəfindən edilən müraciətlər də aradan qaldırılır. Fraksional lazerin köməyi ilə üzdə olan çapıqların aradan qaldırılması ilə bağlı müraciətlər arasında kişilərin sayı kifayət qədərdir. Beləliklə, demək olar ki, artıq “çapıq kişilərin gözəlliyidir” məsəli keçmişdə qalıb, indi kişilər xarici görkəmlərinə biganə qalmır, qüsursuz və daha şık görünmək istəyirlər”.

Mərkəzi Neftçilər Xəstəxanasının plastik, rekonstruktiv və estetik cərrahı Rauf Kərimov isə deyir ki, son illər kişilər arasında estetik əməliyyatlara maraq artıb. Onun sözlərinə görə, hazırda kişilər arasında ən çox burun əməliyyatları üstünlük təşkil edir: “Burunda çəpər əyriliyi nəticəsində nəfəsalmada problem yaşayan kişilər əməliyyata gələn zaman bəzən burundakı donqarlıqların da düzəldilməsini istəyirlər. Kişilərin keçirdiyi plastik əməliyyatlar arasında ikinci yerdə qarın əməliyyatı durur. Bu müraciətlər çox olmasa da, müəyyən qədərdir. Bundan başqa kişilərdə süd vəzisində qenekomastiyanın korreksiyası əməliyyatları da edilir. Piylənmə və ya hansısa hormonal pozğunluq nəticəsində süd vəzisi böyüyür, əməliyyat nəticəsində isə süd vəzisi korreksiya edilir. Kişilər tərəfindən alt göz qapağı, üst göz qapağı estetikası üçün də müraciətlər var. Müraciətlərin digər qismi isə dəridəki xallar, dərialtındakı lipomaların götürülməsi və sair ilə bağlıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir