hamile

Hamilə xanımların KABUSU – bütün qadınların yoluxduğu DƏHŞƏTLİ VİRUS – GİZLİ TƏHLÜKƏ

Baxış sayı: 532

Sitomeqalovirus zəmanəmizin yeni doğulan körpələrdə Zik virusundan daha tez-tez rast gəlinən gizli bəlasıdır. Sözügedən virusa yoluxma sağlam insanlarda adətən simptomsuz baş verdiyinə baxmayaraq, zəif immunitetə malik insanlarda bu virus ağır təzahürlər yaradır.

Təəssüflər olsun ki, müasir tibb bu virusun müalicəsində, xüsusilə də yoluxmanın qarşısını almaqda hələ də acizdir.

“Gencaile.az” “Publika.az”-a istinadən demək olar ki,10 qadından 9-da aşkarlanan sitomeqalovirus haqqında yazını oxuculara təqdim edir.

Sitomeqalovirus (SMV) ikizincirli DNT-virusu olmaqla yanaşı, həm də Beta-herpesvirus yarımfəsiləsinin nümayəndəsidir. XX əsrin ortalarında kəşf olunmuş bu virus bəşəriyyətə yarım əsrdən bir qədər artıq müddətdir ki, məlumdur. Lakin ölü doğulmuş körpələrdə “bayquş gözü”nə bənzər hüceyrələrin müşayiət olunduğu daha öncədən qeydə alınmışdır – daha sonralar bu körpələrin virusa yoluxduğu məlum olmuşdu. 50 il keçdikdən sonra eyni hüceyrələr üzərində orqan transplantasiyası keçirilmiş xəstələrdə də aşkar edilmişdi.

150-200 nm ölçülü sitomeqalovirus müasir elmə məlum olan viruslar arasında ən iri ölçülü viruslardan biri sayılır. Onun genomu 230-dan artıq zülalın istehsalı üçün məlumatdan ibarət ikizincirli DNT ilə təmsil olunur.

Yoluxmadan sonra virus zülalları yoluxmuş DNT sahibinin hüceyrəsində birləşməyə başlayır – SMV-nin yayılması və həyat fəaliyyətini davam etdirməsi məhz bu şəkildə baş verir.

Belə zülallardan biri (virusun həyat tsiklinin keçilməsi üçün zəruri olan DNT-polimeraza) müasir dövrdə istifadə olunan virus əleyhinə preparatlar üçün hədəf rolunu oynayır.

Virusa rastgəlinmə dərəcəsi hər yanda yüksəkdir. Lakin bu göstərici yaş, yaşayış yeri və sosial-iqtisadi statusdan asılı olaraq dəyişir: inkişaf etməkdə olan ölkələrdə və əhalinin yaşayış şəraiti aşağı olan qrupları arasında yoluxma ehtimalı daha çoxdur. Müayinələrin nəticələrinə görə, ABŞ-da 6-49 yaş arasındakı əhalinin orta hesabla yarısından çoxu SMV virusuna yoluxmuşdur. 75-80 yaşlı amerikalılar arasında isə on nəfərdən doqquzu artıq bu virusun daşıyıcısıdır. İnkişaf etməkdə olan ölkələrdə 1-5 yaş arasındakı uşaqların hər beş nəfərdən biri sözügedən virusa yoluxmuş, yaşlılar arasında isə bu göstərici 90-100%-ə qədər çata bilər.

Sözügedən virusun körpələrdə anadangəlmə qüsurlar yaratması səbəbindən, bu göstəricilər mütəxəssislərdə ciddi narahatlıq doğurur.

Bəs virusun bu dərəcədə uğurlu inkişafı nədən irəli gəlir? Bu mövzuda “Cell” jurnalında dərc edilmiş tədqiqatın müəlliflərindən biri Riç Berrinin söylədiklərinə görə, sən demə, SMV məhz immun sistemimizdə gizlənib, yalnız özünə uyğun bir vaxtda üzəçıxması prinsipi ilə təkamül edir. “Lakin ümidsizlənmək olmaz, – deyə doktor Berri davam edir, – immun sistemi də inkişafından qalmır, o da bəşəriyyətin yaşaması üçün zəruri olan şəkildə yenidən qurularaq təkamül edir”. İnsanın immun sistemi ilə virus arasındakı təkamül “silahlanma yarışı” məhz bu şəkildə meydana çıxıb və virus hələ ki, deyəsən, öndədir.

Risk qrupuna düşənlər

Statistikaya əsasən, yoluxma riski qrupuna, praktiki olaraq, hər kəs aiddir. Lakin virusun törətdiyi ciddi təzahürlər, əsasən, immun sistemi funksiyası zəif olan insanlar üçün daha təhlükəlidir: məsələn, orqan transplantasiyasına məruz qalmış xəstələr, QİÇS daşıyıcıları və yeni doğulan körpələr üçün. İmmun sisteminin hələ tam formalaşmadığı səbəbindən, yarımçıq doğulmuş az çəkili körpələr yoluxmaya qarşı daha həssasdır. Bundan əlavə, alimlərin gəldiyi qənaətə görə, bəzi genetik mutasiyalar virus qarşısında həssaslığın artmasına səbəb ola bilər.

Virus yoluxmuş xəstələrin orqanizmindən çıxan ifrazatlar yolu ilə ötürülə bilər: tüpürcək, göz yaşı, sidik, nəcis, ana südü, sperma və s.

Həmçinin qanköçürmə və orqan transplantasiyası zamanı da yoluxmaq mümkündür. Bundan əlavə, SMV-nin bəzi səthlərdə altı saata qədər həyatqabiliyyətli qala bildiyi üçün, nadir hallarda müxtəlif əşyalarla təmas yolu ilə də virusa yoluxma ehtimalı var.

SMV-nin bədənə düşdüyü ilk andan etibarən, o, daşıyıcı fərdin orqanizmində həmişəlik qalır. Bu virusun orqanizmdə olmasının təzahürləri adətən immun sisteminin vəziyyətindən asılıdır. “SMV immun sistemimizin orqanlarımızdan uğurla təmizləmək iqtidarında olduğu qripp virusuna bənzəmir, – deyə Devisdəki Kaliforniya universitetinin tibb məktəbinin professoru Piter A.Barri qeyd edir. – Yoluxdunuzmu, ömürlükdür”.

Sağlam insanlarda yoluxma simptomları adətən olmur və virus çox zaman özünü büruzə vermir. Lakin virusun yenidən aktivləşməsi üzündən, xəstəlik qeyri-spesifik yüksək qızdırma kimi müxtəlif ağırlıq dərəcəsinə malik fəsadlardan tutmuş, ölümcül nəticəyə qədər gətirib çıxara bilər.

Bilavasitə, bəzi alimlərin qənaətinə görə, yetərincə ciddiyə alınmayan bu virus həkimlər üçün standart şərtlərdə olunanlardan daha ağır fəsadlarla təhlükəlidir.

SMV-nin kliniki diaqnostikasını qısa zaman çərçivəsində laboratoriya şəraitində keçirmək mümkündür, özü də virusun aşkarlanma üsulları kifayət qədər çoxdur. Hamilə qadınlarda da virusun diaqnostikası xeyli inkişaf edib, halbuki son tədqiqatlara əsasən, standart test heç də bütün hallarda yoluxmanı zahirə çıxarmaq iqtidarında deyil.

Gələcək analar üçün tövsiyə olunan müalicə hal-hazırda yoxdur. Yoluxma simptomlarının az təzahür etdiyi yeni doğulmuş körpələrə adətən valqansiklovir preparatı təyin olunur.

SMV virusuna yoluxmuş sağlam adamların müalicəsinə əksər hallarda ehtiyac olmur. Müalicə adətən immun sistemi zəif olan pasiyentlərə təyin olunur.

SMV və hamiləlik

SMV, ilk nöbədə, ana bətnində olan körpələr üçün təhlükəlidir. Onun Zik virusundan daha az tanındığına baxmayaraq, əslində, məsələn ABŞ-da doğulan uşaqların əlilliyinin və anadangəlmə qüsurlarının ən çox rastgəlinən səbəbi məhz sitomeqalovirusdur. Bətndaxili yoluxma yarımçıq doğulma, bətndaxili inkişafın ləngiməsi, mikrosefaliya, eşitmə qabiliyyətinin itirilməsi və s. kimi fəsadlar da daxil olmaqla, bu və ya digər formalarda özünü büruzə verir. Anadangəlmə virus nəticəsində ömürlük əlilliyə düçar olmuş uşaqların xəstəlik yükünün məsrəfi ildə 1,86 milyard ABŞ dolları ilə ölçülür.

Şimali Arizona Universitetinin əməkdaşı Emi Armstronq-Heymsotun bildirdiyinə görə, qadınların cəmi 13%-i bu virus barədə məlumatlıdır. Onun anadan körpəyə keçməsinin faciə ilə nəticələnə biləcəyini tədqiqatçı xanım diaqnozu qoyulmamış SMV-nin daşıyıcısı olan əməkdaşından öyrənib.

Belə ki, alim xanımın bildirdiyinə görə, həmin həmkarının oğlu serebral paraliçdən əziyyət çəkməklə yanaşı, həm görmə, həm də eşitmə qabiliyyətindən məhrumdur.

Xüsusi diqqət həm QİÇS, həm də SMV virusu daşıyısı olan qadınlara yönəldilir, çünki belə bir ikiqat yoluxma halında virusun körpəyə ötürülməsi riski dəfələrlə artır. Tədqiqatlara uyğun olaraq, sidiyində SMV olan QİÇS daşıyıcısı qadınlarda doğuş zamanı QİÇS virusunun körpəyə ötürülməsi halları QİÇS-i olub, SMV virusuna yoluxmamış qadınlarla müqayisədə, 5 dəfə artıqdır. Həmçinin onların yeni doğulmuş körpələri SMV virusuna yoluxdurma ehtimalı da 30 dəfə artıqdır.

Mütəxəssislər virusla mübarizənin ən səmərəli üsulunun dərmanlar deyil, vaksinlərin olduğunu hesab edirlər. Belə ki, vaksinlər ümümi immunlaşdırma vasitəsilə virusu əhali sıxlığı səviyyəsində tənzimləməyə şərait yaratmağa qadirdir. Belə bir strategiya ana bətnində olan dölün virusa yoluxmasının qarşısının alınması məqsədilə, ilk növbədə, övlad dünyaya gətirmə yaşında olan qadınlara qarşı tətbiq oluna bilərdi. Lakin onlar, şübhəsiz ki, orqan transplantasiyasına məruz qalmış və hematopoetik kök hüceyrələri olan xəstələr üçün də son dərəcə əhəmiyyətlidir.

Vaksinin özü hələ olmasa da, görünür, onun yaradılması üçün tədqiqatçılar kifayət qədər fundamental biliklərə malikdir.

Hazırda müxtəlif strategiyalı layihələr çoxdur – onların hazırlanması ilə hətta əczaçılıq biznesinin Merck və GSK kimi nəhəngləri belə məşğul olur.

Sitomeqalovirusla mübarizənin hələ də beynəlxalq səhiyyə müəssisələrinin əsas prioritetlərindən birinə çevrilməməsi kifayət qədər təəccüb doğurur. Vaksinlərin işlənib-hazırlanmasını ictimai diqqətin sözügedən problemə cəlb olunması, bu sahədə kömək üçün siyasi və iqtisadi təşkilatlara müraciət edilməsi vasitəsilə tezləşdirmək olardı. Bizə alimlərin effektiv və təhlükəsiz vaksinin yaradılması və işlənib-hazırlanması istiqamətindəki çoxsaylı səylərinin artıq uğura yaxınlaşdığına ümid etmək qalır, çünki onlar bir çox ailələri virusa yoluxma bəlasının ağır nəticələrindən azad edəcək və çoxlu sayda həyat xilas etmiş olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir