TELEFON

Hansı xətalar telefonun ömrünü qısaldır? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 171

“2015-ci ildə rəfiqəmlə bir vaxtda eyni marka telefon aldıq. İl yarım sonra artıq məndəki telefon donmağa başladı, yüklədiyim proqramlar yaxşı işləmədi, mən də yenisini aldım. Amma rəfiqəm hələ də həmin telefonu işlədir, heç bir problemi olmadığını deyir. Telefonum xarab olanda ustaya göstərdim, sual verdim ki, eyni telefonu almışıq, məndə niyə bu qədər tez xarab olsun? Dedi ki, telefonu işlətməkdən çox şey asılıdır”.

Bu sözləri bizimlə söhbətində Lamiyə Orucova bildirdi. Əslində, bu sual ətrafında Lamiyə kimi düşünənlər az deyil. Hətta gənclər telefonların yaxşı işləmədiyini, yenisini almaq istədiyini deyəndə, valideynlərindən “siz bu telefonu necə işlədirsiniz ki, tez xarab olur?” kimi sual da eşidirlər.

Təbii ki telefonu necə işlətməyin yolu var. Bəs bu yol hansıdır? İstifadə etdiyimiz telefonlar üçün ümumiyyətlə, son istifadə tarixi kimi bir zaman müəyyənləşdirilirmi?

 

Saytlara daxil olarkən diqqətli olmaq lazımdır

Telefon ustası Cahangir Hümmətov deyir ki, ilk olaraq telefonları viruslardan qorumaq lazımdır. Çünki heç fikir vermədiyimiz yerlərdən telefona virus düşə bilir: “Telefonlarla bağlı insanları narahat edən əsas məsələlərdən biri donmalardır. Bu, “Iphone”larda olmur, ən çox androidlərdə rast gəlinir.  Həmin problem daha çox mənşəyi məlum olmayan saytlara daxil olanda yaşanır. Mənşəyi məlum olmayan sayt deyəndə, bu cür saytlara insanlar bilmədən də daxil ola bilərlər. Məsələn, qolu ağrıyır, qol ağrısı ilə bağlı “Google”da axtarış verir, burda da nəticə çıxan istənilən sayta daxil olur. Elə feyk saytlar var ki, onlar telefonun sistemini elə bir yerə sürükləyirlər ki, sistemə virus düşür. Virus da telefonun yaddaşını yeməyə başlayır və nəticədə telefonda donmalar olur, zamanla telefonu çökdürə bilir. Ona görə, saytlara daxil olarkən diqqətli olmaq lazımdır.

Blutuzla fayl göndərərkən də bu viruslar telefona keçə bilir. Android telefonlarında hələ də bu funksiya var. Sizə material göndərən telefonun da təhlükəsiz olduğuna əmin olmalısınız. Əks halda telefona virus düşür, bu da sistemə təsir edir”.

 

Köhnə enerji batareyadan boşalmalıdır

Usta bildirdi ki, gecə səhərə qədər enerjiyə taxılı saxlamaq telefona böyük zərər vurur: “Çox adam telefonu gündüz vaxtlar enerjiyə qoya bilmir. Gecə yatanda qoyur, səhər də tam enerji ilə dolur. Telefonu götürəndə deyir ki, tam dolub. Düzdür, o dolub, amma lazım olan enerjini yığandan sonra da o dayanmır, enerji yığmağa davam edir. İnsan necə ki, doyandan sonra yeyəndə kökəlir, batareya da eləcə, şişir, sıradan çıxır. Ona görə, telefonun batareyası dolan kimi çıxarmaq lazımdır. Enerjiyə bağlı olanda telefonu istifadə etmək də düz deyil.

Telefonu tez-tez enerjidən ayırıb, yenidən taxmaq isə problem yaratmır. Əksinə telefondakı enerjinin tam bitməsi, sonra yenidən qoyulması batareyanın ömrünü uzadır. Köhnə enerji batareyadan boşalmalıdır ki, təzə enerji ilə uzunömürlü olsun. Köhnə enerji batareyada qalmamalıdır”.

C.Hümmətov telefonun sistemini çökdürən səbəblərin müxtəlif olduğunu deyir: “Virusları qeyd etdim. Ümumilikdə, sistemin çökməsi telefonun sxemindən, yerə çox düşməyindən də asılı olur. Sxemin ayaqları var və yerə düşdükcə, onun müəyyən ayaqları atır və sistem düzgün eşitməməyə başlayır və sıradan çıxır, tamamilə sönür. Onda plata bərpa olunmaq üçün təmirə gəlməlidir”.

 

Telefonun ömrü onun batareyasına əsasən hesablanır

Telefonu çox adam tez-tez yerə salır, lakin heç də həmişə ekran sınmır. Usta bildirdi ki, problem təkcə ekranla bağlı olmur: “Yerə düşmək təbii ki, telefonda problem yaradır. Amma hansı hündürlükdən, hara düşməyindən və telefonun modelindən çox şey asılıdır. Ola bilər ki, telefonu aşağı hündürlükdən yerə salırsınız, həmin an ekranda, yaxud sistemdə hər hansı problem hiss olunmur. Ancaq telefon yerə çox düşdükcə, zamanla problem yaranır”.

Ustanın sözlərinə görə, telefonun ömrü onun batareyasına əsasən hesablanır: “Bir orijinal batareyanın, yəni telefonun üstündə gələn batareyanın maksimum 2 iş işləmə müddəti var. 2 ildən sonra xarab olsa da, olmasa da, onu dəyişmək lazımdır. Amma sonra dəyişdiyimiz batareyalar o qədər uzunömürlü olurmu? Bu, artıq batareyaya görə dəyişir. Məlum məsələdir ki, bizdə əhalinin çoxu orta təbəqədir, hamı imkanlı deyil. Çox adam bahalı batareyaya pul verə bilmir. Ona görə, bizdə 80-90 faiz məhsul Çindən gəlir. Düzdür, o məhsullar o qədər də keyfiyyətsiz deyil, təbii ki keyfiyyətli olanlarını alırıq, onlara  zəmanət verə bilirik. Amma dəyişdiyimiz o məhsullara 2 il zəmanət vermirik, bir il deyirik. Səliqəli işlətsə, il yarım da gedir. Adam var gecə səhərə qədər enerjiyə taxılı qoyur və batareya şişir. İstifadə etmələrindən çox şey asılıdır.

2-3 ilə telefon tam sıradan çıxırsa, bu, istifadəçidən asılıdır. Telefonu qoruyan üzlüklərdən istifadə etmək yaxşı üsuldur. Onlar telefonu bir çox zərbələrdən qoruyur. İstifadəçinin yanaşmasından çox şey asılıdır. Müştəri var ki, 300 manatlıq telefonu 4-5 il işlədir, eləsi də var bundan 2-3 dəfə baha olanı daha tez xarab edir”.

 

Suya düşən telefona fen vurmaq olmaz

C.Hümmətov bildirdi ki, 1-2 il işlədikdən sonra xarab olan telefona “zavoddan problemli gəlmişdi” demək düz deyil: “Təbii ki, telefonda zavoddan gələn problem ola bilər, amma bu, 14 gün ərzində özünü göstərir. 1-2 ilə telefonda problem yaranırsa, deməli, istifadəçinin yaratdığı problemdir”.

Bir də telefonu suya düşməkdən qorumaq lazımdır, əgər düşübsə, onu çox qısa müddətdə ustaya göstərin: “Telefon nəm çəkdi, su keçirdisə, onu çox saxlamaq olmaz, maksimum 2-3 gün ərzində ustaya göstərilməlidir. 1 həftə sonra ustaya aparanda düzəlməyə bilər. Telefonun sxemi taxta üzərində qurulub. Telefon xarab olanda yəqin ki eşidibsiniz, deyirlər ki, platası dəyişilməlidir. O plata nazik taxtadır. Su qaldıqca taxta onu canına yığır və üstündəki sxemləri çürütməyə başlayır. Suya düşən telefonu fenlə qurutmaq olmaz. Onun dərmanı var, suyunu dağıdır. Biz ondan istifadə edirik. Üstəlik, suya düşmüş telefonlar enerjiyə taxılmamalıdır. Əgər batareyası çıxan telefondursa, suya düşən kimi batareyasını çıxarmaq lazımdır”.

 

Əli yaş-yaş telefona vurmayın

Nəinki suya düşmək, C.Hümmətov deyir ki, əli yaş-yaş telefona vurmaq da məsləhət deyil: “Düzdür, hamımız bunu edirik, amma çox etməsələr, yaxşı olar. Çünki telefonun alt hissəsinə su, nəmlik keçə bilir. Ekranın kənarları kleylidir deyə, əl yaş olanda su üstündə qalır. Ancaq telefonun içərisinə su keçəcək yerlərə əlimiz dəyəndə içəri su daxil olur, orda yığılır qalır. Sonra telefonda problem yaradır. Əli yaş halda telefona vurmağı məsləhət görməzdim”.

Müştərilər telefonla bağlı ən çox hansı problemlə ustaya müraciət edirlər? C.Hümmətov bildirdi ki, ən çox ekran sınması, bir də enerjiyə taxılan hissənin problemi ilə.

Usta sonda bildirdi ki, insanlar daha çox bahalı telefonları səliqəli işlədirlər: “Orta və ucuz qiymətə olan telefonları çox da ehtiyatla işlətmirlər, amma bahalı olanları əskinə, daha diqqətli istifadə edirlər”.

 

Proqramları silsəniz belə, yaddaşda müəyyən yer tutur

İT üzrə ekspert Rəşad Əliyev deyir ki, hətta sonra silsəniz belə, telefona həddindən artıq proqram yükləmək onun sürətini zəiflədə bilər: “Hər bir yüklənən proqram müəyyən qədər yaddaşda yer tutur. Və siz sonra o proqramı silsəniz belə, yaddaşda onun müəyyən bir elementləri qalır. Buna görə, siz çox proqram yükləməklə telefonu yükləmiş olursunuz. Hesab edin ki, 100 proqram yükləyibsiniz, sonra 80-nini silibsiniz, deyirsiniz ki, 20 proqram var. Amma 80-dən də hər hansının  məlumatları telefonda qalır. Oyun oynayırsınızsa, hansısa mərhələdə olmağınız, şəkil redaktə edibsinizsə, onun redaktə olunmuş variantı və s. belə şeylər telefonda qalır və telefonu yükləmiş olur. Ona görə, hər nə gəldi proqram yükləmək telefonun yaddaşına zərər vurur. Telefonun yaddaşı yükləndikcə, sürətini azaltmış olur. İnternetdən istifadə edəndə belə, sizin telefonunuza lazımsız fayllar düşür və keş yaddaşını doldurur. Keş dolduqdan sonra onu müəyyən vaxtdan bir profilaktika etmək lazımdır. Profilaktika olunmursa, düzgün təmizlənmirsə, müəyyən vaxtdan sonra telefonun yaddaşı sıradan çıxa, proqramlar səhv işləyə bilər. Bəzən səhv proqram yükləyirlər və telefona viruslar düşür və onlar proqramın ümumi fəaliyyətinə ümumi təsir edir. Bu vaxt da telefonun sürəti azalır və köhnəlmiş kimi olur”.

R.Əliyev bildirdi ki, telefonların nə qədər istifadə müddəti olduğunu ona verilən rəsmi zəmanətə əsasən müəyyənləşdirə bilərik: “Bir də telefonun rəsmi zəmanətinə baxmaq lazımdır. Əgər rəsmi zəmanət bir ildirsə, deməli, ömrü bir ildir, üç ildirsə, üç il. Avtomobil zavoddan çıxanda sonra 3-5 il istifadə tarixi müəyyənləşdirilir. Amma onu təmir edirlər, hissələri yenilənir və uzun müddət istifadəyə yararlı olur. Bildiyim qədəri ilə telefonlarda bu zaman kəsiyi 1-2 ildir. Ondan sonra artıq telefonda yenilənmə getməli, hissələrində əvəzlənmə olmalıdır. Məsələn, geyim alırsınız, onun ömrü standarta görə bir mövsümdür, ikinci mövsüm artıq rəngi qaça bilər. Təbii ki, belədə rəngi ilk mövsümdəki kimi olmayacaq. Eyni prinsipdir. Telefonların hamısının ömrü var. O müddətdən sonra da istifadə edə bilərsən, amma ilkin vaxtdakı kimi olmur. Geyimin rəngi qaçırsa, telefonda sürət zəifləyir”.

 

İnternetə çıxışı olmayan telefonlar niyə gec xarab olur?

Ekspert internetə çıxışı olmayan telefonların uzunömürlü olmasının səbəblərindən də danışdı: “Tutaq ki, hər hansı sayta daxil olursan, o məlumatlar telefonun keş yaddaşında qalır. İkinci dəfə həmin sayta daxil olanda görürsünüz ki, daha sürətli açılır. Keşdən həmin o məlumatlar açılır deyə, sayta daha tez daxil ola bilirsiniz. Ona görə, istifadə edildikcə telefonun keşi dolur. İnternetə çıxışı olmayan telefonlarda isə siz internetə girmədiyiniz üçün telefonun yaddaşı istifadə olunmur. Telefonun yaddaşı istifadə olunmadığı üçün həm enerjini yaxşı saxlayır, həm də telefonun yaddaşı yaxşı qalır. İnternetə çıxışı olmayan telefonların batareyasını bir dəfə doldurduqda bir həftə də işlətmək olar, amma digərlərini tez-tez doldurmağa məcbursan. Bu da telefonun sürətini aşağı salmış olur. İnterneti söndürüb iki gündən bir istifadə edirsənsə, bu, telefonun ömrünü bir az artırmış olur. İstismarla əlaqəlidir, nə qədər çox istifadə olunsa, o qədər tez xarab olur”.

 

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir