evdarliq

Evdarlıq – lüks, yoxsa məşəqqət?

Baxış sayı: 635

Bu gün Azərbaycanda ev qadınları ilə bağlı rəsmi statistika yoxdur. Amma ölkəmizdə adına qeyri-rəsmi şəkildə “evdar qadınlıq institutu” deyilən bir kateqoriya var. Təbii ki, bu, Azərbaycana xas bir hal deyil. Dünyanın bütün ölkələrində ailə institutunda bu cür bölgü həyata keçirilir.

Bəs  Azərbaycanda durum necədir? Ümimiyyətlə, evdar qadınlıq ölkəmizdə bir qadının seçimidir, yoxsa zərurəti? Yeganə səbəb “uşaqlara baxan yoxdur” kimi arqumentdirmi?

 

Evdar qadınlarla bağlı 10 həqiqət

Öncə “ev xanımlığının dünyanın ən çətin peşəsi olduğunun 10 sübutu” ilə bağlı arqumentləri yada salaq.

 

– Evdar xanımlara maaş ödənsəydi, bu maaş ən azı 2500 manat olmalıdır.

– Evdar qadınlar dünyanın ən çətin müdirinə sahibdilər. Bu müdir də özləridir. Onlar bir müddət sonra hər şeyin mükəmmək olmasına elə çalışırlar ki, atüstü gördükləri heç bir iş xoşlarına gəlmir.

– Üstəlik də təkbaşına çalışırlar. Onlar vaxtlarının çoxunu özləri ilə keçirirlər.

– Böyük bir ailənin yükünü öz çiyinlərində daşıyırlar desək, yanılmarıq. Həftəlik alış-veriş, təmizlik, yemək və bunun kimi yüzlərlə iş.

– İş saatları gözlərini açdıqları andan etibarən başlayır və yastığa başlarını qoyduqları an sonlanır.

– Yay tətili, qış tətili, bayram tətili… Bunların heç biri onların həyat tərzi üçün xarakterik deyil. Onların tətili ancaq evin kişisinin qrafikinə və işdən aldığı icazələrə görə planlanır. Təbii ki, evin kişisi icazə alanda ailəcə tətil planlaşdırırsa.

– Evdar qadınlıqla yanaşı, dünyada evdar kişilik də var. Bir çox kişi iş həyatında uğur və gəlir əldə edə bilməyəndə ailədə iş bölgüsü dəyişir.

– Bütün gün evin içində qaçaqaçda olanda atdıqları addım sizin heç cür gedə bilmədiyiniz idman salonundakı qaçış bandında atdığınız addımdan çoxdur. Həm də müxtəlif bəhanələr səsləndirərək, idman zalına getməmək və ya növbəti bazar ertəsinə qədər təxirə salmaq şansları yoxdur. Onlar hər gün bu idmanı etməyə məcburdular.

 

Evdar qadınlıq + analıq = İşlər x 2

Bu işin ən çətin tərəfi isə başqalarına “Evdar qadınam” dediyiniz zaman eşitdiyiniz “Hmmm… Yəni, çalışmırsan” cümlələrini eşitməkdir. Əslində isə evdar qadınlıq evdən çalışılan peşədən heç nə ilə fərqlənmir.

 

Azərbaycanda qadınlar işləmək istəmədiyi üçün evdar olur?

Azərbaycana gəlincə… Bir neçə il bundan öncə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu mövzu ilə bağlı mediaya verdiyi müsahibə geniş rezonans doğurdu. Nazir bildirmişdi ki, ölkədə 890 min nəfər əmək qabiliyyəti qadın işləmir, heç işləmək də istəməyib evdar olmaq istəyirlər.

İqtisadçı Rövşən Ağayevin isə bu açıqlamaya cavab olaraq səsləndirdiyi arqumentlər evdar qadınlıq institutu ilə bağlı bir çox həqiqəti üzə çıxarmışdı.  R.Ağayev müəllif  yazısında bildirmişdi ki, doğurdanmı 1 milyon nəfərə yaxın iqtisadi fəal qadın işləməyib evdar olmağı üstün tutur, ləyaqətli əmək haqqına, əlverişi və insanların peşə-ixtisas səviyyəsinə uyğun iş yerləri var, amma yüz minlərlə insan bu iş yerlərini görməzdən gəlir? Özü də söhbət o ölkədən gedir ki, əhalinin hətta orta real gəlirləri belə insanların orta sinfə daxil olması üçün yetərli deyil: “Ümumiyyətlə rəsmi təbliğatdan belə aydın olur ki, cəmiyyətin əksər hissəsi ünvanlı sosial yardımın marığın yatıb və işləmək istəmir? Belə ailələrin olması istisna deyil, bəlkə ölkədə on minlərlə belə adam var, amma onları sayının yüzminlərlə olması mümkün deyil və belə iddialar absurddur…”

 

Dünyada evdar qadınların nisbəti necədir?

Dünya təcrübəsinə də nəzər salaq. Son 20 il ərzində Britaniyada uşaqlarına qulluq edən “evdar atalar”ın sayı yüksələrək rekord həddə çatıb. Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, hazırda İngiltərədə evdə oturub uşaqlarına qulluq edən ataların sayı 229 min nəfər təşkil edir.  Halbuki, 1993-cü ildə bu rəqəm 111 min idi. Bununla yanaşı, evdar xanımların sayı əvvəlki illərlə müqayisədə 45 min nəfər azalıb. Hazırda Britaniyada evdar xanımların sayı 2,04 milyona yaxındır.   İngiltərədəki Atalıq İnstitutunun direktoru Adrian Berdjesin sözlərinə görə, indi ailədə xanımların kişilərlə müqayisədə bəzən onlardan da artıq qazancı olur. Buna görə də ailə büdcəsinə qənaət etmək baxımından kişilərin ev işləri ilə məşğul olması daha sərfəlidir.

1960-cı illərin sonlarında “evi dolandıran” qadınlar cəmi 4% idisə, 2000-ci ildə bu rəqəm 19%-ə yüksəlib. Tədqiqatçılar hesab edirlər ki, belə qadınların sayı bundan sonra da artacaq. Çünki hazırda 25% xanım əri ilə eyni qazanca malikdir və qarşıdakı dövrdə onların daha da “irəli getmələri” mümkündür…

İngiltərədə bir ailə jurnalının apardığı araşdırmaya görə, kişilərin 28%-i ev işlərini və ailə bazarlığını həyat yoldaşı ilə birlikdə edir. Amma qadınların yalnız 14%-i bunun doğru olduğunu deyib. Sözügedən araşdırmada kişilərin 18%-i kişi evdə yeməyi xanımı ilə birlikdə bişirdiyini deyib, amma qadınların yalnız 8%-i bunun doğru olduğunu bildirib.

Cəmi 50 il əvvəl İngiltərədə cəmiyyətin qınağına görə, qadınlar kişilərlə birlikdə işə gedib-gəlmirdilər. Qadının işi yalnız onun evi idi. O zaman ingilis kişiləri birmənalı olaraq ev işlərinin qadın tərəfindən həll edilməsini düşünürdü.

Amma 90-cı illərdən etibarən İngiltərədə kişilər ev işlərində xanımlarına kömək etməli olduqlarını fikirləşirlər. Xüsusilə qadınların böyük bir əksəriyyəti həm evdə, həm də işə getdikləri zaman işlədikləri üçün kişilərin itirdiyi enerjinin 2 misli qədər enerji itirirlər. Jurnalın gəldiyi qənaətə görə, buna baxmayaraq kişilərin böyük bir qismi bu ev işlərində xanımına kömək etməkdən qaçır.

Qeyd edək ki, bu, sadəcə İngiltərə cəmiyyəti üçün xarakterik deyil. Bütün Avropada son dövrlərdə həyata keçirilən gender proqramlarından sonra kişilərin hamısı ev işlərindən qaçırlar. İspaniya hakimiyyəti kişilərin ev işlərində xanımlarına kömək etmələri üçün reklama 780 min dollar xərc çəkib.

Amerikanın sosial-iqtisadi araşdırmalar institutunun apardığı araşdırmada isə qeyd olunub ki, evli kişilər subaylardan daha çox qazanırlar. Bu, ancaq o haldadır ki, evli kişilərin həyat yoldaşları evdə oturub, ailənin bütün yükünü öz üzərinə götürsünlər.

Bundan başqa, evdar  xanımlıq çox məsrəfli peşədir. Yəni, bu peşəyə görə ən yüksək məvacib verilməlidir. Bundan başqa, evdar qadınların təhsilli olmaması ilə bağlı deyilənlər yanlışdır. Çünki evdar qadın eyni zamanda yaxşı aşpaz, bacarıqlı təmizlik işçisi, evin aurasını tənzimləyə bilən psixoloq olmalıdır. Onlar hər gün yeni nələrisə öyrənilər.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir