virtual sevgi

Evli qadınların virtualdakı sevgisi

Baxış sayı: 1. 382

Son vaxtlarda sosial şəbəkələrin adı daha çox “virtual tələ” və ya “şantaj” olaylarında hallanır. Hədəf isə öz xoşbəxtliyini sosial şəbəkələrdə axtaran qadınlardır. Bəzən sosial şəbəkədə tanış olan qadınlar elə düşünürlər ki, qarşı tərəf onun kimi düşünür, öz “yarını” tapıb. Lakin real görüşə gəlincə xəyal qırıqlığı ilə üzləşirlər. Düzdür, feysbukda tanış olduğu adamla evlənən və səadət tapan qızlarımız az deyil.

Ancaq təəssüflər olsun ki, evli olduğu halda internetdə tanış olduğu adamlarla yazışıb, ona öz fotolarını göndərən qadınlarımız da yox deyil. Həmin xanımlar bu davranışlarına əsas arqument kimi həyat yoldaşları tərəfindən şiddət, basqı gördüklərini gətirir və buna görə də virtual tanışlığın, xoş söhbətlərin onlar üçün cəlbedici olduğunu iddia edirlər. Tanış olduqları adamlar tərəfindən şantaj edildikdə isə yenə də öz ərlərindən imdad diləyirlər.

Bəs, ekspertlər necə düşünür, evli qadınlar niyə virtual sevgiyə meyl edir? Digər tərəfdən də ərinin başqa kişi ilə danışan xanımına kömək etməsi şantajçıların “bazar”ını bağlaya bilər?

Related image

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, qadınların başqa kişilərlə danışmasının əsas səbəbi həyat yoldaşlarının öz ailələrinə biganəliyi və diqqətsizliyindən qaynaqlanır. Yəni qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır: “Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Bəzən qadın yaşadığı hansısa xoş və ya bəd günlərlə bağlı yaşadıqları hissləri kiminləsə bölüşmək istəyir, amma həyat yoldaşı ona həmdəm olmur. Ola bilsin ki, normalda qadının əri ilə münasibətləri gərgin olmasa da, həmin vaxt aralarında bir az soyuqluq olub. Mən bunları əsla qadına bəraət qazandırmaq üçün demirəm. Sadəcə mümkün ehtimalları sadalayıram ki, bu kimi səbəblərdən qadın internetdə tanış olduğu adamla yazışmış ola bilər. Bəlkə də sırf yeni emosiyalar, yeni hisslər yaşamaq adı ilə həmin adamla yazışıb. Hesab edirəm ki, yazışmanın tarixçəsi araşdırılmalı və qadının onunla hansı məqsədlə yazışdığı üzə çıxmalıdır. Bəlkə də, qadın heç xəyanət fikrində olmayıb, həmin şantajçı qadının hansısa depressiv vəziyyətindən istifadə edərək onu dilə tutub və sonrakı mərhələdə də etibarından sui-istifadə edib. İradəli qadınlar ani bir hissə qapılıb səhv addımlara yol vermir, amma iradəsi zəif olanlar sosial şəbəkədə “tələ” quran insanların qarmağına düşür”.

Ərinin qadına heç bir şiddət göstərmədən onu anlaması və polisə şikayət etməsi kişinin də öz səhvlərini anlamasını göstərir. İstənilən halda isə onun bu addımı bir nümunədir: “Çox güman ki, qadınına əvvəldən-axıra qədər səbrlə dinləyən ər buraxdığı boşluqların fərqinə varıb və xanımını tərk etmədən ona dəstək olmaq qərarına gəlib. Biz adətən bu cür hadisələrin üstü açılanda qətl, ən yaxşı halda isə boşanma ilə nəticələndiyini görmüşük. Əslində qadının ilk gündən səhvini ərinə danışıb, şantajın qarşısını alması daha yaxşı olardı. Çox güman ki, onu itirmək istəmədiyi, aralarındakı dəyərlərə hörmətlə yanaşdığı üçün bu şantaja boyun əyib. Əgər sadəcə ərindən qorxduğu üçün 5 il ərzində həmin adama pul vermiş olsaydı, heç indi də baş verənləri açıb danışmazdı”.

M.Zeynalovanın sözlərinə görə, sosial şəbəkələrdən istifadə edən qadınlar tanımadıqları adamlarla münasibət quran zaman daha ehtiyatlı olmalı və iki gün tanıdığı adama öz ürəyini, ailəsinin sirrini açmamalı, şəxsi fotolarını onunla paylaşmamalıdır:

“Qadınlarımız, qızlarımız bir az daha ehtiyatlı olsun! Biz monitorun arxasında kimlərin oturduğundan xəbərsizik. Qarşı tərəfin bizi tanımadığını düşünür, onunla hər mövzuda açıq söhbət aparırlar. Anlamırlar ki, bu davranışları gec, ya tez özlərinə qarşı çevrilə, ailələrinin dağılmasına səbəb ola bilər. Ağıllı və məqsədli istifadə edənlər üçün isə sosial şəbəkə çox yaxşı vasitədir. İstənilən informasiyanı əldə etmək, fikirlərini yazmaq baxımından çox əlverişlidir. Lakin sosial şəbəkələrdən məqsədsiz istifadə qadınları yanlış istiqamətə yönəldə, onların “tor”a düşməsini asanlaşdıra bilir”.

Birlik rəhbərinin sözlərinə görə, faktın özü ürəkaçan olmasa da, hadisə barədə polisin məlumatlandırılması və şantajçının məsuliyyətə cəlb olunması sevindiricidir:

“Müşahidələrimiz göstərir ki, son zamanlar şantaj bağlı polisə edilən müraciətlərin sayında artım müşahidə olunur. Bu da artıq qadınların hədə-qorxular qarşısında duruş gətirdiklərini göstərir. Hüquq-mühafizə orqanlarının edilən müraciətlərlə bağlı konkret addımlar atması da təqdir olunmalıdır. Polislərimiz bu məsələdə kifayət qədər çevik və prinsipial mövqe sərgiləyirlər”.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir