fal

Falçıya daha çox kimlər gedir?

Baxış sayı: 1. 604

Gəlirli iş hesab olunan falçılıq hər dövr aktualdır. Elə insanlar var ki, talelərini məhz falçının dedikləri üzərində qurur. Ümumiyyətlə, fala baxdırmağa daha çox kimlər və nədən ötrü üz tuturlar?

Falçı Afət Orucovanın sözlərinə görə, əsasən falçıya həyatda ümidlərini itirən, özünə bir dayaq hiss etməyən, bütün həyatı birdən-birə dağılan insanlar gəlir. “Müştərilər arasında maddi durumu yaxşı olan, uğurlu və inkişaf etməkdə ehtiyac duyan, lakin hansı səmtə yönələcəyinə görə çaşqınlığa düşənlər də az olmur. Mənə müraciət edənlərin bəziləri hansısa seçim qarşısında qalanlar olur. Onların bəziləri artıq özləri qərarlarını da veriblər, lakin buna riayət etməkdə çətinlik çəkirlər. Həm ağlı, həm də ürəyi arasında çaş-baş qalanlar da olur. Onlar ya öz məntiqləri ilə vacib bir qərar alır, amma onu həyata keçirməkdə çətinlik çəkirlər, ya da valideyn, qohum və ya rəfiqənin sözü ilə hərəkət edir, amma daxilində bir narahatlıq hiss edirlər. Falçıya gəlməklə çox vaxt onlar hansı yola çıxacaqlarını, qərarlarını dəqiqləşdirmək istəyir”.

A. Orucova bildirir ki, falçıya gələrkən artıq insan onun sözünə əməl edəcəyi məsuliyyətini üzərinə götürür: “O, müəyyən yol gedir, pul ödəyir ki, falçının sözünü eşitsin. O, artıq falçının deyəcəyinə əməl edəcəyinə özünü proqramlaşdırır. Çox vaxt da sual verərkən cavabını da özündən asılı olmadan sualla formalaşdırır. Ona görə də falçının məsləhəti ilə çox vaxt özünün qərarı uzlaşır. Bu da falçıya olan inamı daha da çoxaldır”.

Ümumiyyətlə, ümidlərini itirdikdə insan ya dində təsəlli tapır, ya da falçıya gedir. Elə adamlar var ki, ciddi səbəb olmadan da falçılara getməyi sevir. Boş vaxtlarını və pullarını falçılara, ekstrasenslərə, münəccimlərə sərf edir. Belə adamlar dərin dəryaya yıxılan, amma oradan özləri çıxa bilməyənlərdir. Onlar bir növ müvəqqəti bir məkanda sakit yaşayır, hərəkət edir, özlərini hətta rahat da hiss edir. Onlar düzgün yolda olmasalar, problemlərinin ciddiliyini anlamasalar belə falçıya ehtiyac duyur. Belə müştərilərlə işləmək daha çətindir. Onlar həm nə istədiklərini bilmir, həm də sakit, süst vəziyyətlərindən çıxmaq istəmirlər. Falçı bildirib ki, bir neçə falçıya gedən insanlarla da işləmək çətindir: “Belə ki, müştərini inandıra bilmirsən, o, gah bir falçının dediklərinə inanır, gah da digərinin. Nəsə alınmayanda falçını dəyişdirir. Bununla da özü-özünü daha çox dolaşdırır”.

Müsahibimizin dediyinə görə, qadınlar arasında başqasının ailəsini dağıtmaq və ya əksinə ailəsini dağılmaqdan qorumaq istəyənlər daha çoxdur. “Falçıya kişilər də gəlir. Lakin onlar daha çox həyat yoldaşlarının və ya ailə üzvlərinin məsləhəti ilə gəlirlər. Onları da demək olar ki, eyni məsələlər narahat edir. Amma onlar qadınlardan fərqli olaraq falçıya getdiyini gizlədirlər”.

Falçı qeyd edir ki, fala baxan zaman müştəri istənilən sualı verə bilər: “Çox vaxt da onlar falçıdan istədiklərini eşitmək istəyirlər. Amma onlara istədiklərini demirəm. Gördüklərimi olduğu kimi desəm də, ağır xəbərləri yumşaq formada deməyə çalışıram. Sonra da müştəriyə rastlaşdığı vəziyyətdən necə çıxa biləcəyinə dair məsləhətlər verirəm. Müştərinin yanımda olduğu müddət ona problemi həll etməyə kömək edirəm. Hesab olunur ki, insanlar falçının yanına “nə olacaq” sualını vermək üçün gəlirlər. Amma nədənsə daha çox “niyə”, “nə üçün” suallarını verirəm. Əsasən 3 ay sonraya gələcəyə baxa bilirəm” deyən falçı əlavə edib ki, daha çox az tanıdığı insanların falına baxmaq ona maraqlı gəlir. “Ona görə ki, tanıdığım insanların falına obyektiv baxa bilmirəm”.

Həmsöhbətimiz fala taro kartları ilə baxdığını deyir: “Taro kartları fala baxmaq üçündür və çox vaxt oyun üçün istifadə edilir. Taro ilə baxmağın müasir üsulu ən azı 600 ilə yaxındır ki, formalaşıb. Bu kartların mənasını bilməyən belə şəklinə baxaraq onun pis və ya yaxşı məna verəcəyini başa düşür. Müştərilərlə səmimi olmağa çalışıram. Ona görə ki, səmimi söhbət onların inamını qazanmağa kömək edir. Müştəri aldanıldığını düşünməsin deyə kartları çıxarmağı özünə həvalə edirəm. Özüm ancaq danışır və uğurlu gələcək üçün hansı addımları atacağına məsləhət verirəm. Ona göstərirəm ki, dediklərim mənim öz fikirlərim deyil, kartların göstərdiyidir. Səhvlərə gəlincə isə nadir hallarda kimsə narazılığını bildirir və səhv etdiyimi deyir”.

 

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir