geyim maGAZASI

Geyim mağazalarındakı ölçü problemi

Baxış sayı: 898

Bakıda karantin rejiminin ikinci dəfə yumşaldılmasından sonra fəaliyyətinə icazə verilən obyektlər arasında geyim mağazaları da yer aldı. Lakin iri ticarət mərkəzlərinin daxilində fəaliyyət göstərən mağazalara bu qərar şamil edilmədi. Hazırda Bakıda bir çox mağazalar fəaliyyətlərini bərpa ediblər. Lakin həmin mağazalarda heç də müştərilər istədikləri geyimi tapa bilmirlər.

Mağazalarda hazırda əsas problem geyimlərin ölçüsü ilə bağlıdır. Belə ki, ən çox təlabatı olduğu M ölüçüsü (medium-orta) demək olar ki, tapılmır. Söhbət etdiyimiz müştərilər bildirdilər ki, eyni zamanda uşaq üçün geyimlərlə də problem yaşanır. Uşaq geyimlərində bir neçə aylıq körpələr üçün geyimlərdə qıtlıq yaşanır.

Məsələ ilə bağlı mağazalarda söhbət etdiyimiz satıcılar bildirdilər ki, sifariş etdikləri mallar ölkəyə gec gəldiyi üçün bu cür problemlə üzləşiblər. Mağaza sahibi Əfqan Kərimov məsələ barədə aşağıdakıları söylədi: “Yaz ayı üçün sifariş etdiyimiz məhsullar hələ indi gəlir. Lakin artıq hava qızın və yay geyimlərinə təlabat yaranıb. Buna görə də endirimlər edib, gətirdiyimiz yaz geyimlərini satırıq ki, əlimizdə maya olsun və yay geyimi sifariş edə bilək. Mağazalar sifariş edən zaman bir geyimin bir neçə ölçüsünü alırlar. Sadəcə olaraq bu il mart və aprel ayında işləmədiyimiz üçün yeni geyim sifariş edə bilmədik. Ötən il anbarda qalan malları da vitrinə vurmuşuq. Ona görə də ölçü və çeşid baxımdan problem yaşanır. Fəaliyyətimiz davam edərsə, gələn aydan normal vəziyyət qayıda bilər. Bir də problem onunla bağlıdır ki, karqoda gecikmə var. Sifarişlər gecikir və bəzi hallarda heç işlədiyimiz şirkətlər sifarişi qəbul da etmirlər. Hər yerdə geyim mağazaları eyni vaxtda açıldığı üçün istehsal edən firmalar da çatdırmır. Həm də karantin rejimi ilə bağlı xaricdə də bir çox geyim istehsalı ilə məşğul olan müəssisələr tam fəaliyyət göstərməyiblər. Bunların hamısı bazarda özünü göstərir”.

Onu da bildirək ki, Bakıda Türkiyə brendləri satan  mağazalarının bir çoxu artıq fəaliyyətlərini bərpa ediblər. Onların bir qismi isə elektron sifariş əsasında fəaliyyət göstərirlər. Elektron sifarişlə geyim alan şəxslərə 50 faizə qədər endirim də təklif edilir.

Müşahidə etdik ki, mağazalarda bütün satıcılar qoruyucu maskadan istifadə edirlər. Həmçinin, dəyişmə otaqlarının fəaliyyətinə icazə verilmir. Müştəri geyimi yalnız evdə yoxlayıb, bəyənmədiyi təqdirdə qaytara bilər. Bildirildi ki, qayıdan mallar isə dərhal vitrinə vurulmur. Bu faktor da vitrində ölçü çatışmazlığına səbəb ola bilir.

 

Əli Rais

GEYIM 3

GEYIM 2

GEYIM 1

GEYIM




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir