BERABERLIK

“Güclüsən” deyə-deyə və ya qadınlar doğurdanmı zəifdir?

Baxış sayı: 527

İki gün öncə gündəmi şahmatçı Şəhriyar Məmmədyarovun “qadınlar kişilərdən zəifdirlər” fikri silkələdi. Bilən, bilməyən hər kəs fikir bildirsin deyə danışmağa başladı. Biri dedi “səhv deyib”, biri onu bu sözün sayəsində tanıdığını dilə gətirdi, bir başqası isə…

İllərlə gender bərabərliyi deyə-deyə qadını ön plana çıxarmağa çalışdılar. Qadınlar kişi işlərində işlədi. Qadına sözün əsl mənasında “kişi kimi qadındır” deyə-deyə “kobud”laşdırdılar. “Güclüsən” deyə-deyə yüklədilər. Ana olmağımız bir kənara, uşaqlarımıza ata olmaq məcburiyyətində də qaldıq. Yükləndikcə yükləndik, çiyinlərimiz düşdü, gözlərimizin altı kölgə saldı, xanımlığımızı itirdik. Günlərin bir günü bizi “güclü” olmağa məcbur qoyan, çarəsizlikdə buraxan kişinin cinayətinə qurban getdik. “Güclüsən” deyə-deyə hörmətdən saldılar, “güclüsən” deyə-deyə…

Vaxtilə başqa bir redaktorla işləyirdim. Boşanmış qadın olmağımı tez-tez başıma qaxırdı. Axmaq bir lətifə danışmışdı. Qısaca mənası bu idi ki, sən əxlaqsızlıq etməsən də, boşanmış olduğun üçün “deyərlər”… Və bu “təfəkkür” sahibi olan cəmiyyətdə biz gender bərabərliyi uğrunda mübarizə aparırıq.

Etiraf edək ki, kişi qadından bir pillə yuxarı olmalıdır. Qadın kişiyə hörmət etməli, məsləhətləşməli, fikrini bölüşməlidir. Qadınla kişi vəhdət təşkil etməyi bacarmalıdır. Zərif qadının “zəif” görünən tərəflərini kişi güclü olması tamamlamalıdır. Qadın kişi ilə “bərabər” olduğu zaman bu tandem pozulur. Adi ailə həyatını və ya sevgi münasibətini götürün. Ailədə daha çox əməkhaqqı alan qadın kişinin sözünə qulaq asıb, hörmət etmir. Çünki bilir ki, qarşısındakı kişi onun qarşısında maddi baxımdan gücsüzdür. Və ya xaraktercə zəif olan kişini ailədə qadın “ər” kimi saymır və evdə sadəcə qadının “söz”ü keçir. Eləcə də sevgi münasibətlərində qadın daima ondan güclü kişi axtarır ki, başının üstündə onun gücünü hiss edə bilsin. Bəli, bu gün hamı danışır, deyirlər ki, qadınla kişi “bərabər”dir. Ey Allahın bəndəsi, hüquqi baxımdan insan olaraq bərabər ola bilərik, amma güc baxımından, bacarıq baxımından həqiqətən kişilər bizdən güclüdür. Söhbət burada həqiqi kişilərdən gedir, “kişi”lərdən yox. Açıq etiraf edim, şəxsən mən məndən güclü olmayan kişiyə “dostum”, “sirdaşım” kimi baxa bilərəm, amma “sevgili”, ya da “ər” kimi əsla.

Şəhriyar Məmmədyarov deyir ki, hətta ən yaxşı aşbazlar belə kişilər olur, adam düz deyir. Hətta ən yaxşı modelyerlər, vizajistlər də kişilərdir. Çünki qarşı tərəf hər zaman qadına nə yaraşdığını, qadının nəyi sevdiyini digər qadından daha yaxşı bilir. Bəlkə də Şəhriyara qədər bunu heç kim etiraf edib, dilinə gətirə bilmird. Çünki bilirdilər ki, bu cəmiyyətdə bu fikri qəbul etməzlər.

İş görüşmələri və yaxud, əməkdaşlıqlar niyə qadınlardan çox kişilərlə alınır? Çünki kişilər qadın ruhunu digər qadından daha yaxşı bilir, başa düşür. Qadınların xoşuna gəlməyə bilər, amma sevgidə də kişilər qadınlardan üstündür və əmin olun ki, onlar daha çox sevir. “Əsl” sevgidən söhbət gedir. Qadın bu gün “sevirəm” dediyi kişidən ayrılıb, bir müddət sonra başqasına eyni sözü deyə bilir. “Əsl” sevən kişi isə, ömür boyu eyni qadını sevir.

Qısacası, mən gender bərabərliyini qəbul etmirəm. Kişilər bizdən güclüdür, bacarıqlıdır. Amma əsl kişilər, sadəcə cinsi kişi olanlar deyil. “Gender bərabərliyi” fikrini də cəmiyyətimizə sırıdıqları üçün indi nə kişinin kişi kiimi hörməti qalıb, nə də qadının qadın kimi zərafəti…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir