aile

Evdəki allah

Baxış sayı: 251

İnsanın yaşamaq üçün ümidlərə ehtiyacı var. Ümidin özü inanmaqla bağlıdır, əgər bir şeyin baş verəcəyinə inanmasaq, ümid etmərik. Ümid ediriksə, deməli, yaşamaq üçün inana biləcəyimiz şeylər axtarırıq. Bəzən bu axtarışı bizim əvəzimizdə ailəmiz edir. Ailələrimizin çoxu bunu bizim üçün xüsusi olaraq axtarmır, özləri üçün tapdıqlarını bizlə bölüşür. Bu yazıda inanclarımızdan, onların necə və niyə formalaşmasından bəhs edəcəm.

İnsanın hər şeyi özünün təcrübədən keçirərək kəşf etməyə ömrü yetməz. Ailə və ya kommuna sistemində doğulmaq bizə bir çox şeyi özümüzün uzun-uzun axtarma ehtiyacı hiss etmədən öyrənməyimizə kömək edir. Məsələn yemək və tualet tərbiyəsindən tutmuş günün saatlarının tənzimlənməsinə qədər. Daha fərqli ifadə etmək lazımdırsa, insan hazır sistemin hökm sürdüyü strukturun içərisində doğulur və özü də fərqində olmadan buna adaptasiya olur. Tam adaptasiya olunmaq və sistemin tələblərindən kənara çıxmamaq, böyümək və yaxşı tərbiyə görmək kimi qiymətləndirilir.

Bizim kimi toplumlar uşağı birmənalı şəkildə sistemə tabe etməyə çalışırlar. Uşaqların özlərinin yeni bir sistem yaratmasına, bunu yoxlamasına şərait yaratmırlar. Uşağın sistemə tabe olmadığını görəndə ya onu hələ böyüməmiş, yetkinləşməmiş hesab edir, ya da tərbiyəsiz adlandırırlar. Bu halda sistemə tabe olmayan adamın sistemin qüsurlarını görüb dəyişməyə, yeni sistem qurmağa çalışması bilərəkdən gözardı edilir. Axı sistemin problemlərini qəbullanmaq onu dəyişmək ehtimalı yaradır və bu, çox zəhmətli işdir, birdən kimsə bu zəhmətli işdə sənin də köməyini istəyə bilər. Elə bəri başdan görməzlikdən gəlmək daha yaxşıdır. Yanılmıramsa, “Cinayət və Cəza” əsərində Raskolnikov obrazı deyirdi ki, insanlar iki qrupa bölünür: doğulub ondan əvvəl qurulmuş sistemə tabe olaraq yaşayanlar və özləri yeni sistem yaradanlar. Əlimdə bunu ölçəcək statistika yoxdur, heç bilmirəm bu statistika necə aparıla bilər, lakin düşünürəm ki, ikinci qrupa daxil olanlar birinci qrupdakılardan daha azdır. Çünki hazır şeyi istifadə etmək yenini yaratmaqdan daha asandır. Qaldı ki ətrafında səni yeni nələrsə yaratmağa ilhamlandırmaq əvəzinə, qabağına daş qoyan insanlar daha çoxdur. Üstəgəl bu dönəmdə əhval-ruhiyəni yüksək tutmaq, güclü qalmaq, komanda yaratmaq kimi tələblər də varsa, işin çox çətindir.

aile

Yəqin ki, valideynlərin dilindən “mən səndən böyüyəm, çox şey görmüşəm, istəmirəm sən də mənim etdiyim səhvləri edəsən, ona görə sənə doğru yolu göstərirəm” ifadələrini eşitmisiniz. Bu ifadələrdə sevgi ilə yanaşı hökmranlıq, “mən səndən ağıllıyam” var. Valideynlərin çoxu uşaqlarının yeni sistem qurmağını, bu sistemi qurarkən səhvlər etməyini və səhvləri üzərində düşünməyi əngəlləyirlər. Öz həyatlarında etdikləri səhvləri uşaqlarının həyatında düzəltməyə çalışırlar. Uşaqlarının həyatlarını bir növ öz həyatlarının davamı kimi görürlər. Uşaqlarının səhv etmə ehtimalı olanda və səhv edəndə güclü reaksiya verməkləri də bununla bağlıdır. Ümumiyyətlə, insanın kəskin reaksiya verdiyi istənilən şey onun özü ilə, daxilində həll edə bilmədiyi şeylərlə bağlıdır. Bizim toplumda məşhur “mən sənə demişdim” sözü var. İnsan hansısa işi görüb uğursuz nəticə ilə üzləşdikdə və ya səhv etdikdə ona məsləhət verən şəxslər bu ifadəni işlədərək, deyinərək sanki səhv edəndən daha ağıllı olduqlarını vurğulamaq, xal qazanmaq istəyir. Bu halda səhv edən adamı inandırmaq istəyir ki, gələn dəfə də mənim dediyimə məhəl qoymasan, yenə başın daşa dəyəcək. Qınamalardan təngə gələn adamlar zaman-zaman səhv etməkdən qorxmağa və böyüklərin ya da özündən ağıllı hesab etdiyi adamların dediyi ilə oturub-durmağa, qərar verməyə başlayırlar. Nəticədə o şəxsin yeni sistem yaratmaq cəsarəti, özünə inamı qalmır. Özünə inamı ailəsi, yaxınları yavaş-yavaş, deyinə-deyinə bitirirlər.

Sistemin təməl daşlarından biri, bəlkə də birincisi inanclardır: yaradana, dəyərlərə, cəmiyyətə, ata-anaya və s. obrazlara. Biz bu inanclara da böyüdükcə adaptasiya oluruq. Həyati təhlükəsizliyimizlə bağlı yaşadığımız cəmiyyətə, cəmiyyətin dəyərlərinə, bizi hər zaman, gecə-gündüz qoruyan, möcüzələr yaratmaq iqtidarında olan kiminsə, nəyinsə olduğuna, məhərrəmlikdə toy etməyin Allaha qarşı getmək olduğuna və bu əmələ görə gələcəkdə bizi cəzalandıracağına inanırıq. İnanclar bir çox məqamda dadımıza çatır. Məsələn əgər insanlara inamsızlıq olsaydı, bişirdiyindən bizə də pay gətirən qonşumuza güvənib bişirdiyini yeməzdik. Qonşumuza ona görə inanırıq ki, qonşuluq münasibətləri olan cəmiyyətdə böyümüşük. Yəni birinin pay gətirməsini sorğulamağa ehtiyac yoxdur.

Dini inanclarımız və ya inamsızlığımız da bununla bağlıdır. Əgər toplumun əksəriyyəti bir dinə inanırsa və bizim ailəmiz, böyüdüyümüz mühit də çoxluğa aiddirsə, bu inanc bizdə də yaranmağa başlayır. Bunun səbəbi biz uşaq olanda istinad nöqtəmizin valideynlər olmasıdır. Biz, adətən, onların həqiqətlərini də mütləq həqiqət sayırıq, o vaxta qədər ki, onlarla fikir, maraq ayrılıqları yaşayırıq. Ailənin təsir dairəsindən çıxıb sərbəst şəkildə sorğulayan adamlar azdır. Çünki sənin inancın ailənin inancıdır və sən öz inancını sorğulamış olsan, ailənin inancını da sorğulamış olacaqsan və bu da ailənin həqiqətlərini sorğulamaq deməkdir. Ailəsini, onların isti münasibətini itirmək istəməyən adamlar çox halda qeyri-ixtiyari bu sorğulamadan uzaq dayanırlar. Uzaq dayanmağın bir başqa səbəbi də boşluğa düşməkdən qorxudur. Axı sənin valideynin çətinliyə düşəndə gözə görünməz kiməsə sığınıb, inanıb və ondan yardım istəyib. Zaman-zaman işləri düzələndə də tanrıya təşəkkür edib və sənin də beynində işlərin düzəlmə səbəbinin dua etmək, inanmaq, sığınmaq, düzəldənin də tanrı olduğu fikri formalaşıb.

AILE

İnsanların tanrını sorğulaması, adətən, valideynləri ilə yollarını ayırdığı, üsyan etdiyi zamanlara təsadüf edir. Çünki tanrı obrazı da valideyn obrazı kimi hökmrandır, hər şeyi bilən və idarə edəndir. Valideynlərə üsyan bir çox halda hökmranlığa üsyanla bağlıdır. Hökmran olan hər şeyə: valideynə, tanrıya üsyan edərək ilk mənəvi azadlıq əldə edilir sanki. Lakin bu, hər kəsdə fərqli nəticələnə bilər: kimi bu üsyandan böyük günahkarlıq hissinə qapılıb hökmranlığa tabe olmağı daha çox və qeyd-şərtsiz qəbullana bilər, kimi üsyan mərhələsindən çıxmağı bacarmayıb ömür boyu hökmranlığın istənilən formaları ilə üsyan içində qala bilər, kimi də üsyandan sağlam, sakit sorğulamağa keçid edib, cavablar tapıb, o cavablarla daha rahat yaşaya bilər.

Əgər valideynlər uşaqları ailədaxili demokratiya mühitində böyütmüş olsalar, həyatlarının idarəsinin çox məqamda onların öz iradəsindən asılı olduğunu izah etsələr, onların inanmaq üçün əsas ehtiyacları olan şey özləri, hissləri və məntiqləri olacaq. Bununla yanaşı bol-bol sevgi verib və sevgi alış-verişi etməyi öyrətsələr, onlar qorxduqları üçün yox, sevdikləri üçün kiməsə zərər verməyəcəklər. Bu halda da cəmiyyətləri idarə etmək üçün tanrı obrazına, onun vicdan üzərindəki hökmranlığına ehtiyac qalmayacaq.

 

Nərmin Şahmarzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir